Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Kreml zaman-zaman miqrant amilindən siyasi təzyiq aləti kimi istifadə edib”

Təbriz Musayev: “Kreml zaman-zaman miqrant amilindən siyasi təzyiq aləti kimi istifadə edib”

Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşların 15 iyuna qədər bu ölkədən çıxarılmasını tələb edir. Bunu MDB-nin Parlamentlərarası Assambleyasında çıxışı zamanı Rusiyanın daxili işlər nazirinin müavini Aleksandr Qorovoy bildirib.

Nazir müavininin slaydda nümayiş etdirdiyi statistikaya görə, bu gün Özbəkistanın 332 min, Tacikistanın 247 min, Ukraynanın 152 min, Azərbaycanın 120 min, Qırğızıstanın 115 min, Ermənistanın 61 min, Moldovanın 56 min, Qazaxıstanın 49 min vətəndaşı qanunsuz olaraq Rusiyada yaşayır. Bununla belə, nazir müavini göstərilən tarixə qədər ölkəni tərk etməyənlərlə bağlı sərt tədbirlərin görüləcəyini deyib: “Əgər prezidentin sərəncamında nəzərdə tutulduğu kimi, iyunun 15-dək bu rəqəmdən qurtulmasaq, onda bu insanlar qovulma və sərhədlərin bağlanması ilə cəzalandırılacaqlar. Mən istəyərdim ki, siz öz ölkənizdə KİV, blogerlər vasitəsilə təbliğat işləri aparasınız”.

Qeyd edildiyi kimi, Rusiyanın rəsmi məlumatına görə, ölkədə qeyri-leqal miqrantların 120 mini Azərbaycan vərtəndaşıdır. Maraqlıdır, qeyri-leqal azərbaycanlı miqrantları nə gözləyir? Onlar deportasiya ediləcəkmi? İndiki çətin vaxtda azərbaycanlı miqrantların ölkədən çıxarılması hansısa sosial çətinliklər yarada bilərmi?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev buna bir neçə aspektdən yanaşdı. Onun fikrincə, Rusiyanın indiki vaxtda belə bir qərar verməsi sırf siyasi motivlidir: “Əvvəla Rusiyada qeyri-leqal miqrant məsələsi yeni deyil. Uzun illərdir Rusiyada məlum problem var. Bunun da bir sıra səbəbləri var. Məsələ ondadır ki, Rusiya ərazisinə görə dünyada birinci ölkə olsa da, ölkədə əhalinin sayı buna adekvat deyil. Rusiyanın demoqrafik göstəriciləri aşağıdır, əhalinin sayı azalır və s. Qeyri-leqal miqrantlardan Rusiya iqtisadiyyatında ucuz işçi qüvvəsi kimi istifadə olunur. Bəyənmədikləri həmin miqrantlar olmasa, o zaman bir sıra sahələrdə işçi çatışmazlığı ilə üzləşəcəklər. Elə ənənəvi sahələr var ki, ruslar orada işləyə bilmir və yaxud da effektiv fəaliyyət göstərə bilmirlər. Məsələn, Tacikistandan olan miqrantlardan əsasən küçələrin təmizlənilməsində, ağır tikinti işlərində istifadə edilir. Azərbaycanlılar isə, məlum olduğu kimi, əsasən ticarət sektorunda fəaliyyət göstərirlər. Kreml zaman-zaman miqrant amilindən siyasi təzyiq aləti kimi istifadə edib. Bu dəfə əsas hədəf Ukrayna olduğu üçün belə bir qərar verilib. Çünki Rusiyadakı qeyri-leqal miqrantların 25 faizi Ukrayna vətəndaşıdır. Çox güman ki, Rusiya bununla Ukraynadakı sosial-iqtisadi vəziyyəti gərginləşdirmək istəyir. Çünki son vaxtlar iki ölkə arasında münasibətlər Donbas məsələsi ilə əlaqədar xeyli gərginləşib. Rusiya qeyri-leqal miqrantları zorla çıxarsa, bu, Azərbaycanın əmək bazarına müəyyən təsir edəcək. Ancaq bunun elə də böyük olacağını düşünmürəm. O da ola bilər ki, hansısa mərhələdə Rusiya miqrantlarla bağlı qərarı bir qədər yumşaltsın. Yəni sona qədər bunun üstünə getməsin. Çünki əvvəllər belə hallar olub. Hər halda, qarşıdakı aylarda bəzi məsələlər aydınlaşacaq”.

İAT sədri hesab edir ki, qeyri-leqal miqrantlar ölkədən çıxarılsa, Rusiya iqtisadiyyatı bundan zərər görəcək. (Bakı-Xəbər)

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …