Ölkədə qalmaqal doğuran hadisələrin (qətllər, dava-dalaşlar, ağır qəzalar, dini, milli motivli öcəşmələr və s.) müzakirəsi zamanı cəmiyyətin iki, bəzən isə üç tirəyə bölünməsi halları tez-tez baş verir.
Bir çox hallarda hər kəs baş verənlərə öz dünyagörüşünə, düşüncəsinə, qanacaq-qabiliyyətinə görə qiymət verir, fikir bildirir.
Ancaq neçə vaxtdır ki, bu cür hadisələrdən sonra rəy bildirənlər iki əsas qrupa bölünürlər və müzakirələrdə ictimai-siyasi mövqelər ön plana çıxır.
Əvvəllər belə hallarda tez-tez “məsələni siyasiləşdirmək düzgün deyil” fikri səslənərdi, ancaq hazırda gerçəkdən bütün məsələlər siyasiləşdirilir. Hətta insanlar olub-bitənlər zümrə, təbəqə, sinif prizmasından yanaşırlar. (Bunun ciddi səbəbləri var, amma başqa söhbətin mövzusudur).
Bu mövzuda əvvəllər də qeydlərimiz olub. Müğənni Ağadadaş Ağayevin klinika mühafizəçisi ilə, axırı “xoşbəxt sonluq”la (xoşbəxtlikdən, ölən, yaralanan, həbs edilən olmamışdı) bitən qovğası zamanı cəmiyyətin necə iki tirəyə bölündüyü bariz şəkildəydi.
Uzun illər xalqın sevimli sənətkarı olmuş məşhur müğənni birdən-birə Hindistindakı ali zümrəyə - kşatrilərə mənsubmuş kimi bir statusda təqdim olunur, ağır dillə tənqid edilir, pislənilirdi. Ona münasibətdə heç bir yüngülləşdirici hal (yaşı, sənəti, hadisə zamanı orqanizmindəki ağrı-acı) nəzərə alınmırdı.
Onunla dalaşan mühafizəçi isə avtomatik olaraq zəhmətkeş xalqın nümayəndəsi, yenə Hindistan standartları ilə götürsək, şudra kastasından hesab edildiyi üçün sadə xalqın təmsilçiləri onun tərəfində idilər. Mübahisələr bu müstəvidə gedirdi. Özlərini orta təbəqədən yuxarı hiss edənlər sənətçini, orta təbəqədən aşağıda sayanlar isə mühafizəçini dəstəkləyirdilər.
Neytral mövqedən baxsaq, qovğa edənlərin hər ikisinin davranışında qüsur vardı və heç birinə tamamilə haqq qazandırmaq mümkün deyildi.
O vaxtdan bəri ictimai müzakirələrdə dəyişən bir şey yoxdur, yenə də adamlar hadisələrə ictimai silk, siyasi mövqe prizmasından qiymət verirlər.
Deputat Arzuxan Əlizadənin övladının adının qarışdığı faciəvi hadisəyə baxış da həmin zəmində müzakirə olunur. Ölən və öldürən bir kənarda qalıb, əksər şərhçilər deputatın oğlunun və özünün üzərinə fokuslanıblar.
Əlbəttə, burada A.Əlizadənin tanınmış adam, MM üzvü, partiya sədri olmasının rolu böyükdür. Ancaq müzakirələri bu cür qızğın edən səbəb zümrə məsələsinə bağlıdır.
Açığı, sosial şəbəkədə şərh yazanların çoxu tanımaza-bilməzə deputat A.Əlizadəni yüksək təbəqəyə, kübar cəmiyyətə, varlı-imkanlı kastaya aid edirlər. A.Əlizadəni 37,8 il əvvəldən tanıyan biri kimi deyə bilərəm ki, o, sadə xalqın nümayəndəsidir və indiki statusuna uzun illər bir partiyada sabitqədəm şəkildə çalışa-çalışa çatıb. İndiyəcən heç kəs onun dilindən kiməsə qarşı tikanlı, qırıcı, “zərbəçi” söz eşitməyib. O, həlim xasiyyətli, mötədil siyasi baxışlara malik biridir, ona dolayısı ilə dəxli olan hadisəyə görə birbaşa və ağır ifadələrlə tənqid edilməyə layiq deyil.
İndi onun övladının başına pis bir iş gəlib, Allah heç kəsə göstərməsin. Bu, elə məsələdir ki, heç kəs bu və digər xoşagəlməz situasiyalara ürcah olmaqdan sığortalanmayıb. Həyatdır, hər şey ola bilər. Müasir həyatın ritmi o qədər sürətlənib, o qədər dəyişkən olub ki, məşhur ifadə ilə desək, bu gündən sabaha etibar yoxdur.
Üstəlik, söhbət müstəqil həyata 20 il öncədən atılmış övladın hərəkətindən, özünə necə bir dostlar dairəsi seçməsindən gedir. Bir atanın 35 yaşını keçmiş yetkin şəxsə nəzarət etmək imkanı çox azdır. Ailə tərbiyəsinə gəlincə, bu çoxdan sübut olunub ki, indiki dövrdə yetişməkdə olan yeniyetmələr ailə və məktəbdən çox, küçə və məhəllənin, ətraf mühitin aşındırıcı konyukturunun təsirlərinə məruz qalır.
Ona görə də kəmfürsətlik etmək, oğlunun başına gəlmiş xoşagəlməz hadisəyə görə xalqın bağrından çıxmış və heç də burjuylaşmamış bir ziyalını yerdən-yerə vurmaq ədalətsizlikdir.
Tezliklə hadisənin bütün detalları aydın olacaq, bu saatdan sonra heç nə gizli qalmayacaq. Yəni “atası deputatdlr, oğlunu məsuliyyətdən yayındıracaq” ehkamı kəsmək düzgün deyil. Əhmədin kriminal təqsiri varsa, cəzasını alacaq, yoxdursa, ən azı dostunun ölümünə görə vicdan əzabı ilə yaşayacaq.