Cümə axşamı , May 9 2024
Ana səhifə / Siyasət / Arzuman Abdulkərimov: “… tarixi  hadisələrin şahidi olacağıq”

Arzuman Abdulkərimov: “… tarixi  hadisələrin şahidi olacağıq”

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən dövlət başçısı deyib: “Eyni zamanda, bu görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.

İlham Əliyev yaxın zamanlara kimi utopiya sayılan Turan kimi ideyanı faktiki olaraq reallaşdırmaq istiqamətində addımlar atmış olurmu?

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri,  siyasi şərhçi Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilib: “2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Türk Dövlətləri Təşkilatının yaranması və yeni inkişaf mərhələsinə qədəm qoymasında Azərbaycanın, dövlət başçısının fəaliyyəti xüsusilə vurğulanmalıdır. Həmin siyasi kursun nəticəsidir ki, bu gün Şərq ilə Qərb arasındakı münasibətlərin inkişafında türk faktoru mühüm yer tutur – Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə ümumilikdə Şərq-Qərb bağlantısının əsas ana xəttini təşkil edir. Xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan bu məsələdə aparıcı qüvvə kimi çıxış edirlər. Bu iki liderin siyasi gücü imkan verir deyək ki, Türk Dövlətləri Təşkilatı bütün mənalarda dünyanın güclü birliklərindən biri olacaq. Bu, təbii meyarlarla bağlıdır. Dil, din və köklərinin eyni olması türk dövlətlərinin bir-birinə təbii tellərlə bağlı olduğunu deməyə əsas verir. Bəli, bu, faktiki olaraq Turan ideyasının gerçəkləşməsidir. Azərbaycanın bu istiqamətdə təşəbbüskar kimi çıxış etməsi çox qürurvericidir. Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlət başçısı bildirib: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Göründüyü kimi, Prezident bu təsisatı bizim ailəmiz adlandırır. 

Dövlət başçısı İlham Əliyev quruma üzv və müşahidəçi dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynayan qarşılıqlı səfərlərə diqqəti yönəldərək, bu statistik rəqəmi açıqlayıb ki, son iki ildə bu ölkələrə 20 səfər edib. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.

Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Günün aktual məsələləri ətrafında aparılan müzakirələr fonunda ümumi mövqenin ortaya qoyulması, müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması əməkdaşlığın möhkəmləndirilməsində öz sözünü deyir.

Hər bir Zirvə görüşü dünənə baxış əsasında qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rolu ilə tarixə yazılır. Prezident belə bir tarixi Zirvənin anonsunu verdi. Bu da onu deməyə əsas verir ki,  türk dövlətlərinin Şuşa zirvəsində yeni tarixi  hadisələrin şahidi  olacağıq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Anar Məmmədli ilə bağlı hakimiyyətə çağırış edildi

Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Beynəlxalq Observatoriya Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbər …