Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Hafiz Hacıyev də partiyasını buraxacaq? – “O sözün mənasını belə bilmir“

Hafiz Hacıyev də partiyasını buraxacaq? – “O sözün mənasını belə bilmir“

“Özlərini buraxan partiyaların sosial bazası yoxdur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev söyləyib.

O, “Siyasi partiyalar haqqında” Qanunun qəbulundan sonra Azərbaycanda bir sıra “cırtdan” və üzv sayı 5 mini keçməyən partiyaların ləğv edilməsindən söz açıb.

H. Hacıyev deyib ki, Müasir Müsavat Partiyası 4 dəfə prezidentliyə namizəd vermiş bir partiyadır:

“Təxminən 70-80 min partiya bileti paylanan üzvlərimiz var. Hələ təəssübkeşlərimizi demirəm. Belə olanda 100-110 min edir. Artıq imzalarımız da var. Biz 10 min də, 20 min də imza verə bilərik. Bu sarıdan heç bir problemimiz yoxdur, çünki oturuşmuş rayon təşkilatlarımız mövcuddur.

4 dəfə prezident seçkilərində iştirak etmiş və hər dəfə 60-70 min səs yığan bir partiya olmuşuq. Ramiz Mehdiyevin seçkiləri saxtalaşdırmasından sonra 3-4-cü yerləri tutan bir partiya üçün 5 min imza heç nədir.

Vaxtilə müavinim olmuş Əfran İbrahimov (Müstəqil Xalq Partiyasının sədri – red.) var idi. “Partiya” sözü nə deyilən şeydir, onu bilmirdi. O da partiya yaratmışdı. Özündən başqa da yanında heç kimi yoxdur. 

Düşünürəm ki, “Siyasi partiyalar haqqında” Qanun çox normaldır, Prezidentin fərmanı da çox təqdirəlayiqdir. Bu qanun da partiyaların gələcəyinə inkişaf verən bir qanundur. Belə olduğu halda imkanı olmayan, bir “papka”sı, bir özü olan partiyalar özünü buraxmalıdır. Burada bir qəbahət yoxdur. Onlar müəyyən partiyalarla birləşib yollarına davam etsinlər”.

“Mən bu hərəkətə böyük hörmətlə yanaşıram. Bu, normal haldır və Azərbaycanda demokratikləşmənin güclənməsidir. Bu gün buna gediriksə, bu çox təqdirəlayiq haldır. Kim istəyirsə, gəlib partiyamıza birləşə bilər. Fikrimiz, əqidəmiz üst-üstə düşərsə, dövlətçilik və millətimizin müdafiəsində, eləcə də dövlət başçısının apardığı uğurlu siyasətin dəstəklənməsində kim bizimlə bir yerdə olmaq istəyirsə, gəlsin, olsun. Amma bizim heç kimə ehtiyacımız yoxdur.

Heç bir partiya ilə nə birləşmək, nə də hansısa koalisiya düşünmək haqqında fikirləşmirik. Kim Azərbaycan dövlətinin qorunmasında fəal iştirak edəcəksə, bizimlə bir yerdə ola bilər. Məncə, bunu problelə çevirmək olmaz. “Partiya” sözü ləyaqətli sözdür və bunu da hörmətdən salmağa dəyməz. Prosesi sona qədər aparmaq lazımdır”, – deyə H. Hacıyev fikirlərini yekunlaşdırıb.

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …