Qərb ölkələri Ukraynanın paytaxtı Kiyevdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyi ilə bağlı alternativ planlar hazırlayır. Səfirliklərin Lvova, yaxud Polşanın şərqinə köçürülməsi variantının nəzərdən keçirilməsi Kiyevdə təhlükəsizlik vəziyyətinin yenidən ciddi şəkildə pisləşdiyini göstərir.
“The Guardian” xəbər verir ki, bir sıra Qərb dövlətləri diplomatik nümayəndəliklərin Polşanın şərq bölgələrinə köçürülməsini müzakirə edir. “The Guardian”ın məlumatına görə, Qərb diplomatları arasında vəziyyətin sürətlə pisləşdiyi barədə narahatlıq var. Bununla belə, səfirliklərin açıq şəkildə Kiyevdən çıxarılması siyasi baxımdan da həssas məsələ hesab olunur. Çünki belə addım Qərbin Ukraynaya dəstəyinin zəiflədiyi görüntüsünü yarada bilər.Məsələ təkcə diplomatik fəaliyyətin davam etdirilməsi ilə bağlı deyil. Səfirliklərin yerləşdiyi ərazilər təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. Diplomatik nümayəndəliklərin mümkün köçürülməsi Qərb ölkələrinin Ukraynadakı risklərlə bağlı qiymətləndirmələrinin hansı səviyyəyə çatdığını da ortaya qoyur.
Azərbaycanın Kiyevdəki səfirliyi müharibə dövründə daha bir ciddi təhlükə ilə üzləşib. 2022-ci ilin oktyabrında Kiyevə raket zərbələri endirilən zaman Azərbaycanın diplomatik nümayəndəliyinin yerləşdiyi ərazi də təhlükə zonasında olub. Həmin hücumlar zamanı bir sıra diplomatik missiyaların binalarının yaxınlığına zərbələr endirilib və diplomatik korpus üçün ciddi risk yaranıb.
Hazırda Azərbaycanın Kiyevdəki səfirliyinin Lvova və ya başqa əraziyə köçürülməsi barədə hər hansı rəsmi qərar yoxdur. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Lakin bu gün iş günü olmadığından XİN-in mövqeyini operativ şəkildə öyrənmək mümkün olmayıb. Nazirlikdən məsələ ilə bağlı açıqlama daxil olacağı təqdirdə məlumat yenilənəcək.
Musavat.com