Sosial şəbəkədə biz:
“Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbə...” - Günay Ağamalı
Xəbər Şəkli

“Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbə...” - Günay Ağamalı

12 January 2026, 15:28
Siyasət

II Qarabağ savaşından öncəki illərdə Azərbaycanda formalaşan iqtidar–müxalifət dialoqu bu gün də inkişaf etməkdədir. Yaradılan bu mühit siyasi sistemin sağlamlaşması və cəmiyyətlə hakimiyyət arasında etimadın möhkəmlənməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilir. Heç şübhəsiz ki, iqtidar və müxalifət cəbhələri arasındakı qarşıdurma ritorikasının tədricən arxa plana keçməsi, dialoq və institusional ünsiyyətə çağırışların artması siyasi proseslərdə daha konstruktiv mühitin formalaşmasına zəmin yaradır. Bu yanaşma həm daxili sabitliyin möhkəmləndirilməsi, həm də islahat gündəminin geniş ictimai dəstək qazanması baxımından böyük önəm daşıyır.

Məhz bu kontekstdə iqtidar və müxalifət arasında dialoqun təşviqi siyasi rəqabətin sivil çərçivədə aparılması və uzunmüddətli dövlət maraqlarının önə çıxarılması üçün yeni imkanlar açır.

“Azərbaycanda formalaşan mövcud siyasi konfiqurasiya möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uzun illər ərzində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən dövlət idarəçiliyi siyasətinin tərkib hissəsi və məntiqi nəticəsidir. Konfiqurasiyanın başlıca mahiyyəti sabitlik, institusional siyasi tarazlıq və milli maraqlara söykənən ölkədaxili münasibətlər sistemidir”.

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən idarəçilik konsepsiyası artıq siyasi sistemdə dialoq modelini ön plana çıxarıb:

“Ölkə başçısının yanaşmasının mərkəzində siyasi plüralizmin təşviqi ilə yanaşı, dövlət maraqlarının və milli təhlükəsizliyin qorunması dayanır. Bu balanslı yanaşma nəticəsində siyasi institutlar arasında sağlam münasibətlər və dialoq mühiti tam formalaşıb, qanunvericilik hakimiyyəti ilə icra strukturları arasında qarşılıqlı etimada əsaslanan məhsuldar əməkdaşlıq mühiti öz əhəmiyyətli töhfələrini verib və verməkdə davam edir.

Prosesdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ortaya qoyduğu gərgin əməyin rolu xüsusilə qeyd olunmalıdır. Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbə Prezidentin siyasi islahatlar xəttinin, partiyalararası dialoqun praktiki müstəvidə reallaşmasına mühüm töhfələr verir. Siyasi partiyalarla iqtidar arasında institusional dialoqun qurulması və sağlam, milli maraqlara söykənən əməkdaşlıq münasibətlərinin sistemli şəkildə tənzimlənməsi və siyasi mühitdə qarşılıqlı etimad prinsiplərinin möhkəmləndirilməsi fəaliyyətin əsas nəticələrindəndir.

Digər tərəfdən, rasional yanaşma həm də Azərbaycanda siyasi konfiqurasiyanın milli maraqlar ətrafında konsensus üzərində formalaşmasını təmin edib. İstər parlament müstəvisində, istərsə də siyasi partiyaların dövlət və milli maraqlar məsələsində vahid mövqedən çıxış etməsi münasibətlər sistemini cəmiyyətin aparıcı amilinə çevirib.

Başqa sözlə desək, mövcud siyasi konfiqurasiya Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsinin güclü dövlət, güclü cəmiyyət və sağlam siyasi dialoq modelinin təzahürüdür.

Mövcud model siyasi sistemin davamlılığını təmin etməklə yanaşı, islahatların dərinləşdirilməsi üçün də əlverişli zəmin yaradır.

Tam məsuliyyətlə deyə bilərik ki, mövcud konfiqurasiyanın qorunması və inkişafı dövlətçilik ənənələrimizin möhkəmləndirilməsinə və ölkəmizin gələcək inkişafına xidmət etməklə yanaşı, həm də o sabitliklə inkişafı, dialoqla məsuliyyəti, milli maraqlarla institusional əməkdaşlığı uzlaşdıran nümunəvi və bitkin təlimdir”.

Deputat bir məsələyə də xüsusi diqqət ayırıb:

“Formalaşan bu sağlam siyasi mühitin praktik təzahürlərindən biri də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə siyasi partiyaların ənənəvi xarakter daşıyan azad edilmiş ərazilərimizə səfərlərin təşkil olunmasıdır.

Bu səfərlər iqtidarla müxalifət arasında sağlam münasibətlərin konkret göstəricisidir. Partiya rəhbərlərinin, politoloqların və aparıcı media təmsilçilərinin Qarabağa və Şərqi Zəngəzura səfərləri, səfər zamanı aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə tanış olmaları, Böyük Qayıdış strategiyasının icra prosesinin nəticələrini müşahidə etmələri milli həmrəyliyi və ortaq məsuliyyət hissini daha da gücləndirir. Ən müxtəlif platformalarda ardıcıl şəkildə təşkil olunan iqtidar-müxalifət görüşləri dialoq mühitini və siyasi partiyalar arasında qarşılıqlı anlaşmanı dərinləşdirir, dövlətçilik və milli maraqlar ətrafında vahid mövqenin möhkəmlənməsinə xidmət edir”.