Sosial şəbəkədə biz:

Gələn il maaşlar, pensiyalar və sosial yardımlar artacaq – AÇIQLAMA

Gələn il maaşlar, pensiyalar və sosial yardımlar artacaq – AÇIQLAMA
Xəbər Şəkli
28 October 2026, 16:57
Sosial

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanlı sosial yardım alan ailələrdə adambaşına düşən yardımın məbləğinin yüksəlməsinə, eyni zamanda yardımın əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq".

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda əvvəlki illərdə olduğu kimi, bu il də dövlət büdcəsi sosialyönümlüdür.

“Artıq bir neçə ildir ki, dövlət büdcəsində sosialyönümlü xərclər 40 faizdən çox təşkil edir. Bu il dövlət büdcəsində sosialyönümlü xərclərin 18,9 milyard manat olması nəzərdə tutulur. Bu, ümumi büdcə xərclərinin 44 faizi deməkdir. Beləliklə, büdcənin təxminən yarısına yaxın hissəsi sosialyönümlü xərclərə yönəldiləcək.

Bu xərclərə əməkhaqlarının ödənilməsi, səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman siyasəti, eləcə də sosial müdafiə və sosial təminat tədbirlərinin maliyyələşdirilməsi daxildir. Məhz bu istiqamətlər üzrə büdcə xərcləri cari illə müqayisədə artacaq”, – deyə komitə sədri bildirib.

Musa Quliyev qeyd edib ki, bu artımlar gələn il təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat siyasətinin daha uğurla həyata keçirilməsinə imkan yaradacaq: "Sözsüz ki, altıncı sosial zərfin qəbulunun əhəmiyyəti olduqca böyükdür. “Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyev altıncı sosial zərfin qəbul olunması ilə bağlı xalqımıza müjdə verdi. 2009-cu ildən bu günə qədər beş sosial zərf qəbul edilib. Bu sosial paketlərin həyata keçirilməsi nəticəsində dövlət büdcəsindən əlavə olaraq 8 milyard manata yaxın vəsait ayrılıb. Bununla da 4 milyona yaxın insanın sosial təminatı yaxşılaşdırılıb.

Gələn ildən altıncı sosial zərfin qəbul edilməsi minimum əməkhaqqının, minimum pensiyanın, orta aylıq əməkhaqqının və pensiyaların, eləcə də müavinətlərin, təqaüdlərin artırılmasına imkan verəcək”.

O əlavə edib ki, minimum əməkhaqqının artırılması həm özəl sektorda, həm də dövlət büdcəsi hesabına fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan insanların əməkhaqlarının yüksəlməsinə şərait yaradacaq.