Ana səhifə / Siyasət / “Ermənistan artıq Vaşinqton variantından imtina edib” – Tofiq Zülfüqarov

“Ermənistan artıq Vaşinqton variantından imtina edib” – Tofiq Zülfüqarov

“İndiki mərhələdə görüş barədə məlumatın az olmasını nəzərə alsaq, görəcəyik ki, Ermənistan Vaşinqton variantından daha çox üstünlüyü Moskva variantına verib”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov deyib.

O, Azərbaycan-Ermənistan-Rusiya XİN başçılarının Moskva görüşünü, habelə görüşdən sonra yayılan bəyanatı şərh edib.

T. Zülfüqarov xatırladıb ki, Rusiya variantı demək olar ki, Vaşinqton variantını təkrarlayır, lakin Moskva versiyasının hansısa bəndində göstərilir ki, status məsələsinə digər mərhələlərdə baxılacaq, bu isə Moskva və Vaşinqton formatlarındakı yeganə fərqdir:

“Bu da onu göstərir ki, Ermənistan artıq Vaşinqton variantından imtina edib. Səbəb kimi isə göstərilir ki, Azərbaycan və ABŞ Qarabağda yaşayan ermənilərə sadəcə etnik azlıq kimi baxmaq niyyətindədir. Bu baxımdan, fərq görünür. Əgər ermənilər ABŞ-ın yanaşmasını qəbul etmirlərsə, habelə təcili olaraq Moskvaya üz tuturlarsa, istisna etmirəm ki, baş verən danışıqların mahiyyəti məhz bununla bağlı olsun.

Digər məsələlər də ola bilər, lakin yayılan məlumatlara əsasən, qənaətə gəlmişəm ki, əsas fərq budur. Həmçinin verilən bəyanatlar da hansısa aydın təsəvvürlər yaratmır. İstisna etmirəm ki, bunun ətrafında bu və ya digər şəkildə müzakirələr ola bilər”.

Müsahibimizin fikrincə, Azərbaycan tərəfi əsas bəyanatını hələ Soçidə səsləndirib:

“Prezident İlham Əliyev orada bildirib ki, Qarabağ bizim daxili məsələmizdir və bizim üçün bu, Ermənistan-Azərbaycan danışıqları kontekstində bağlıdır. Gələcək görüşdə Rusiya bu məsələni qaldıracaq-qaldırmayacaq, deyə bilmərəm, lakin Azərbaycanın cavabı artıq indidən bəllidir.

Ola bilsin ki, bu məsələ öz həllini tapmasa da, digər məsələlərə aid müzakirələr baş verəcək. Burada Rusiyada olacaq görüşlə bağlı da hansısa ümidlərimizi saxlamalıyıq. Çünki sadaladığım məsələ birbaşa sülh sazişinə aid olsa da, praktiki məsələlərin Moskvada müzakirə ediləcəyinə ümid edirəm”.

Həmçinin oxuyun

“STOKHOLM SİNDROMU” VƏ YAXUD PAŞİNYAN ÜÇÜN UVERTÜRA

Musiqisi: Nikol.P Söz: Etibar Hüseynov Tək kriminal deyil, elə bir sıra siyasi mövzularda da ara-sıra …