Cümə , Noyabr 22 2019
Ana səhifə / Siyasət / Döyülərək öldürülən jurnalistin 40 mərasimi keçirildi

Döyülərək öldürülən jurnalistin 40 mərasimi keçirildi

Səhiyyə Nazirliyi Rasim Əliyevin həkimləri ilə bağlı komissiya yaradıb; jurnalistin atası: “Barışıq mümkün deyil”

 
Sentyabrın 17-də döyülərək öldürülən jurnalist Rasim Əliyevin 40 mərasimi keçirilib. Mərasimdə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər və  Müsavat Partiyasının başqanı Arif Hacılı da iştirak edib.
Jurnalist Rasim Əliyevin atası Məmmədəli Əliyev “Yeni Müsavat”a açıqlama verib.
Məmmədəli Əliyev “Qəbələ” futbol klubunun hazırda həbsdə olan kapitanı Cavid Hüseynovun ailə üzvlərinin onlarla görüşmək istədiklərini, lakin buna etiraz etdiklərini bildirib: “Cavid Hüseynovun ailəsindən birbaşa bizimlə danışan olmayıb. Cəbrayıldan olan qohumlar, yaxınlar vasitəsilə bizə belə bir xəbər çatıb. Amma biz qəbul etməmişik. Barışıq mümkün deyil”.
Rasim Əliyevin atası günahkarların cəzalandırılmasını tələb etdiklərini qeyd edib.
Həkimlərlə bağlı heç bir tədbir görülmədiyini də deyən M.Əliyev  araşdırma üçün Səhiyyə Nazirliyi tərəfindən komissiyanın yaradıldığını bildirib: “İşi araşdıran müstəntiq bizə bildirdi ki, baş prokuror tərəfindən Səhiyyə Nazirliyinə müraciət olunub. Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb. Həkimlər haqda rəy verilməlidir. Bundan sonra həkimlərin günahının olub-olmaması araşdırılacaq və onlar barəsində tədbir görüləcək”.
Xatırladaq ki, avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi. Jurnalist aldığı xəsarətlərdən avqustun 9-da orada vəfat edib.
Jurnalist ölümündən əvvəl onu döyənlərin “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun qohumları olduğunu deyib.
İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da “Qəbələ” futbol klubunun heyətində Kipr Respublikasının “Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi facebook səhifəsində tənqidi fikirlər yazmış ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng vuraraq ondan təkzib verməyi tələb edib.
Bundan sonra C.Hüseynovun bibisi oğlu, 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar.
R.Əliyev Bakı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Jurnalistin vəziyyətinin yaxşı olduğu deyilsə də o, daxili qanaxmadan dünyasını dəyişib.
İstintaq zamanı R.Əliyevə məxsus “iPhone-5″ markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən ”Arzu” şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.
E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.
İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.
İlkin MURADOV




Həmçinin oxuyun

Ata Abdullayevə diplomatik pasport verilibmi?- XİN-dən rəsmi açqlama

“Ata Abdullayevin diplomatik pasportunun olması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”. Bu sözləri …

Bir cavab yazın