Putinin Ukrayna–Ermənistan müqayisəsinin pərdəarxası - ŞƏRH
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynadakı böhranın başlanğıcı müəyyən mənada hazırda Ermənistanda baş verən proseslərə bənzəyirdi. Onun sözlərinə görə, həmin proseslər Avropa İttifaqına inteqrasiya cəhdləri ilə bağlı idi.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin Ukraynadakı böhranın vaxtilə Ukraynanın Avropa İttifaqına qoşulmaq cəhdləri ilə başladığını xatırladıb. “Biz buna qarşı deyildik”, deyə Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Putinin son açıqlamaları cəmiyyəti yanıltmağa yönəlib. Musavat.com-a açıqlamasında İ.İsmayıl xatırladıb ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti 2014-cü ildən başlayıb:
“Krım və Donbasın yarısının işğalından sonra adı “xüsusi hərbi əməliyyat” olan irimiqyaslı hücumlar da Putinin planlarının iflasa uğradığının göstəricisidir. Putin Astanada jurnalistlərə verdiyi açıqlamalarla Avropanı öz vətəndaşlarını aldatmaqda ittiham edir. Bəs öz vətəndaşlarına 3 günə Kiyevi ələ keçirəcəyinə dair vəd verən Rusiya müharibəni 5 il davam etdirməyi necə əsasladırır? Bu da öz vətəndaşlarını aldatmaq deyilmi? Putin bəyan edir ki, bütün istiqamətlərdə uğur əldə olunub. Amma Rusiyanın döyüş meydanında bu uğurlara dair heç bir dəlil yoxdur. Hiss olunur ki, Putinə cəbhədəki real vəziyyət haqqında doğru məlumat verilmir. Ekspertlərin hesablamalarına görə, 2026-cı ilin əvvəlindən Rusiya Ukraynada Donetsk bölgəsində gündə 2.6 kvadrat kilometr sürətlə irəliləyir. Rusiyanın bu bölgəni bu sürətlə ələ keçirib-keçirməyəcəyi hələ də məlum deyil. Ukrayna cəbhəsindəki vəziyyət dalana dirənib. 1917-ci ildə olduğu kimi, tərəflərin irəli gedə bilmədiyi vəziyyətdir. Putin döyüş bölgəsindəki vəziyyətlə bağlı ehtiyatla danışır, konkret vaxt deyə bilmir çünki bu sürətlə qarşısına qoyduğu məqsədə- Donbasın tam işğalına bir neçə ilə və ən azı 200 min canlı qüvvənin itkisi hesabına nail ola bilər. Putinin Ukrayna ilə bağlı açıqlamalarından aydın olur ki, o həm dünyanı, həm də öz vətəndaşlarını aldadır”.
Putinin Ermənistandakı vəziyyəti Ukraynadakı vəziyyətlə müqayisə etməsinə gəlincə, İ.İsmayılın qənaətinə görə, iqtisadi amillərin qabardılması bəhanədir:
“Avropa İttifaqından fərqli olaraq, Rusiyada qida məhsullarına daha ciddi tələblərin olduğunu demək, buna görə Ermənistandan gələn mallara xüsusi qadağa qoyulması ilə münasibətlərin gərginləşdiyini demək bəhanədir. Sanki ermənilər hər zaman təmiz məhsul göndəriblər, amma indi tələblərə cavab verməyən məhsul göndərməyə başlayıblar…Söhbət təbii ki, Paşinyan hakimiyyətinin qərbyönümlü siyasəti, Trampın birbaşa Paşinyanı dəstəkləməsi ilə bağlıdır. Putinin son açıqlamasından belə çıxır ki, daha öncə dediyi “Ermənistanı da Ukraynanın taleyi gözləyir” açıqlaması hələ də aktualdır. Bu, bir daha göstərir ki, Ermənistanda parlament seçkiləri ərəfəsində yaxud seçki günü Rusiya tərəfindən ciddi təxribatların olacağı istisna deyil. Hesab edirəm ki, Paşinyan bunu bilir və ciddi hazırlıq görülür. Həm xaricdən iqtisadi təsirlərlə, həm də daxildəki rusiyayönümlü qüvvələrin vasitəsilə təxribatların törədilməsi həm seçkidən əvvəl, daha çox isə süçki günündə mümkündür. Putin hər iki məsələyə münasibətdə reallıqdan uzaq, əsl məqsədlərini gizlədib. Amma nə qədər gizlətsə də, hər kəsə məlumdur ki, onun dediklərinin demək olar ki, yarısı yanlışdır”.