Sosial şəbəkədə biz:

“Bakıda tıxac problemi kosmetik tədbirlərlə həll olunmayacaq”

“Bakıda tıxac problemi kosmetik tədbirlərlə həll olunmayacaq”
Xəbər Şəkli
14 September 2026, 16:03
Sosial

Bakıda taxac probleminin fundamental həll edilməsi lazımdır, kosmetik tədbirlər heç nəyi dəyişməyəcək – ictimai nəqliyyat əlçatan olmalıdır, tez və konfortlu xidmət göstərməlidir, Bakının yükü azaldılmalıdır, yol infrastruktutu yaxşılaşdırılmalıdır, ümumiyyətlə, seçkili Bakı Böyük Şəhər Bələdiyyəsi və şəhər hökuməti formalaşdırılmalıdır ki, səlahiyyət və məsuliyyətin eyni ünvanı olsun. Bu gün Bakı pərakəndə idarə edilir, hamının səlahiyyəti var – amma, heç kim məsuliyyət daşımaq istəmir. 

İndi də təklif edilir ki, Bakıda çevik iş saatları tədbiq edilsin – ilk baxışdan məntiqli görünsə də, işlək olması çətindir. Əvvəla, bunu ancaq dövlət-büdcə təşkilatlarında etmək olar – özəl sektora bunu əmr etmək mümkün və doğru deyil, hə, iri özəl banklarda, holdinqlərdə mümkün ola bilər, amma, siz kiçik dükan, kafe, restoranlarda əmrlə bunu edə bilməzsiniz. 

Gələk indi məsələnin doğura biləcəyi problemlərə, işləyən valideynlər məktəblər saat 8 də başladığı üçün uşaqlarını məktəbə qoyub, sonra işə gedirlər. Yaxşı, məsələn, valideynə dedilər ki, iş saat 07:00-də başlayacaq, ya da, 10:00-da o zaman o nə etsin? Ölkədə “SchoolBus” sistemi yoxdur ki, uşaqlar məktəbə gedib-gələ bilsinlər, və ya, heç də həmişə evə yaxın yerdə məktəblərdə yer tapmaq olmur. O zaman valideyn nə etsin?! 

Yəni, iş qrafiki məsələsini həssas və nöqtəli təyin etmək lazım gələcək və bu da tıxac və ictimai nəqliyyatdakı sıxlıq problemini aradan qaldıran amil olmayacaq. Xülasə, bizdə “məktəbbas” (avtobus) yoxdur, amma, “basabas” həmişə var, hətta, bir çox səlahiyyəti olan qurumlarda problemləri həll etmək əvəzinə, “əşşşşi bas getsin, düzələr”, prinsipi də geniş yayılıb... 

Natiq Cəfərli