Ana səhifə / Siyasət / Araz Əlizadə: “Qarabağ ATƏT-dən alınmalıdır”

Araz Əlizadə: “Qarabağ ATƏT-dən alınmalıdır”

Yalnız tövsiyə xarakterli qərarlar qəbul edə bilən ATƏT çərçivəsində Qarabağ münaqişəsini tənzimləmək qeyri-mümkündür. Tənzimlənmə prosesini BMT Təhlükəsizlik Şurasının fəaliyyət dairəsinə qaytarmaq lazımdır.

Milli Məclisin deputatı Araz Əlizadə bunu Azərbaycan XİN başçısının yaxın zamanlarda ermənistanlı həmkarı ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin son təkliflərini müzakirə etmək üçün görüşəcəkləri barədə bəyanatını şərh edərkən deyib.

Deputatın fikrincə, ATƏT bu problemin tənzimlənməsi üçün birmənalı olaraq heç bir şey edə bilməz, belə ki, qəbul etdiyi qərarları gerçəkləşdirmək üçün mexanizmlərə malik deyil. BMT TŞ-nin isə bu cür mexanizmləri mövcuddur: bunlar həm siyasi, həm iqtisadi, həm də hərbi əməliyyatlar yolu ilə həyata keçirilə bilər. Ermənistan məhz bu səbəbdən Qarabağ məsələsinin BMT-nin öhdəsinə verilməsinə qarşı çıxır, çünki anlayır – BMT TŞ işğalçını cəzalandıra bilər.

“Təsəvvür edək ki, ATƏT hər şeyi öz adı ilə çağırır və qərar verir ki, Ermənistan işğal etdiyi Qarabağı və ətrafdakı Azərbaycan ərazilərini mütləq şəkildə azad etməlidir. Bundan sonra separatçılıq dalğasında hakimiyyətə gəlmiş Koçaryan-Sarkisyan klanı əhalisinə elan edir ki, Ermənistan könüllü şəkildə ATƏT-in qərarını icra edir. Bu qədər il ərzində Qarabağa görə mafioz Qarabağ mafiyasının özünə qarşı qarət və alçaldıcı davranışına dözmək məcburiyyətində qalmış Ermənistan əhalisi, sadəcə olaraq, bu hakimiyyəti süpürüb Yerevandan atar. Sarkisyan təcili olaraq Moskvaya bir tərəfə bilet almağa məcbur olar”, – deputat deyir.

Ermənistan hakimiyyətinə ATƏT sərfəlidir, belə ki, əməli təzyiq göstərmək imkanı yoxdur. Məsələ BMT müstəvisinə keçirilməsə, alternativ olaraq yeganə qanuni, real və effektiv yol qalır: Azərbaycan ordusu işğal altında olan torpaqları qaytarmağa cəhd etməlidir.

“Belə olan halda bütün beynəlxalq təşkilatlar, o cümlədən 13 il əvvəl məlum 4 qətnamənin qəbul edildiyi BMT sükutla razılıqlarını bildirəcəklər. İşğalçılara KTMT də kömək edə bilməyəcək. çünki bu qurum yalnız üzv ölkəyə xarici müdaxilə olduğu halda işə qarışa bilər. Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olduğu zaman Qazaxıstan və Belarus prezidentlərinin tələbi ilə Qarabağın onların ərazisi olmadığı ilə bağlı parlament qərarı verməyə məcbur olmuşdu. Buna görə də, ərazi bütövlüyünün bərpası üzrə hərbi əməliyyat beynəlxalq təşkilatlar tərəfindən tanınmış Azərbaycan ərazisində aparılacaq”, – A.Əlizadə vurğulayıb.Virtualaz.org

Həmçinin oxuyun

Rauf Mirqədirov: “Ermənistan bir dövlət kimi “COP29”-a dəvət almalıdır”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında çıxış edərkən Ermənistanın Baş …