Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Qarabağ zəfəri, mövcud durum və perspektivlər – Paşa Həsənli

Qarabağ zəfəri, mövcud durum və perspektivlər – Paşa Həsənli

44 günlük Qarabağ müharibəsinin mahiyyəti, gedişatı, xüsusiyyəti və nəticələri şübhəsiz ki, hələ uzun müddət danışılacaq, çoxsaylı yazılar, çıxışlar və elmi tədqiqat əsərlərinin mövzusu olacaqdır. Təbiidir. Millətimizin son iki əsrdən artıq bir dövr üçün ən əhəmiyyətli, dönüş mərhələlərinin birindən söhbət gedir. Həm də bu dövrün əvvəlki əhəmiyyətli dövrlərimizdən fərqli bir xüsusiyyəti var.

1813 və 1828-ci illər Vətənimizin parçalanması, Arazdan şimalda, Cənubi Qafqazda yerləşən ərazilərimizin Rus imperiyası tərəfindən işğalı milli dövlətciliyimizə son qoymaqla yadda qaldı, tariximizin mənfi mənada dönüş mərhələsi oldu. Bu dövrdən başlayaraq, regionun aparıcı və dövlət quran xalqı olmağımıza baxmayaraq, tədricən rus siyasəti nəticəsində təsirimiz azalmağa başladı.

Növbəti əhəmiyyətli mərhələ 1918-ci ildir. Bu il mayın 28- də işğal olunmuş Quzey Azərbaycanda milli dövlətciliyimiz böyük qurucu babalarımızın səyləri, eləcə də, Osmanlı Türkiyəsindən yardıma gəlmiş Nuru Paşanın komandanlığı altında yaranmış Qafqaz İslam Ordusunun köməyi ilə rəsmən bərpa olundu, Azərbaycan Xalq Cümhuriyyəti təsis olundu. Lakin bu prosesdə millət olaraq İrəvan şəhəri və ətrafı olmaqla 9000 km2 ərazilərimizi, eləcə də, Borçalı, Qarayazı və Dərbənd şəhərini  ətrafı ilə birlikdə itirdik. Həm də, dövlətimiz əlimizdə qalan 114000 km2 ərazilərimizə də əslində tam sahiblənə, öz suveren hüquqlarını təmin edə, güclü ordu və güclü cəmiyyət formalaşdıra bilmədi. Şübhəsiz ki,bunun çoxsaylı obyektiv və subyektiv səbəbləri var.

Nəticədə daha bir dönüş mərhələsi meydana gəlmiş oldu: 28 Aprel 1920- ci il. Bu hadisədə müstəqil dövlətimizi itirsək də, Rusiyanın bir vilayətinə çevrilmədik, Azərbaycan Sovet Sosialist Respublikası olduq. O dövr üçün əslində bunu da bir nailiyyət hesab etməliyik. Lakin, Sovet dövründə Vətən torpaqlarımız daha da kiçildi, Ermənistan ərazisi 29.8 min km2 qədər artırıldı, bizimki isə təbii olaraq 114000 km2-dən 86.6 min km2-ə qədər azaldıldı.

Növbəti əhəmiyyətli mərhələ 1988-ci ildə 17 Noyabrdan başlanğıcını almış Milli Azadlıq Hərəkatı və SSRİ-nin dağılması nəticəsində müasir Azərbaycan Respublikasının yaradılmasıdır. Lakin bu prosesdə Dağlıq və hətta Aran Qarabağın xeyli hissəsi olmaqla, daha 18000 km2 ərazimizi də hüquqi olmasa da, faktiki itirmiş olduq. Bu durum 2020- ci il 27 sentyabr tarixinədək davam etdi.

Gördüyümüz kimi, yuxarıda sadalanan bütün əhəmiyyətli, tarixi mərhələlərdə hər nə qədər siyasi uğurlara imza atmış olsaq belə, torpaq itirmişiq. Həm də sadəcə torpaq sahəsi deyil, Vətən Torpağı. Bütün bu dönəmlər müharibələrlə müşayət olundu. Və biz bu müharibələri uduzduq. Sovet İttifaqının dağılması prosesində, İmperiyanın müxtəlif ərazilərində çoxsaylı milli münaqişə ocaqları meydana gəlsə də, minimal imkanlara sahib olmağına baxmayaraq, müqavimət göstərən, müharibə aparan, misilsiz qəhrəmanlıqlar göstərən və 20 000-dən artıq şəhid verən yalnız Azəbaycan xalqı oldu. Nə gürcü, nə Moldova, nə Ukrayna və Şimali Qafqaz (Çeçen Milli Hərəkatı istisnadır) bu miqyaslı müqavimətlə çıxış edə bilmədi. Bu xüsus mütləq ayrıca qeyd olunmalıdır. Lakin o müharibəni, yəni, I Qarabağ savaşını da uduzduq. Bu acı məğlubiyyət siyasi, iqtisadi və mədəni baxımdan millətimizə və dövlətimizə nə qədər böyük ziyanlar vursa da, ən böyük zərbə milli heysiyyatın tapdalanması, milli ruhun sındırılması, alçaldılması nəticəsində natamamlıq kompleksinin formalaşması, qəhraman insanımıza yaraşmayan təsəvvürlərin meydana gəlməsindən ibarət idi.

44 günlük II Qarabağ Savaşı iki əsrdən artıq müddətdə, ilk dəfə dövlətimizin və vətəndaşımızın ərazi itkisi ənənəsinə son qoyaraq, vətən torpağını geri qaytarmağa, milli ordu, milli zabit heyəti və Komandanlığı ilə birlikdə Vətən müharibəsinin qalibinə çevrildi, qələbə sevincini, onun verdiyi milli qürur, yüksək ləyaqət hissini bərpa etdi, natamamlıq kompleksindən qurtuldu, qələbə çalmış millət olduğunu təsdiqlədi, özü də bu qələbə nə siyasi danışıqlar, nə də qəfil keçirilən ani əməliyyat nəticəsində deyil, açıq meydan savaşlarında əldə olundu.  Dövlətimiz genişmiqyaslı, ən müasir hərbi texnoloji yeniliklərlə silahlanmış, müasir tipli, Qafqazın ən güclü ordusuna sahib, hətta Qafqaz ölçülərini də aşa biləcək gücdə orduya malik bir dövlət olduğunu bütün dünyaya göstərdi. Şuşanın azad olunması əməliyyatı müassir dünya hərb tarixinin parlaq səhifələrindən biri olmaqla, bu müharibənin mahiyyətini özündə daşıyan əsas rəmzinə çevrildi. Həm də nəzərə alsaq ki, qəhrəman ordumuz təkcə Ermənistanla deyil, həm də havadarlıq edən bir sıra kifayət qədər güclü dünya dövlətlərinin də xüsusi bölmələri ilə, bir sıra xarici dövlətlərin hərbi və siyasi gücü və dünyada böyük təsirə malik olan dünya ermənçiliyi ilə döyüşürdü, qələbənin miqyasını təsəvvür etmək çətin deyil. İşğaldan azad edilmiş ərazilərin coğrafi mövqeyini nəzərə alaraq, ordumuzun təkcə Qarabağ uğrunda deyil, həm də bütövlükdə Türk Dünyasının birliyi, dünyanın geo-siyasi düzəninin ədalətli idarə edilməsi və iqtisadi təhlükəsizliyinin təminatı uğrunda böyük savaş aparması ayrıca yazının mövzusudur.

Xüsusi qeyd edilməlidir ki, 44 gün ərzində dünya ermənilərin öz xalqları, onun yüksək və qədim mədəniyyəti, yüksək döyüş ruhu və qabiliyyəti haqqında yaratdığı mif təmamilə məhv oldu. İşğal olunmuş ərazilərdəki barbarlıq əməlləri, insanlara, tarixi abidələrə, tikililərə və hətta təbiətə, flora və faunaya qarşı törədilən misilsiz cinayətlər dünyaya nümayiş etdirildi və bu toplumun hansı mənəvi, əxlaqi dəyərlərə malik olduğu haqqında təsəvvür yaratdı. Eyni zamanda, erməni toplumunun kənardan dəstək almadığı təqdirdə dövlət yaratmaq, ordu qurmaq, nizamlı cəmiyyət formalaşdırmaq qabiliyyətinin olmaması,mahiyyət etibarilə  əslində Ermənistan adlanan qurumun bir terror təşkilatı olması haqqında bildiklərimiz bütün dünya tərəfindən də görsəndi. Bütün bunların nəticəsində ümumiyyətlə belə bir dövlətin mövcudluğunun mümkün olmayacağı artıq heç kəsə sirr deyil.

10 noyabr tarixində müharibənin dayandırılmasından sonra, cəmiyyətimizi narahat edən, həm də haqlı narahat edən əsas məsələ rus qoşunlarının ölkəmizin ərazisinə daxil olması və bundan sonra Qarabağın işğalda qalan hissəsində sərgilədiyi davranışlarından ibarətdir. Bu narahatcılıq ona görə təbiidir ki, yuxarıda göstərilən iki əsrlik bəlalarımızın səbəbkarı heç,şübhəsiz, Rusiyadır. Azərbaycan torpaqlarında Ermənistan dövlətini yaradan, Qarabağ münaqişəsini törədən, ermənilərə işğal üçün şərait yaradan, eyni zamanda son savaşda da erməniləri hərbi, silah-sürsatla dəstəkləyən də şübhəsiz, Rusiyadır. 18 noyabr tarixində televiziyaya müsahibə verən Rusiya Prezidenti Vladimir Putin açıq etiraf etdi ki, 44 günlük müharibə müddətində Ermənistana hər cür dəstək verib. Dövlətimizin başcısı da xarici jurnalistlərə verdiyi müsahibələrdə açıq-aşkar bəyan etdi ki, əslində Minsk qrupunun həmsədri olan və bitərəf olmalı olan Rusiya Ermənistana yardım edir. Təbii ki, bu şərtlər altında Rusiyanın Qarabağa, Azərbaycan ərazisinə sülhməramlı adı altında daxil olmasına razılıq verərkən ölkə rəhbəri mövcud situasiyanı və Dövlətimizi gözləyə biləcək təhdidləri nəzərə almaq məcburiyyətində olub.Çox böyük ehtimalla, özünün iki yüz illik planının təhlükə altında olduğunu görən Rusiyanın 10 noyabr bəyanatı olmadığı təqdirdə ölkəmizə bilavasitə hərbi təcavüzə keçəcəyi də mümkün idi. Həmin gün vurulan helikopter və Bakı istiqamətinə atılan raket, və yaxud raketlər də sözügedən təhdidlərin üzdə görsənən elementlərindən hesab oluna bilər. Rusiya heç şübhəsiz ki, Qafqazda öz mövcudluğunu artırmağa, öz maraqlarına qarşı formalaşmaqda olan geosiyasi təhdidləri aradan qaldırmağa çalışır. Rusiya hətta Cənubi Qafqazı öz ərazisi hesab edir və onu əlində saxlamağa çalışır. Hesab edir ki, Xankəndini əlində saxlamaqla həm Azərbaycana, həm də Ermənistana təsirini artıracaq, öz siyasi orbitində saxlaya biləcək, sonradan bu təsiri Gürcüstana da transfer edəcək. Lakin bu mümkündürmü? Rusiya bu istəyinə nail ola biləcəkmi? Yoxsa bu istək Ruiyanın özünü zəiflədib, daha da tələyə salacaq, Cənubi Qafqazdan birdəfəlik çıxmalı olacaq?

Gürcüstan nəinki Rusiyanın təsiri altında deyil, hətta münasibətləri düşmənçilik həddindədir, Amerikanın və Qərbin geosiyasi təsiri altındadır. Cənubi Osetiya və Abxaziya dünya birliyi tərəfindən Gürcüstanın ərazisi hesab olunsa da, Rusiya tərəfindən müstəqil dövlət kimi tanınıbvə faktiki işğal olunub, iki ölkə arasında sərhədlər bağlıdır. Gürcüstanda NATO birgə təlimlər keçirir, qeyri- rəsmi şəkildə müəyyən bir miqdarda hərbi kontingentinin bu ölkə ərazisində daimi dislokasiya olunduğu deyilir, hətta bu hərbi bloka daxil olmaq ehtimalının da yüksək olduğu söylənilir. Beləliklə, Rusiyanın Gürcüstana qayıtmaq, onu öz siyasi orbitinə daxil etmək ehtimalı real görünmür.

Ermənistanda Paşinyan hakimiyyəti Qərbə meyllidir, Qərb institutları tərəfindən hakimiyətə gəlişi dəstəklənib, Rusiyanın təsiri altından çıxmağa, hətta ərazisindən Rusiyanın Gümrüdəki hərbi bazasını da çıxartmaq əzmindədir. Rusiyanın Qarabağa daxil olub, ora sahib çıxdığını, erməniləri tam biabırçı məğlubiyyətdən qurtarması və Dağlıq Qarabağda erməni mövcudluğunu saxlaması faktını Ermənistanın daxili siyasətinə təsir mexanizmi kimi istifadə etmək niyyətindədir. Ermənilərə “sizi mən xilas etdim”, “qondarma rejimi hələ ki saxlayıram”, Paşinyanı devirib, “mənə lazım olan insanlardan birini hakimiyyətə gətirsəniz və Qərbdən uzaqlaşıb, yenidən mənim tam şəkildə orbitimə daxil olsanız, sizə kömək də edə, bu torpaqlarda dəstəkləyə bilərəm” mesajını verir. Məhz bu səbəbdən də Qarabağın statusu məsələsinə baxıla biləcəyini səsləndirir. Lakin hələlik Ermənistanda baş verən hadisələr göstərir ki, hətta olduqca biabırçı məğlubiyyətə baxmayaraq, Paşinyan əleyhinə, onun istefası tələbilə keçirilən mitinqlərdə Rusiya 1 telekanalının müxbirinin də dediyinə görə iştirakçılrın sayı 5-6 mindən artıq olmur. Bunun əsas səbəblərindən biri həm də odur ki, Paşinyan Qərb tərəfindən hakimiyyətə gətirilməklə yanaşı, ölkənin dolanışığı da əsasən Qərbdəki erməni lobbisinin yardımlarına əsaslanır. Rusiyanın Ermənistana maddi yardım etmək imkanı çoxdan yoxdur. Rusiya ermənilərə yalnız təhlükəsizliyini təmin etmək, Qarabağın və ətraf ərazilərin işğalda qalmasını təmin etmək üçün lazım idi. Lakin şanlı Azərbaycan ordusu bu ərazilərin böyük əksəriyyətini artıq öz rəşadəti hesabına işğaldan azad edib, mərkəzi hissələrin erməni əhalisi də əsasən oranı tərk edib və gələcəkdə də daha da güclənməkdə olan, qardaşı Türkiyənin də dəstəyinə əmin olan Azərbaycan dövlətinin qalan hissəni də geri qaytaracağı şübhə doğurmur, o cümlədən ermənilərdə. Ermənilər Qarabağda yaşaya biləcəklərinə inanmırlar, yaşaya bilsələr belə, Azərbaycan qanunlarına tabe olmalı olacaqlarını artıq əsasən bilirlər. Hətta bir sıra erməni siyasətçiləri hesab edirlər ki, Qarabağla bağlı arzularının perspektivi belə daha çox qərbin yardımına əsaslana bilər. Bu da Rusiyaya ehtiyacı xeyli dərəcədə azaldır. Eyni zamanda zəngin və aparıcı dünya dövlətlərinin əksəriyyəti Rusiya və satellitlərini də özlərinə rəqib düşərgədə görürlər. Bu baxımdan Rusiya Ermənistana bir yükə çevrilməkdədir. Və belə görünür ki, Paşinyanı devirmək elə də asan olmayacaq, olsa da onun yerinə daha qərbpərəst, antirusiya siyasətçilərindən birinin gəlməsi ehtimalı böyükdür. Beləliklə, yuxarıda deyilənlərin üzərinə ABŞ-da  Baydenin hakimiyyətə gələcəyini və onun administrasiyasının Putin Rusiyasına münasibətini də əlavə etsək, Rusiyanın çox yaxında Ermənistanı da itirməsi ehtimalı olduqca yüksəkdir.

(davamı var)

Paşa Həsənli

Azərbaycan Milli ElmlərAkademiyası

Tarix İnstitutunun əməkdaşı

BAO Mərkəzi Şurasının sədri

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …