Cümə axşamı , May 9 2024
Ana səhifə / Sosial / Tikinti şirkəti sakinləri evlərindən çıxara bilərmi?- “Qiyməti sakin diqtə edir…”

Tikinti şirkəti sakinləri evlərindən çıxara bilərmi?- “Qiyməti sakin diqtə edir…”

Bakının Nəsimi rayonu ərazisində köhnə evlərin sökülməsi davam edir, fərdi evlər sökülərək yerində çoxmərtəbəli binalar inşa olunur.

Bu dəfə söhbət İlqar İsmayılov küçəsindəki birmərtəbəli və ikimərtəbəli fərdi evlərdən gedir. 

Belə ki, sakinlərə söküləcək evləri müqabilində hər kvadratmetrinə 1500 manat kompensasiya təklif olunub. Tikinti işini aparacaq şirkət rəsmiləri sakinlərə kirayə ev tapmaq üçün 10 gün vaxt veriblər. Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara kirayə pulu veriləcək. Həmin ərazidə yaşayış binasını özəl tikinti şirkəti həyata keçirəcək. Qeyd edək ki, paytaxtda yaşayış evlərinin sökülüb, həmin ərazidə yeni binanın tikilməsi adi bir hala çevrilib. Nəsimi rayonu ərazisində baş verən son hadisə demək olar ki, bütün söküntülər zamanı tətbiq edilir. Ev sahiblərinə müəyyən məbləğ, ya da onun yerində tikiləcək evdən mənzil təklif edilir. 

Adətən ev sahibləri ödənəcək məbləğin onları qane etmədiyindən bu qərarla razılaşmırlar. Maraqlıdır, hər hansı bir ərazidəki evlər dövlət ehtiyatları üçün sökülmədikdə, hansısa bir şirkət tərəfindən yeni bina tikiləcəyi halda ev sahibi təkliflərlə razılaşmadıqda ona qarşı hansısa tədbir görülə bilərmi? 

Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya bildirdi ki, evlərin sökülməsi zamanı iki variant mövcuddur:

“Birincisi, dövlət ehtiyatları üçün torpaq sahələrinin və onun üzərində olan əmlakın alınmasıdır ki, bu, qanunda nəzərdə tutulub. Orada dövlət ehtiyatlarının nə olduğu göstərilir. Məsələn, hərbi məqsədlər üçün hər hansı obyektin tikilməsi, yaxud dövlət əhəmiyyətli kommunikasiya-yol, qaz, kanalizasiya xətlərinin çəkilməsidir. Əslində cəmi 3-4 məqam var ki, dövlət əhəmiyyətlidir. Bununla bağlı da Nazirlər Kabineti qərar qəbul edir ki, məsələn, “Sovetski”də olan torpaq sahəsi dövlət ehtiyatları üçün alınsın. Orada isə qiymətlər hamı üçün eyni olur. 

Bu halda əgər həmin qiymətlərlə mülkiyyətçi razı olmursa, o zaman Nazirlər Kabinetinin nümayəndəsi, yaxud icra hakimiyyətindən kimi təyin edilirsə, onlar məhkəməyə verib, məcburi qaydada sakinin oradan çıxarılması haqqında qərar verdirə bilər. Digər hallarda, məsələn, parkın salınması, yeni binaların tikilməsi dövlət ehtiyatları sayılmır. Bu halda həmin layihəni həyata keçirən orqanın kimliyindən asılı olmayaraq qanun tələb edir ki, mülkiyyətçi ilə razılığa gəlinməlidir. Əgər mülkiyyətçi razı deyilsə, hətta məhkəmə qaydasında onun hüquqları məhdudlaşdırıla,  evi sökülə, torpağı əlindən alına bilməz. Bu, ancaq mülkiyyətçinin razılığı ilə mümkündür. Çox təəssüf ki, bizdə bəzi məqamlar olur. Məsələn, “Sovetski”, “Qış parkı”ilə bağlı layihələrin heç biri dövlət ehtiyatları üçün deyildi, sadəcə layihə idi. Çox təəssüf ki, bu halda məhkəmələr mülkiyyətçilərin tərəfində olmadı. Buna görə də çoxsaylı şikayətlər Avropa Məhkəməsinə getdi. Avropa Məhkəməsi də qərar qəbul etdi ki, hökumət  özü qəbul etdiyi qanunu pozub. İndi də bir sıra layihələr, məsələn, “Ağ şəhər”və digər layihələr var. İnsanların qarşısında “kvadratına 1500 manat verirəm, yaxud tikdiyim binadan mənzil verirəm” kimi tələblər qoymaq qanunda nəzərdə tutulmayıb, qanun pozuntusudur”.

Hüquqşünas deyir ki, mütləq mülkiyyətçi ilə razılıq olmalıdır: “Hətta belə bir fakt da var ki, Bakının rayonlarının birində hündürmərtəbəli bina tikiblər, yanında isə həyət evi var. Ev sahibi razılaşmadı, şirkət də onu sökdürə bilmədi. Ona görə də hüquqi şəxslər bilməlidir ki, mülkiyyətçiyə qarşı basqılar qanunsuzdur, sabah buna görə cavab verməli olar. Qanun göstərir ki, əgər dövlət ehtiyatları üçün deyilsə, o zaman qiyməti evin sahibi diqtə edir. Əgər dövlət ehtiyatları üçündürsə, qarşılıqlı razılaşma ilə olur, razılaşma olmadıqda isə hökumət məhkəməyə müraciət edir. Hazırda da kimlərə  10 gün ərzində köçməsi diqtə edilirsə, məsləhət görərdim ki, təcili məhkəməyə həm ərizə, həm də iddia ərizəsi ilə müraciət etsinlər , onların iddia ərizəsi baxılıb qurtarmamış, hər hansı bir söküntü, tikinti işlərinin aparılması o şirkətə qadağan olunsun. Məhkəmə qərar çıxarır ki, bu işə baxılmayana, qərar qəbul edilməyənə qədər orada heç bir iş görülmür. Vətəndaşlar təcili bu hüquqlarından istifadə etməlidirlər”.

Həmçinin oxuyun

Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı (VİDEO)

“Dönərxanalarla bağlı agentlikdə daha genişmiqyaslı tədbirlər həyata keçirilir”. Bunu Baku TV-yə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi …