Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Sosial / Prezident İlham Əliyev Brüsseldə mühüm görüşlər keçirdi

Prezident İlham Əliyev Brüsseldə mühüm görüşlər keçirdi

Dövlət başçısı: “Şadam ki, fevralın 7-də biz Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlara başlayırıq”

 
Azərbaycan prezidenti İlham Əliyevin Belçikaya səfəri davam edir. Rəsmi məlumata görə, prezident Brüsseldə bir çox mühüm görüşlər keçirib. O, öncə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə bir araya gəlib.
M.Şevçoviç qeyd edib ki, prezidentin bu səfəri və Avropa İttifaqı ilə əlaqələr, Azərbaycanla qurum arasında yeni sazişin hazırlanması, imzalanması və həyata keçirilməsi işində böyük əhəmiyyət daşıyacaq. 
Daha sonra Azərbaycan prezidenti ilə Belçika kralı Filipin təkbətək görüşü olub. Görüşdə Azərbaycanla Belçika Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Prezident  Belçika şirkətlərini Azərbaycan iqtisadiyyatının inkişafında iştiraka dəvət edib. Söhbət zamanı ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu vurğulanıb, regional, iqtisadi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, prezident İ.Əliyev Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini ilə işçi yeməyi yeyib. (APA) F. Mogerini əməkdaşlığımızın daha da möhkəmləndirilməsi, əlaqələrimizin bundan sonra da genişləndirilməsi baxımından Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfərinin əhəmiyyətini qeyd edib, Avropa İttifaqında Azərbaycan prezidentinin keçirdiyi görüşlərin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmli olduğunu bildirib. F. Mogerini “Cənub Qaz Dəhlizi” layihəsinin qurum üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Qeyd olunub ki, Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı etimad yüksək səviyyədədir.
Söhbət zamanı Azərbaycan-Aİ əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, Azərbaycan-Aİ əməkdaşlığının perspektivləri, energetika, nəqliyyat, təhlükəsizlik, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə də görüşü olub.
“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”.
APA-nın məlumatına görə, bu sözləri Donald Tusk prezident İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Image result for Tusk və İlham Əliyev
D.Tusk bildirib ki, Brüsseldə Azərbaycan prezidenti ilə məhsuldar görüş olub: “Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və tədarükün diversifikasiyasında vacib ölkədir. Biz “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatdırılması ilə bağlı eyni maraqları bölüşürük. Bu, hər iki tərəf üçün əsas prioritetdir. Avropa İttifaqı hələ də Azərbaycanın əsas ticarət tərəfdaşı və aparıcı investorlarından biridir. Biz kommersiya əlaqələrini inkişaf etdirmək niyyətindəyik”.
 
“Mən çox şadam ki, sabah (fevralın 7-də) biz Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlara başlayırıq”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Tuskla görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Aİ-Azərbaycan əlaqələri çox məhsuldar və yüksək səviyyədədir: “Tərəflər arasında əməkdaşlığı artırmaq üçün böyük potensial var. Bizim aramızda çox aktiv siyasi dialoq mövcuddur. Biz mütəmadi görüşlər keçirmişik. Ökəmizdə siyasi məsələlərlə və siyasi islahatlarla bağlı müzakirələr aparırıq. Azərbaycanda demokratik islahatların inkişafına sadiqik. Aİ ilə birlikdə “Cənub Qaz Dəhlizi” layihəsində aktiv iştirak edirik. Bu, ən böyük enerji layihələrindən biridir, dəyəri 40 milyard dollardır. Bu, enerji təhlükəsizliyi və enerji diversifikasiyası layihəsidir. Bu, nəinki dəhlizlərin, həm mənbələrin diversifikasiyası deməkdir. “Cənub Qaz Dəhlizi” layihəsinin icrası müvəffəqiyyətlə gedir. Avropa bizim əsas investorumuzdur və əsas ticarət tərəfdaşımızdır. Biz Avropada bəzi ölkələri neftlə təmin edirik. Ümid edirik ki, tezliklə qazla da təmin edəcəyik”.
“Uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır”, – deyə prezident bildirib: “Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, beynəlxalq hüququ kobud şəkildə pozub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri hələ də yerinə yetirmir. Bu qətnamələr Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, işğal 25 ildən çoxdur davam edir. Mən Avropa İttifaqına Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edirəm”.
“Azərbaycan regionda yeni dəmir yolu xəttinin istifadəsi üçün böyük investisiya yatırıb” deyən dövlət başçısı bildirib ki, Asiya ilə Avropanı birləşdirən xəttin bu il istifadəyə verilməsi gözlənilir: “Bu dəmir yolu xətti ”Şərq tərəfdaşlığı” və Avropa ölkələri üçün cəlbedici ola bilər.  Bu xəttin istifadəsi yüklərin daşınması baxımından zamanın qısalmasına səbəb olacaq”.
Prezident qeyd edib ki, tərəflər arasında mədəniyyətlərarası dialoq əməkdaşlığın vacib istiqamətlərindən biridir: “Azərbaycan Avropa Şurası və eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Biz coğrafi olaraq sivilizasiyalar arasında körpü rolunu oynayırıq. Bizim insan kapitalına və mədəniyyətlərarası dialoqa qoyduğumuz səylər öz nəticəsini verir”.
İlham Əliyev deyib ki, Azərbaycan Aİ-yə üzv 9 ölkə ilə artıq strateji tərəfdaşdır: “Bu, gələcək razılaşma üçün vacib bazadır. Bu gün əhəmiyyətli gündür. Biz əməkdaşlıqda yeni səhifə açırıq. Mən yeni saziş üzrə danışıqları aparanlara uğur arzulayıram. Ümid edirəm ki, onlar vaxt itirməyəcəklər, dərhal sabah işə başlayacaqlar və bizə tezliklə iki tərəf arasında strateji tərəfdaşlıq haqqında sənəd təqdim edəcəklər”.
D.Tusk isə əməkdaşlığımızı yeniləmək və yeni ikitərəfli razılaşma ilə dərinləşdirmək istədiklərini söyləyib: “Mən məmnunluqla bildirmək istəyirəm ki, tərəflər arasında yeni saziş üzrə danışıqlar sabah başlayır. Mən danışıqları aparanlara uğurlar arzu edirəm. Yeni razılaşma bölüşdüyümüz yeni qlobal iqtisadi və siyasi maraqların fonunda əməkdaşlığımızın əhatə dairəsini genişləndirəcək”
Prezidenti İlham Əliyev daha sonra Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerlə görüşüb.
 
Image result for Jan Klod Yunker və İlham Əliyev
“Turan” agentliyi səfərlə bağlı maraqlı xəbər yayıb. Bildirilir ki, Avropa Parlamentinin sədri Antonio Tayaninin prezident İlham Əliyevlə fevralın 6-da Bakı vaxtilə saat 14-ə planlaşdırılmış görüşü Azərbaycan tərəfin təşəbbüsü ilə ləğv olunub. Avropa İttifaqının saytında yer alan məlumata görə, İ.Əliyev fevralın 6-da Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının pozulması haqqında debatlar keçiriləcəyinə görə Tayani ilə görüşdən imtina edib. Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamenti  rəhbərinin kommunikasiya şöbəsi bildirib. Avropa Parlamentinin prezidentinin kommunikasiya şöbəsinin rəhbəri xanım Delia Vlase BBC Azərbaycancaya görüşün nə səbəbdən ləğv edildiyini bilmədiyini deyib. Lakin o əlavə edib ki, bu cür hadisələr “qeyri-adi” deyil.
Image result for Hikmət Hacızadə
Commonspace.eu xəbər saytı adları çəkilməyən mənbələrə istinadən görüşün ləğv edilməsinə səbəbin Avropa Parlamentində Azərbaycan prezidenti ilə Antonio Tajani ilə görüşlə eyni vaxtda “Meydan TV”nin rəhbəri Emin Millinin iştirakı ilə nəzərdə tutulan tədbirin planlaşdırılması olduğunu bildirir. 
Sayt yazır ki, bu tədbirə Bakıdan AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl da görüntülü danışıqla qoşulub.
Nəzərə çatdıraq ki, “İnsan haqları” ilə bağlı bu dinləməni  Avropa Parlamentinin ermənipərəst deputatları təşkil edib və onlar da həmin toplantıda iştirakçı olublar.
Azərbaycan hökuməti dəfələrlə Avropa Parlamentini anti-Azərbaycan mövqeyində və Azərbaycanın düşmənləri ilə əməkdaşlıqda ittiham edib.
***
Politoloq Hikmət Hacızadə güman edir ki, Brüsseldə Azərbaycan və Avropa təşkilatı arasında bir sıra problemlər müzakirə edilir: “İlk növbədə qazımızın Avropaya çatdırılması, daha sonra Avropadan maliyyə yardımının alınması məsələləri müzakirə predmeti olur. Bununla əlaqədar Avropadan ölkəmizlə bağlı insan haqları,  demokratik islahatlar tələbləri də səslənə bilər. Əlbəttə ki, viza probleminin də müzakirə edilməsi mümkündür. Bunun həlli üçün ölkəmiz müəyyən hüquqi və praktiki addımlar atmalıdır. Fəqət hökumətimiz bunları etmək istəmir və ya ləngidir. Ümumən açıqlıq, şəffaflıq və dünya ilə əsl mənada əməkdaşlıq hökumətimizi narahat edir”.
“Avropa Parlamenti dəfələrlə Azərbaycana qarşı ədalətsiz mövqedən çıxış edib. Erməni lobbisinin təhriki ilə müxtəlif vaxtlarda Azərbaycan haqqında qərarlar qəbul edib. Baxmayaraq ki, Avropa İttifaqına inteqrasiya ilə bağlı ”Avronest”i yaratmışdıq, amma müxtəlif vaxtlarda Azərbaycana qarşı kampaniyalar aparıldı”.
Image result for Siyavuş Novruzov
Bunu isə “Yeni Müsavat”a YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov dedi. Bildirdi ki, hətta BMT qətnaməsinə zidd olaraq idmanı siyasətə qatdılar, Avropa Oyunları zamanı çağırışlar etdilər: “Son nəticədə biz ”Avronest”dən çıxmaqla bağlı qərar qəbul etdik. Qərar qəbul olunduqdan sonra Avropa İttifaqı yenidən başladı ki, “səhvlər olub” və s. Bilirsiniz ki, Cənubi Qafqazda və postsovet məkanında Avropa İttifaqı ilə ən böyük layihələri həyata keçirən Azərbaycandır. 20 milyardlıq layihə həyata keçirilir. O baxımdan, artıq Avropa başa düşür ki, həm alternativ enerji təminatı, həm Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələləri Azərbaycandan yan keçə bilməz. Bu baxımdan, görüşlərin böyük əksəriyyətində də cənab prezidentlə təmasa, müəyyən məsələlərlə bağlı fikir mübadiləsi aparmağa cəhd göstərirlər”. S.Novruzov qeyd etdi ki, əsas addımlar Avropa tərəfindən atılır: “Biz kifayət qədər addım atdıq, lakin bunun qarşılığında o tərəfdən adekvat reaksiya görmədik. İndi yeni situasiya yaranıb, baxaq, görək ardı necə olur”.
Qeyd edək ki, Azərbaycan 2017-ci ildən başlayaraq Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələnin başlanacağını vəd etmişdi. Brüsseldə də Bakı ilə Aİ arasında strateji tərəfdaşlıq haqqında saziş layihəsi ilə bağlı yüksək səviyyədə danışıqların keçiriləcəyi bildirilir. Məlumata görə, saziş energetika, iqtisadiyyat, nəqliyyat, ticarət, siyasət, insan hüquqları və s. sahələri əhatə edir. “Turan” agentliyinin məlumatına görə, Aİ ilə yeni saziş 1996-cı ildəki tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəzləyəcək. 
 

Həmçinin oxuyun

Bu il Azərbaycanda nə qədər körpə doğulub? – RƏSMİ

2019-cu ilin doqquz ayı ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104 min …

Bir cavab yazın