Ana səhifə / Sosial / Kasıbların hesabına varlanan şəbəkə: İmkansız əhalinin mənzil əlçatanlığı necə təmin oluna bilər?

Kasıbların hesabına varlanan şəbəkə: İmkansız əhalinin mənzil əlçatanlığı necə təmin oluna bilər?

“Əhalinin hər 10 000 nəfərinə düşən mənzillərin sayı MDB ölkələri üzrə xeyli fərqlənir. Ən yüksək göstərici Belarus (49) və Qazaxıstanda (62) olduğu halda Azərbaycanda bu göstərici 2018-ci ildə 16,6 mənzil təşkil edib”.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.

Onun sözlərinə görə, rəqəmlər arasında kəskin fərqin olmasının səbəblərindən biri də mənzil və yaşayış fondlarının qeydiyyatının başa çatmamasıdır:

“Daşınmaz əmlakın qetdiyyatı problemi Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub. 2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirə və daha sonra qəbul edilən sərəncamlar deyilənlərə sübutdur. Nəticədə daşınmaz əmlakın dövlət reyestri barədə yeni qanun qəbul olundu və qeydiyyat sahəsində vəziyyət xeyli dəyişdi.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, həmin qərarlardan sonra 100 minə qədər ev və mənzil hüquqi aktla təmin olunub. 2022-ci ildə Azərbaycan ərazisində 49 min evin, 94 min mənzilin mülkiyyət hüququ təsdiqlənib”. 

Qeyd edək ki, son illər paytaxtda çox sayda yeni binalar inşa olunub ki, onların bir çoxu hündürmərtəbəli binalardır. Bununla yanaşı ətraf ərazilərdə də fərdi həyət evləri tikilib. Ancaq bu gün mövcud vəziyyətə baxsaq, evsiz insanların sayı heç də az deyil.

Maraq doğuran isə odur ki, “tikinti bumu” yaşanan, tədricən “göydələnlər şəhəri”nə çevrilən Bakıda insanların bir çoxu hələ də kirayə evlərdə yaşayır. Bu isə onu göstərir ki, yeni tikilən binalarda ev alanlar elə yalnız evi olanlardır. 

İmkanlı şəxslər artıq istədiyi qədər ev ala bilir, imkansız, cüzi maaşın ümidinə yaşayanlar isə yenə də kirayələrdə yaşamalı olurlar. Son illər ölkədə bu istiqamətdə bir neçə sosial layihələr həyata keçirilsə də, bu da mövcud problemi həll edə bilmir.

Çünki həmin layihələrdən yararlanmaq heç də “asan” başa gəlmir. Qeyd edək ki, bu gün bir sıra ölkələrdə əhalinin mənzil əldə etməsi üçün daha əlçatan layihələr həyata keçirilir.

Məsələn, qonşu Türkiyədə reallaşan TOKİ layihəsi imkansız ailələrin mənzillə təminatında mühüm rol oynayır. TOKİ (Kütləvi Mənzil İdarəsi) Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinə tabe olan, xüsusilə sosial evlərin istehsalı üçün yaradılmış dövlət qurumudur.

Qurumun məqsədi aşağı və orta gəlirli vətəndaşların keyfiyyətli mənzil ehtiyaclarını ödəməkdir. Artıq bir çox insanın yararlandığı bu layihədə hədəfi Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü olan 2023-cü ildə 1 milyon 200 min mənzilə çatdırmaqdır. Ötən dövrdə bir çox vətəndaş TOKİ Sosial Mənzil Layihəsi ilə bağlı mənzil sahibi olub.

Bu gün ölkəmizdə isə maddi imkanının olmamasından vətəndaşların kirayələrdə yaşaması yeni binaları tikən şirkətlərin isə marağında deyil. Çünki onlar daha baha satmaqla gəlir əldə etməyə çalışırlar. Nəticədə vətəndaşın nə baha evləri alacaq pulu var, nə də mövcud maaşı sadəcə adı “sosial” olan layihələrdən yararlanmağa imkan vermir. 

Mövcud problemin həlli əməkhaqqının artırılması, yoxsa TOKİ kimi sosial layihələrdən keçir?    

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, statistik rəqəmlər yalnız rəsmi rəqəmlərə istinadən verilir:

“Təkcə Bakıda 500 mindən çox həyət evinin çıxarışı olmadığına görə statistikaya daxil olmur.  Yeni tikili binalarda çıxarış almayan mənzillər, yaxud bölgələrdə də kifayət qədər çıxarışı olmayan həyət evləri var ki, statistikada göstərilə bilmir. 

Təkcə paytaxt Bakıda ev tikmək üçün yer yoxdur və hər tərəf tikilib, mənzillərlə, binalarla örtülüb. Ancaq digər tərəfdən, ölkə yalnız Bakıdan ibarət deyil, ümumən götürsək, evlərin qiyməti əhalinin gəliri ilə üst-üstə düşmür. Evlərin qiyməti çox bahadır. Hamını yüksək əməkhaqqı alan insanlar sırasına qatmaq olmaz. İşsizlər, minimum əməkhaqqı insanlar var. 

Eləcə də orta əməkhaqqı alan bir ailə başçısının maaşı ancaq ailəsinin dolanışı, ən yaxşı halda kirayəsinin ödənişinə çatır. Onun yenidən pul toplayıb ev alması bugünkü əmlak qiymətləri ilə çətin məsələdir. Bundan başqa Bakıda minlərlə mənzillər var ki, onlar elə azərbaycanlılara məxsusdur, ancaq  vətəndaş olaraq əsasən Rusiya və digər ölkələrin vətəndaşlarıdır. 

Əgər sənədsiz evlərə sənəd verilsəydi tam dəqiq statistika ortaya çıxardı. Azərbaycanda mənzillərin sayı təqribən 2 milyon 600 mindən çoxdur ki, bunlar çıxarışı olan mənzillərdir. Təxminən 500-600 mindən çox isə çıxarışsız olanlardır. Bu da ümumi mənzil fondunun 20 faizi deməkdir. Bu təkcə Bakı şəhərinə aiddir ki, bölgələri də nəzərə alsaq daha böyük rəqəm təşkil edir. 

Ümumiyyətlə, problem mənzillərin qiymətinin əlçatan olmamasıdır. Ölkədə bu istiqamətdə müəyyən sosial layihələr var. Bu kimin layihələr çox və əlçatan olarsa, bu problemlər aradan qalxar. Həm də nəzərə almalıyıq ki, Azərbaycan ərazilərinin bir qismi uzun illər işağl altında qaldı. Məcburi köçkünlər uzun illər yataqxanalara və digər yerlərə sığındılar. Artıq Qarabağda tikinti işləri gedir və həyat bərpa olunandan sonra məcburi köçkün düşmüş vətəndaşlar ev problemi həll olunarsa, o zaman statistik rəqəmlər öz yerini alacaq”.

Həmçinin oxuyun

Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlanıb – SİYAHI

2023-cü ildə 91 Azərbaycan vətəndaşı sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilib. Bu, İnsan alverinə …