Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / “Bu səpkili yazıların dərc olunması iki ölkə münasibətlərini pozmağa xidmət edir” – Kamran Ramazanlı

“Bu səpkili yazıların dərc olunması iki ölkə münasibətlərini pozmağa xidmət edir” – Kamran Ramazanlı

Son günlər Ermənistan KİV-ində Gürcüstan əleyhinə yazıların sayı artıb. Ermənilər Gürcüstanın onlar üçün xaricə çıxmaq üçün əsas ölkə olduğunu etiraf etsələr də, bu ölkəyə yönəlik kinli yanaşmalarını gizlətmirlər: “Gürcüstanla münasibətləri korlamaq olmaz, amma anlamalıyıq ki, bu ölkə heç vaxt Ermənistana dost olmayıb və olmayacaq”.

Bu arada erməni mediası Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq üçün növbəti həyasız iddia ortaya atıb. Rusiyada yaşayan ermənilərin Ermənistana və əksinə, Ermənistanda yaşayanların da Rusiyaya gediş-gəlişi pandemiya dövründə məlum karantin qaydalarına görə çətinləşib. Ancaq ermənilər bu qadağalarda Bakının əli olduğunu, Gürcüstanın guya bizə “ xoş gəlməsi” üçün “prinsipial olaraq” sərhədləri bağladığını hikkə ilə vurğulayırlar: “Artıq bir neçə həftədir ki, həmvətənlərimiz Şimali Osetiyanın Yuxarı Lars nəzarət-buraxılış məntəqəsində qalıblar. Rusiyaya gedənlər və Rusiyadan vətənə dönənlərə keçməyə gürcülər icazə vermirlər. Və burada söhbət rusların deyil, gürcülərin “ziyankarlığından” gedir. Vətəndaşlarımız 200 kilometrlik Gürcüstan ərazisini keçib evlərinə gələ bilmirlər. Yuxarı Lars Abxaziya və Cənubi Osetiya sərhədi deyil və biz ermənilər heç vaxt separatçı bölgəyə keçməmişik. Sadəcə, Azərbaycana xoş gəlmək üçün Gürcüstan bunu edir”.

Göründüyü kimi, bu, növbəti erməni məkridir. Məqsəd iki ölkə münasibətlərini korlamaqdır.

Məsələyə münasibət bildirən SOYDAŞ İctimai Birliyinin sədri Kamran Ramazanlının sözlərinə görə, bu, ermənilərin iki ölkə münasibətlərini korlamaq üçün növbəti təxribatıdır: “Zatən, birinci dəfə deyil ermənilər bu kimi təxribatlara əl atırlar. Zaman-zaman erməni mediasında Gürcüstan-Azərbaycan münasibətlərini korlamağa yönəlik yazılar dərc olunur. Ancaq Azərbaycan-Gürcüstan münasibətləri dostluq-müttəfiqlik münasibətləridir. Eyni zamanda, iki ölkə münasibətləri nümunəvi səviyyədədir. Lakin bizim düşmənimiz olan ermənilər hər zaman Gürcüstan-Azərbaycan münasibətlərini korlamağa çalışırlar. Sözügedən münasibətləri vurmaqdan ötrü Gürcüstanda yaşayan ermənilərdən ciddi şəkildə istifadə edilir. Məsələ ondadır ki, Gürcüstanda çoxsaylı erməni yaşayır. Onların bir çoxu gürcü soyadı qəbul edib. Onların bəziləri hakimiyyət strukturlarında təmsil olunurlar və hər zaman bədnam niyyətlərini həyata keçirmək üçün çalışırlar. Son dövrlər ermənilərin bu yöndə cəhdləri artmaqdadır. Erməni mediasında bu səpkili yazıların dərc olunması məhz bu kimi məqsədlərə xidmət edir. Bütün bunlar sifarişli yazılardır. Nəzərə almaq lazımdır ki, Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması Ermənistanı hər zaman narahat edib.

O da məlumdur ki, pandemiya ilə əlaqədar Gürcüstanda karantin qaydalarına çox ciddi riayət edilir. Bunun nəticəsidir ki, sözügedən ölkədə virusa yoluxanların sayı digər dövlətlərlə  müqayisədə çox aşağıdır. Ermənilərin gediş-gəlişinə qoyulan məhdudiyyətlər, ciddi yoxlanışlar pandemiya ilə əlaqədardır. Ancaq, göründüyü kimi, erməni tərəfi məqsədyönlü şəkildə belə dezinformasiyaları dövriyyəyə buraxır ki, iki ölkə münasibətlərində soyuqluq yaransın”.

Birliyin sədri hesab edir ki, biz hər zaman bu cür təxribatlara hazır olmalıyıq və vəziyyətə uyğun gərəkən adekvat addımlar atmalıyıq. (Bakı-Xəbər)

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …