Şənbə , May 11 2024
Ana səhifə / Sosial / Kür çayının quruması Azərbaycan üçün pandemiyadan da ağır olacaq – Xəbərdarlıq

Kür çayının quruması Azərbaycan üçün pandemiyadan da ağır olacaq – Xəbərdarlıq

Kür çayının hazırki durumunun qarşısını alınmazsa, onun nəticələri bizim üçün kovid pandemiyasından da ağır və faciəvi olacaq.

Bu sözləri alim, professor Musa Qəniyev bildirib.
O, təcili olaraq dövlət başçısına müraciət edilməsinin vacibliyini vurğulayıb.
“Kür çayının bu gün gördüyüm real vəziyyətinə yalnız bir ad vermək olar, faciə- fəlakət. Bu hal, müdaxilə olunmazsa, təkcə su təminatı və təchizatı ilə bağlı deyil, həm də qiqiyenik qaydalara əməl edilməsinin mümkünsüzlüyü səbəbindən, ölkəmizin lokal bölmələrində dizenteriya, qarın yatalağı, diareya, polimiolit, hətta xolera kimi kökü kəsilmiş infeksiyaların idarə olunmaz epidemiyasının baş verməsinin ehtimalı yox, həqiqət olacağına şübhə belə doğurmamalıdır. Bunu söyləmək böyük məsuliyyət tələb etsə də, bu real həqiqətdir.

Kürün qurumasının əsil səbəbləri hələ ki, qaranlıq olaraq qalır.
Düzdür, bu haqda 2 il əvvəl- 16.06.2020-ci ildə Coğrafiya institutu əməkdaşları açıqlama verib, lakin bu açıqlama əsaslandırılmış elmi-tədqiqatlara istinad etmir. Çünki, Kürdə suyun səviyyəsinin katastrofik dərəcədə aşağı düşməsi və çayın aşağı axında suyunun şorlaşmasına (əks axın) səbəb kimi göstərilən aşağıdakı səbəblər, mütləq əsas kimi qəbul oluna bilməz:

a) aşağı axında çayın dib səthinin eroziyaya uğraması,
b) Xəzər dənizinin suyunun zaman-zaman artıb-azalması,
c) balıq yetişdirmək üçün sünü göllərin yaradılması və ya digər- ictimaiyyət və təbiətə bağlı səbəblər…

Çünki, Kürə Araz, Paravani, Böyük Liaxvi, Ksani və Arakvi kimi iri axınlar qoşulsa da, onun əsas quda mənbəyi öz başlanğıcını götürdüyü Türkiyənin şimalında olan dağların buzlaqlarıdır. Son bir neçə ildə əsaslı iqlim dəyişikliyi olmadığına görə, Kürün səviyyəsi bu şəkildə azala bilməz. Hətta nisbi istiləşməyə istinad edilsə belə, bu halda buzlaqların əriməsinə görə, Kürün səviyyəsi hətta artmalıdır.

Digər tərəfdən, Kürün səviyyəsinin bəzilərinin “fəlakət göstəricisi” adlandırdığı dərəcəyə qədər qalxaraq, ölkəmizin Aran zonasını əhatə edən geniş miqyaslı daşqını da uza1 yox, yaxın keçmişdə- 2010-cı ildə baş vermişdir. Deməli, hazırkı durumun təbiət dəyişikliyilə birbaşa bağlılığı ola bilməz.
Böyük ehtimalla bunun arxasında xalqımıza qarşı məkirli məqsədlər güdən insan faktoru durur. Çünki Kürün quruması qardaş Türkiyənin bir (Ardaxan), Gürcüstanın 8, Azərbaycanın isə, qərb və cənubi-şərq zonasında düz 20 bölgə (rayon) əhalisi üçün ölümə bərabər faciədir.
Bu faciədən qurtuluşun yeganə yolu, Ölkə başçısına müraciətdir. Yalnız Prezidentimizin qətiyyəti, hər 3 ölkə səviyyəsində bu bəlanın araşdırılması və aradan qaldırılması üçün birgə (Türkiyə, Gürcüstan və Azərbaycan) Dövlət komissiyasının yaradılmasına təminat verə və xalqımızı bu bəladan qurtara bilər”.

https://www.youtube.com/embed/84LwgqDWzFI

BakuPost

Həmçinin oxuyun

70 min sakini olan qəsəbədə səki yox imiş: Bələdiyyə sədri

Abşeron rayonu Saray qəsəbəsində yol kənarında piyadalar üçün səkilər çox azdır. Belə ki, qəsəbənin əsas …