Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Şou Biznes / “Ermənilər onu qızının gözü qarşısında yandırıb öldürmüşdülər…”- Soyqırım şahidi

“Ermənilər onu qızının gözü qarşısında yandırıb öldürmüşdülər…”- Soyqırım şahidi

Bu Xocalı sakini rəhmətlik Milli Qəhrəman Əlif Hacıyevin vuruşaraq qəhrəmancasına şəhid olmasının da şahidi olub…
 “…Rəhmətlik Əlif Hacıyev, o vaxtkı icra nümayəndəsi, indiki deputatımız Elman Məmmədov da yanımızda idi. Rəhmətlik Əlif Camaatı çox qorudu.  O, özünü əsl qəhrəman kimi aparırdı. O tez-tez ermənilərə tərəf atəş açırdı ki, camaat Ağdama tərəf yoluna davam etsin… O, atəş açınca  xeyli adam çıxa bildi. Qəhrəman oğlumuz ikinci sandıqçanı avtomata qoşub atmaq istəyirdi ki, birdən yıxıldı…”
Bu, bir qərinə öncə bütün xalqımızın, müsəlman-türk dünyasının bağrında  sağalmaz yara açmış Xocalı qətliamının şahidlərindən birinin söylədiklərindəndir…
..Nəfəsi gedib-gəldikcə o günün dəhşətlərini unuda bilməyəcək… Onun üçün o qanlı faciə 25 ildir ki, davam edir… Çünki ilbəil o müdhiş gecənin həm psixoloji sarsıntılarını, həm də gerçək zərbələrini yaşamaqdadır… Həm öz canında, həm də doğmalarının… Dərd-bəladan siması sanki daşlaşıb, dərd heykəlinə dönüb. İlk baxışdan elə bilirsən ki, hər şeyi, bütün qada-balanı unudub, yalnız bu günü üçün yaşayır. Amma köhnə fotoşəkillər arasında oğlunun fotosunu görəndə qəhərdən özünü saxlaya bilmir. Bayıra çıxır, bir papiros yandırır. Bir neçə dəfə için-için hönkürür…
Son 20-30 ildə erməni faşizminin törətdiyi vəhşətləri yaşamış yüz minlərlə müsəlman, türk, azərbaycanlıdan biridir Vaqif… 1992-ci ilin şaxtalı-sazaqlı fevral günlərində Xocalıda başına gələnləri danışa-danışa bizi də 25 il öncənin şərin tüğyan etdiyi ab-havasına qaytarır…
 
“Çölə çıxdım ki, Xocalıya tanklardan, toplardan, “qradlar”dan atəş yağır…”
“Xocalıda könüllü özünümüdafiə taborunun üzvü idim. Silah çatışmadığından iki gündən bir postda dururduq. Fevralın 25-də axşam evə gəldim. Həmin gün istirahət vaxtım idi. Silahımı da təhvil vermişdim. Şam edib uzanmaq istəyirdim ki, gördüm, qaz kəsilib. Nədənsə, şübhələndim. Təxminən, saat 10-a 25 dəqiqə işləmişdi. Bir az uzandım. Heç yarım saat keçməmişdi ki, rəhmətlik həyat yoldaşım məni çağırdı ki, Vaqif, dur, atışma başlayıb. Dedim ki, onsuz da hər gecə atışma olur da, qoy bir az dincəlim, yuxusuzam. Dedi ki, yox, bu, həmişəki atışmadan deyil. Çölə çıxdım ki, Xocalını hər tərəfdən atırlar. Tanklardan, toplardan, “qrad”lardan və s. dayanmadan atəş yağır…
 “Qızım qışqırdı ki, ay ata, öldüm…”
Evi vuracaqlarını düşünüb yoldaşım, rəhmətlik 17 yaşlı oğlum Oqtay, 15 yaşlı qızım Sevinc və qonşunun qızı ilə birlikdə bir az aralıdakı torpaq qalağının arxasına sığındıq. Bu dəm raketlərdən biri toyuq-cücə hininə düşdü. Ətrafı toz-torpaq bürüdü.. Qəlpələrdən biri də qızımın başına dəymişdi.  “Ay ata, öldüm!”- qışqırdı. Dedim ki, möhkəm ol, qızım. Yaxşı ki, yarası yüngül idi. Tez sarıdıq. Bu vaxt Həsən adlı qonşumuz da gəldi. Bir yarım saata qədər orada dayandıq… Sonra gördük ki, artıq qəsəbədən çıxanlar var…
“Dəmir yolu körpüsünün yanında rus dilində danışıqlar eşitdim…”
Biz də Ağdamdan gələn dəmir yoluna tərəf getdik. Dəmir yolu körpüsündən aşağı enmək istəyirdik. Birdən yoldaşım dedi ki, deyəsən, yaxınlıqda rus əsgərləri var, getmə. Rəhmətliyin adı Məruzə idi. Mən də elə “Marusa” çağırırdım. Doğrudan da diqqətlə qulaq asıb rusca danışıqlar eşitdim. Ruslar bizi görəndə çağırdım ki, Marusa, gəl. Bəlkə də onlar elə bilib ki, yoldaşım rusdu, ona görə bizi güllələməyiblər. Nə isə, qayıdıb gəldik qəsəbənin ortasına. Qardaşımgilin evi bizdən aralıda idi. Onlar da qapını bağlayıb evdən çıxmışdılar. Məcbur olub Yaşar adlı bir sakinin evinin arxasında düzəldilmiş beton sığınacağa girdik. Bir neçə saat da orda gözlədik. Sonra gördük, buranı da çox vururlar. Çıxdıq… Gəldik Göyüş müəllimin qarajına. Bir dastə adam orda gizləndik…
“Kürəyimdə qonşunun 9 yaşlı qızını da aparırdım…”
 
Bu minvalla gecə saat 3-ə qalmış bir də baxdıq ki, artıq camaat kütləvi şəkildə Xocalıdan çıxır. Biz də Qarqar çayına tərəf çıxmağa məcbur olduq. Öz uşaqlarımdan əlavə, mən kürəyimdə qonşunun 9 yaşlı qızını da aparırdım. Yazığın anası mühasirədən qabaq ərzaq üçün Ağdama getmişdi. Yollar bağlanandan sonra da qayıda bilməmişdi. Atası da həmin gün posta gedəndə bizə tapşırmışdı. Çayı birtəhər keçdik, ayağımız tamam su oldu. Uzunboğaz çəkməmi də çıxardıb corabla getməli oldum. “Tut bağı” deyilən yerdə mənim Vaqif adlı tanışım olurdu. Gəldik ki, Vaqif yıxılıb arxası üstə, zorla nəfəs alır. Yoldaşı da bunu yelləyə-yelləyə ürək dərmanı soraqlayır. Heç kəsdə dərman tapılmadı… Vaqifgili elə ailəlikcə orda qoyub gəlməyə məcbur olduq. Onların sonrakı taleyindən məlumatım yoxdur.
“Meşəyə tərəf qalxanda rəhmətlik oğlumu itirdik, tapa bilmədik…”
 
Meşəyə tərəf üzüyuxarı qalxanda ermənilər bizi Əsgəran tərəfdən “BMP”dən atdılar. Geri qayıtmağa məcbur olduq. Rəhmətlik oğlum bizdən xeyli aşağı endiyindən onu itirdik, nə qədər axtardıq tapa bilmədik. Ermənilər eşitməsin deyə, ucadan çağırmaq imkanımız da yox idi. Məcburən yolumuza davam etdik…
“Rəhmətlik Əlif Hacıyev, indiki deputat Elman Məmmədov da yanımızda idi…”
Rəhmətlik Əlif Hacıyev, o vaxtkı icra nümayəndəsi, indiki deputatımız Elman Məmmədov da  yanımızda idi. Rəhmətlik Əlif camaatı çox qorudu. O, əsl qəhrəman idi. Lazım olan da ermənilərə tərəf atəş açırdı ki, adamlar yoluna davam edə bilsin. Meşəyə girəndə ermənilər bizi görə bilmirdilər deyə, bir az işimiz asanlaşdı. Amma səhərə yaxın artıq açıqlığa çıxanda ermənilər yenə bizi atmağa başladılar…
“ Sonradan şəhid olan  qardaşım Zahid Xudiyev qumbara ilə erməni “BTR”ini partlatmışdı”
Naxçıvanikdən Əsgərana gələn yola çatmışdıq ki, içində 4 erməni polisi olan bir sarı “UAZ” gəldi. Yanımızda 3-4 avtomatlı əsgər var idi. Onlar da arvad-uşağa görə maşına atəş açmadılar. Xoşbəxtlikdən ermənilər yanımızdan ötüb keçdilər. Ancaq həmin maşındakılar bir az irəli gedəndən sonra aşağıdan bir “BTR” çıxıb bizə tərəf aramsız atəş açmağa başladı. Rəhmətlik şəhid qardaşım Zahid Xudiyev bir neçə əsgərlə o vaxt bizdən bir az aralıda “BTR”ə yaxında imiş. Gizlicə “BTR”ə yaxınlaşıb əlindəki qumbaranı onun üzərinə atıb partladandan sonra ermənilər məcbur olub uzaqlaşmışdı…
“Əlif Hacıyevi vurulandan sonra kim necə gəldi-qaçmağa başladı…”
Xülasə, o yeri də keçəndən sonra irəlidə Əsgəran tərəfdən bəlkə də 40-50 nəfər erməni donuz fermasından bizi aramsız atəşə tutdu. Bir xəndəyə yığışmağa məcbur olduq. Başımızı qaldırmağa imkan yox idi. Mən silahsız idim. Rəhmətlik Əlif Hacıyev yanımda idi. Əlif bir az başqa səmtdən qaratikan kolunun arxasına sığınıb ermənilərə tərəf atmağa başladı ki, bəlkə başları qatışa, camaat çıxa bilə. O, atəş açınca xeyli adam çıxa bildi. Qəhrəman oğlumuz ikinci sandıqçanı avtomata qoşmaq istəyirdi ki, birdən yıxıldı. Camaata hay düşdü ki, Əlifi vurdular. Bundan sonra kim necə gəldi, qaçmağa başladı. Meyitlər qalaq-qalaq yığılmışdı…
“Yoldaşım qışqırdı ki, Vaqif, hara gedirsən, oğlumuz gəlib çıxmadı?!..”
Yoldaşım qışqırdı ki, Vaqif, hara gedirsən, oğlun gəlib çıxmadı?.. Dedim, yaxşı, siz gedin irəli, mən qalım, axtarım. Bu zaman Tacir adlı bir qohum gəldi ki, Vaqif, boş yerə gözləmə, bu qarışıqlıqda oğlunu tapa bilməyəcəksən, hamı qaçır. Tacirlə bir az irəli gedib, bir yabanı armud ağacının dibinə uzandıq ki, bəlkə güllələr bizi tutmaya…
“ Mühasirədən çıxmaq üçün 2 km-dək məsafəni süründük…”
Amma elə hər tərəfimizdən güllə vızıldayıb keçirdi. Bir təhər qabağa gedib şumluğa çıxdıq. Kotan əkən şırımlarla təxminən 2 km-dək məsafəni süründük. Yenə də hər an bizə kürəyimizdən, başımızdan güllə dəyə bilərdi. Allah saxlayanda saxlayır…
 
“Oğlumu Şellidə tapanda, elə bil, dünyanın mənə verdilər…”
Fevralın 26-da səhər saat 10 radələrində bir dikə çıxdıq. Ən çətin yer ora idi. Orada da ermənilər artdıqca, meyitlər bir-birinə qalanırdı. Xülasə, birtəhər gəlib çxdıq Ağdamın Şelli kəndinə. Bizim camaat ocaq çatıb ətrafına yığışmışdı. Gözlənilmədən oğlumu onların arasında görəndə, elə bil, dünyanı mənə verdilər…
 
“Şelli camaatından çox razı qaldıq…”
Şelli camaatındn çox razı qaldıq. Ayağım yalın olduğundan, tamam qabar olmuşdu. Bir kənd sakini məni evlərinə apardı. Ayağımı suya qoydular, corab, ayaqqabı verdilər. Geri qayıdanda gördüm ki, şükür Allaha, yoldaşımla qızım da, qonşunun qızı da gəlib çıxıblar…”.
Həmsöhbətimiz Xocalının müdafiəsində Əlif Hacıyevdən savayı rəhmətliklər Hikmət Nəzərli (müdafiə nazirinin mərhum müavini Baba Nəzərlinin oğlu), Aqil Quliyev kimi oğulların da çox igidliklər göstərdiklərinin şahidi olduğunu söyləyir.
“Xalam qızını gözümün önündə “BTR”-dən güllələdilər…”
Başlarına gələnləri danışdıqca qurtarmayan Xocalı qaçqını yenicə ailə qurmuş, xalası qızı Çiçəyin Əsgəran yaxınlığında ermənilər tərəfindən gözünün qabağında “BTR” gülləsi ilə vurulmasını da əzab içində xatırlayır: “Həmin xalam qızının Xocalıda ikən Etibar adlı həyat yoldaşını ermənilər bizim evin yaxınlığındakı dayanacaqda güllələmiş, sonra isə dikəldib dayanacağa söykəmişdilər ki, camaat vahiməyə düşsün…
“Qonşum Təvəkkülü qızının gözü qarşısında yandırıb öldürmüşdülər…”
 
Qəsəbədən çıxanda ermənilər qonşum Təvəkkülü qızı ilə birgə tumuşdular. Əsgəranda əl-ayağını dirəyə bağlayıb qızının gözü qarşısında üzərinə yavaş-yavaş benzin tökərək ayaqlarını qurşağadək tamam yandırmaqla amansız işgəncə altında öldürmüşdülər onu….
“Əsgəranlı Qaro adlı erməni çox qəddarlıq etmişdi…”
Ermənilərin ikiüzlüllüyünü, qəddarlığını hələ əmin-amanlıq vaxtlarından hiss edirdim. Əsgəranda Qaro adlı birini tanıyırdım. Soyadını unutmuşam. Yanğınsöndürmə idarəsində kapitan rütbəsində işləyirdi. Cavan vaxtı hərdən işlə əlaqədar Əsgərana yolum düşəndə bəzən hansısa idarənin qarşısında durub siqaret çəkirdim. Həmin Qaro ordan keçəndə gözlərimin içinə nifrətlə baxıb deyərdi ki, siqareti at, yanğın törədərsən. Xocalı faciəsi zamanı isə Qaro bizim qonşumuz Dürdanəni qardaşı ilə birlikdə girov götürüb yazıq qızın başına olmazın oyunlar açmışdı…”.
Vaqifin qardaşı Zahid Xudiyev Füzuli uğrunda döyüşlərdə şəhid olub…
1993-cü ilin payızında o vaxtkı prezident Heydər Əliyevin çağırışından sonra Vaqif qardaşı Zahidlə birgə könüllü olaraq cəbhəyə yollanır. Qardaşı Horadiz-Füzuli, özü isə Xocalı taboru tərkibində Ağdam istiqamətindəki döyüşlərdə fəal iştirak edir. Lakin Zahid Xudiyev 1994-cü ilin fevralında Füzulinin Şişqaya yüksəkliyi uğrundakı döyüşlərdə həlak olub. Hazırda Şəhidlər Xiyabanında uyuyur.
Dalbadal qardaşını, anasını, həyat yoldaşını və oğlunu itirdi…
Digər qardaşı Vahid Xudiyev də Bakıda uzun sürən xəstəlikdən sonra vəfat edir. Bundan sonra didərginliyin, işsizliyin acıları gəlir… Daha sonra Vaqif digər doğmalarını da bir-bir torpağa gömür. 2003-cü ildə anası, 2004-cü ildə isə həyat yoldaşı dünyasını dəyişir. 2005-ci ildə isə Vaqifin həyatında daha ağır faciə baş verir. Xocalıdan çıxarkən kəskin qorxu-həyəcan keçirdiyindən şəkər xəstəliyinə düçar olmuş yeganə oğlu Oqtay da dünyasını dəyişir…
 
Döyüşlərdə iştirak etsə də, Vaqifə nədənsə veteran adı verilməyib…
Xocalı köçkününün sözlərinə görə, illərlə müxtəlif idarələrin, o cümlədən Səhiyyə Nazirliyinin qapılarını döysə də, oğlunun müalicəsi üçün tutarlı kömək göstərən olmayıb. Döyüşlərdə iştirak etməsinə rəğmən Vaqifə müxtəlif bəhanələrlə veteran adı da verilməyib…
Bu gün II qrup əlil qızından savayı heç kəsi qalmayıb…
Bu gün Pirəkəşkül qəsəbəsində yaşayan II qrup əlil qızından savayı heç bir doğması qalmayıb Vaqifin… Özü isə Yasamalda Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1 saylı yataqxanasının darısqal bir otağına sığınıb. 2006-cı ildən bəri ailə qurduğu Xuraman xanımın qayğısı olmasa, torpaq həsrəti, vaxtsız itirdiyi doğmaların ağrısı ilə yaşamaq lap çətin olardı ona… Digər tərəfdən də maddi çətinliklər…
65 yaşlı  köçkün köhnə “Jiquli”sini Xocalıya sürmək ümidi ilə yaşayır…
65 yaşlı Xocalı köçkünü Vaqif Bəhlul oğlu Vəliyev bu gün köhnə bir “Jiquli”nin ümidinə qalıb… Amma bununla belə, qəlbində o maşını bir gün Ağdamdan Əsgərana, oradan da Xocalıya tərəf sürmək ümidi də sönməyib…
Sultan Laçın

Həmçinin oxuyun

Vüsalənin keçmiş əri üçüncü dəfə evlənir – FOTO

Tanınmış aparıcı Azər İsmayılov (Zahid) üçüncü dəfə ailə həyatı qurur. Azinforum.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, …

Bir cavab yazın