Sosial şəbəkədə biz:

Dövlətin suverenliyinə təhlükə: kiçiklik sindromunun daşıyıcıları

Dövlətin suverenliyinə təhlükə: kiçiklik sindromunun daşıyıcıları
Xəbər Şəkli
28 October 2026, 16:34
Gündəm

Birləşmiş Millətlər Təşkilatında üzvlük dövlətin müstəqilliyinin göstəricisi olduğu kimi, özünün inkişaf modelini və vektorunu seçmə hüququnu gerçəkləşdirməsi dövlətin suverinliyinin göstəricidir. Gələcəyini müstəqil şəkildə seçmək imkanı olmayan dövlətin suverenliyi ən yaxşı halda məhd, pis halda isə ümumiyyətlə yoxdur. Belarus BMT-nin üzvü olduğu üçün müstəqil dövlət hesab olunur, ancaq özünün xarici siyasət vektorunu seçmə hüququndan məhrum olduğu üçün suverinliyini itirmiş müstəqil dövlətdir.  

Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsi Kremlin Ukraynanın müstəqil dövlət olaraq özünün inkişaf modelini və xarici siyasət vektorunu seçmə hüququnu tanmaq istəməməsinin nəticəsidir. Kremlin imperiya siyasətinin təməlində Rusiyanın müstəsna üstünlüyə malik olması haqqındakı raşizm fələsfəsi dayanır. Raşizm fələsfəsinə görə Rusiya imperiyasının sərhədlərinin əhatə etdiyi coğrafiyada və Rusiyanın həyati maraqlarının olduğu bölgələrdə xalqların gələcəyini müstəqil şəkildə seçmək cəhdi Moskvaya qarşı üsyandır və buna görə ağır şəkildə cəzalandırılmalıdır. Ukraynanın dinc şəhər və kəndlərinin viran edilməsinin səbəbi raşizm fəlsəfəsidir. Raşizmin daşıyıcılarına görə Ukrayannın Avropa inkiaşf yolunu seçməsi Moskvanın həyati əhəmiyyətli maraqlarına, təhlükəsizliyinə qarşı olduğu üçün Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsi ligitimdir. Keçmiş Rusiya imperiyasının əhatə etdiyi coğrafiyada, o cümlədən Azərbaycanda raşizmin təsirində olan, Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsinə bəraət qazandıranlar var. Belələri əsasən kiçiklik sindromunun daşıyıcılarıdır. Özünü başqalarından zəif, aşağı və əhəmiyyətsiz hiss edən bu insanlar üstün hesab etdiklərinin bütün əməllərini ligitim, hətta qanuni hesab edirlər. 

“Hicab məsələsi”nə görə Azərbaycanı aşağılayanalara bəraət qazandıranlar da kiçiklik sindromunun daşıyıcılarıdır. Youtube kanallların efirində, sosial şəbəkələrin Azərbaycan seqmentində çoxlu sayda kiçiklik sindromunun daşıyıcısını görmək mümkündür. 

Ukrayna xalqı gələcəyini müstəqil şəkildə seçmək hüququnu müdafiə etmək üçün 1708 gündür ki dünyanın ikinci böyük ordusuna, nüvə və enerji gücü hesab olunan Rusiyaya qarşı qeyri-bərabər döyüşdə bəşər tarixinin ən böyük qəhrəmalıq dastanın yazmaqdadır. 

Azərbaycanda isə kiçiklik sindromunun daşıyıcıları Türkiyənin “hicab hassasiyeti”nin nəzərə alınmasında israr edir, əks halda Azərbaycanın yox olub gedəcəyini bəyan etməkdən çəkinmirlər. Azərbaycanın başı üzərini belə bir təhlükə 1991-1993-cü illərdə almışdı. Bu o zaman idi ki, Türkiyə dövləti Alparslan Türkeş vasitəsi ilə Parisdə, Crillon Hotel-də Ermənistan prezidenti Levon Ter-Petrosyanla separat danışıqlar aparırdı. Həmin danışıqlar haqqında burada geniş yazmaq istəmirəm. Maraqlananlar Alparslan Türkeşin oğlu Tuğrul Türkeşin həmin danışıqlarla bağlı xatirələrini internetdən tapıb oxuya bilərlər. 

Alparslan Türkeş Levon Ter-Petrosyanla separat danışıqlar  aparanda Rusiya və İran bütün vasitələrdən istifadə edərək Ermənistanı dəstəkləyir və yeni doğulmuş Azərbaycan dövlətini şikəst etməyə, gələcəyi olmayan dövlətə çevirməyə çalışırdı. Postsovet məkanını Rusiyanın nüfuz və təsir dairəsi hesab edən Qərb Azərbaycanın başına gələnləri Rusiyanın “daxili işi” hesab edirək Azərbaycan xalqının faciəsini seyr edirdi. Fələstin və Livanda döyüş təlimi keçmiş erməni terrorçuları Azərbaycan dövləti və xalqını məhv etməyə çalışdıqları o ağır günlərdə Azərbaycan siyasi elitası Vitali Portnikovnun ifadə etdiyi kimi Əbülfəz Elçibəy və Heydər Əliyevin simasında yenidən qruplaşa bildi və dövlətin, xalqın başı üzərini almış fəlakətin qarşısı alındı. 

İndi təqvimdə tarix 2026-cı ili göstərir və Azərbaycan üçün ölümcül təhlükə mənbəyi olan Rusiya və İranın özü ölüm yatağındadır. Mümkündür ki, bir neçə həftə sonra bu cütlüyün kiçik tayı tarixin səhnəsindən silinsin. Bütövlükdə isə onların bu yataqdan qalxması möcüzə olar. Hətta sağalsalar belə uzun illər heç kim üçün ciddi təhlükə mənbəyi olmayacaqlar. Bölgədə isə Azərbaycansız həyata keçirilməsi mümkün olmayacaq nəhəng layihələrə start verilib. Bu layihələrin həyata keçirilməsində ABŞ, Çin, Avropa İttifaqı, Böyük Britaniya, Hindistan və İsrail eyni dərəcədə maraqlıdır. Bu layihələr Cənubi Qafqazla Mərkəzi Asiyanı vahid məkana çevirməklə yanaşı bu bölgələrdəki türk dövlətlərinin suverinliyini tam təmin edəcək. 

Azərbaycan dövləti və xalqı üçün ölümcül təhlükələrlə dolu olan 1991-1993-cü illər geridə qaldığı və unudulduğu kimi, indiki gərrginliklər tarixə qovuşacaq. Tarixin yaddaşında isə kiçiklik sindromunun daşıyıcılarının dövlətin və xalqın maraqların təhlükəyə atan, öz dövlətlərinə qarşı qardaş da olsa, başqa bir dövlətin maraqlarını müdafiə edən sözləri qalacaq.

Xaqani Cəfərli, politoloq