Bazar ertəsi , May 20 2024
Ana səhifə / Sosial / Rəflər dolu, zənbil boş: Əhalinin alıcılıq qabiliyyəti azalıb

Rəflər dolu, zənbil boş: Əhalinin alıcılıq qabiliyyəti azalıb

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 890 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub. 

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 44,5 % və ya 714 milyon ABŞ dolları azdır. Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana 1 milyard 604 milyon ABŞ dollar məbləğində pul baratları daxil olub.

Qeyd edək ki, əsasən Rusiya, Türkiyə və digər ölkələrdə çalışan azərbaycanlılar öz ailələrinə vəsait göndərirlər. Bu gün isə həmin ölkələrdə həm rubl, həm də lirənin dəyərdən düşməsi müşahidə edilir. Bu isə nəticədə Azərbaycana göndərilən vəsaitin məbləğinə öz təsirini göstərir. 

Ölkəmizddə də 2023-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 437,9 manat pul xərcləyib. Bu göstərici 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 58,1 manat və ya 15,3 faiz çoxdur. Azərbaycanda qiymət artımı o qədər sürətlə gedir ki, keçən illə müqayisədə istehlak etdiyimiz məhsullar həcm olaraq artmayıb, amma qiymət olaraq rəsmi statistikaya əsasən 15,3% yüksəlib.

Yəni eyni ərzaq zənbilinə keçən ilin eyni dövrünə görə 15,3% daha çox pul xərcləyirik. İnkişaf etmiş ölkələrdə əgər insan qazancının 15-20%-dən çoxunu ərzağa xərcləyirsə, o, kasıb sayılır. 

Bu gün ölkədə alıcılıq qabiliyyətinin azaldan əsas faktorlardan biri də ölkəyə göndərilən vəsaitlərin azalmasıdır? 

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, ölkəyə daxil olan valyutanın həcminin azalmasının əsas səbəbi Rusiya ilə bağlıdır: 

“Yəni Rusiadakı vəziyyət, rublın dəyərdən düşməsi, son iki aydır rublının getdikcə daha da ucuzlaşması orada yaşayan azərbacanlıların gəlirlərini dollar ifadəsində azaldıb. Rublla pul qazanırlar, rubl uzuclaşdıqca öz ailələrinə daha az dollar göndərmək imkanları olur. Əsas azalmanın səbəbi budur. Ölkənin daxilində alıcılıq qabiliyyətinə, ticarət dövriyyəsinə təsirinə gəldikdə düşünmürəm ki, böyük həcmdə təsir göstərir.

Ancaq müəyyən təsirləri var. Əsasən də Rusiyadan daha çox vəsait daxil olan regionların ticarət dövriyyəsinə müəyyən təsirləri ola bilər. Ancaq Azərbaycanda pərakəndə ticarətin həcmini nəzərə alsaq, vəsaitlərin azalması o qədər də ciddi təsir göstərməməlidir. Ümumilikdə Azərbaycanda inflyasiyanın, qiymət artımının özü alıcılıq qabiliyyətinin azalmasına təsir göstərir. Çünki inflyasiya insanların real gəlirlərin azalmasına səbəb olur”. 

Həmçinin oxuyun

Rusiyadan 50 qəpiyə alınan buğda unu marketlərdə 1 manat 71 qəpiyə satılır – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar …