Sosial şəbəkədə biz:

Cibinizdəki hər 100 manatın 92-si təhlükədə

Cibinizdəki hər 100 manatın 92-si təhlükədə
Xəbər Şəkli
23 October 2026, 09:02
Gündəm

Azərbaycanın dövlət büdcəsinin gəlirlərində növbəti illərdə neft transfertlərinin azalması, vergi daxilolmalarının isə artması gözlənilir. Proqnozlara əsasən, 2030-cu ilədək Dövlət Neft Fondundan büdcəyə köçürmələr 9,35 milyard manata endiriləcək, vergi gəlirləri isə 26 milyard manatı ötəcək. Bu barədə 2027-2030-cu illər üzrə dövlət büdcəsinin gəlirlərinə dair proqnoz göstəricilərində bildirilib.

Bu proses büdcənin neft gəlirlərindən asılılığına və əhalinin vergi yükünə necə təsir edəcək? Dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə verə bilərmi?

Globalinfo.az-a danışan Asif İbrahimov deyib ki, bu, Neft Fondundan transfertin təxminən 27,2 faiz azalması deməkdir:

“İlk baxışdan bu dəyişiklik büdcənin neft gəlirlərindən asılılığının azaldılması istiqamətində addım təsiri bağışlayır. Lakin əsas məsələ bu dəyişikliklərin hansı iqtisadi mexanizmlər hesabına həyata keçirilməsidir. Burada əsas risk odur ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığını azaltmaq adı altında vergi daxilolmalarının artırılması əsas hədəfə çevrilə bilər. Vergi gəlirlərinin yüksəlməsi özlüyündə iqtisadiyyatın güclənməsinin göstəricisi deyil. Bu artım yeni müəssisələrin yaradılması, istehsalın genişlənməsi, əmək məhsuldarlığının yüksəlməsi və qeyri-neft ixracının artması hesabına baş verirsə, müsbət nəticədir. Ancaq artım əsasən mövcud biznesin üzərinə əlavə fiskal yük qoyulması, vergi inzibatçılığının sərtləşdirilməsi və istehlakdan daha çox vergi toplanması hesabına əldə edilirsə, bunun iqtisadiyyata mənfi təsirləri mümkündür. Azərbaycan hökuməti bir fundamental məsələni nəzərə almalıdır. Ölkənin pul gəlirlərinin, büdcə daxilolmalarının və iqtisadi fəallığının neft sektorundan asılılığını azaltmaq üçün 30 ilə yaxın müddət ərzində daha sistemli struktur islahatları həyata keçirilməli idi. Əgər bu gün də iqtisadiyyatın maliyyə dayanıqlılığı neft gəlirlərindən ciddi şəkildə asılıdırsa, bu, iqtisadi modelin şaxələndirilməsi istiqamətində görülən işlərin nəticələrinin yenidən qiymətləndirilməsini tələb edir. Kobud hesabalamalara görə, cibimizdəki hər 100 manatın 92 manatı neft pulları ilə əlaqəlidir”.Asif İbrahimov

İqtisadçı bildirib ki, dövlət büdcəsindən maliyyələşən iş yerləri, pensiyalar və sosial ödənişlər əhalinin gəlirlərinin formalaşmasında mühüm rol oynayır:

“Dövlət həmin gəlirləri vergilər vasitəsilə yenidən büdcəyə qaytarmağa çalışarkən vergi yükünün və qiymət artımının ailələrin sərəncamında qalan vəsaitə təsirini nəzərə almalıdır. Vətəndaşın gəliri artırılmadan onun ödədiyi birbaşa və dolayı vergilər, kommunal xərcləri və gündəlik istehlak xərcləri yüksəlirsə, sərəncamında qalan pul azalır. Əvvəllər ayda dörd dəfə restorana gedən insan bu səfərlərin sayını azaldacaq. Kostyumunu kimyəvi təmizləməyə verən şəxs həmin xidmətdən imtina edib paltarını evdə təmizləməyə çalışacaq. Taksi xidmətindən istifadə edən vətəndaş daha ucuz nəqliyyat vasitəsinə keçəcək. Bunlar ayrı-ayrılıqda kiçik qərarlar kimi görünə bilər, amma milyonlarla istehlakçının eyni istiqamətdə davranması iqtisadiyyatda ciddi tələb azalması yarada bilər.

Büdcəyə daha çox vergi toplamaq niyyəti ilə əhalinin və biznesin maliyyə imkanlarını zəiflətmək arasında ciddi ziddiyyət yaranar. İqtisadiyyatda vergi daxilolmalarının artması üçün vergi dərəcələrini yüksəltmək yeganə vasitə deyil. İstehsalın genişlənməsi, yeni bizneslərin yaranması, əməkhaqlarının artması, qeyri-rəsmi fəaliyyətin leqallaşdırılması və ixracın şaxələndirilməsi də vergi bazasını böyüdür”.

Ekspert qeyd edib ki, transfertlərin azalması ilə paralel olaraq dövlət xərclərinin strukturu, investisiya layihələrinin səmərəliliyi və büdcə vəsaitlərinin istifadəsi də yenidən qiymətləndirilməlidir:

“Dövlət xərclərinin səmərəliliyi artırılmırsa, qeyri-prioritet xərclər optimallaşdırılmırsa və iqtisadiyyat daha çox əlavə dəyər yaratmırsa, çatışmayan vəsaiti yalnız vergilərin artırılması ilə əvəz etmək uzunmüddətli həll yolu deyil. Qeyri-neft sektorunun inkişafını yalnız vergi daxilolmalarının artımı ilə ölçmək səhv yanaşmadır. Ən mühümü də odur ki, büdcənin neftdən asılılığını azaltmaqla yanaşı, ölkənin neftdən kənar iqtisadi imkanları da gücləndirilməlidir. Əks halda, büdcədə bir gəlir mənbəyinin payı azalacaq, digərinin payı artacaq, amma iqtisadiyyatın istehsal potensialı və əhalinin rifahı eyni sürətlə yüksəlməyəcək. Dövlətin maliyyə dayanıqlılığı yalnız büdcəyə daha çox pul toplamaq qabiliyyəti ilə ölçülmür. O, həm də ölkənin büdcə gəlirlərini davamlı şəkildə yaradan rəqabətqabiliyyətli iqtisadiyyata, səmərəli dövlət xərclərinə, güclü özəl sektora və artan real əhali gəlirlərinə malik olması deməkdir. İslahatların əsas meyarı da məhz bu nəticələr olmalıdır”.