Tofiq Zülfüqarov: “Rusiyada siyasi elita üçün müharibənin qəfil və açıq məğlubiyyətlə başa çatması ciddi daxili siyasi risklər yarada bilər”
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın Sülh Şurasında iştirakı, regionda baş verən hadisələr - İran ətrafında vəziyyətin gərginləşməsi, Azərbaycan-Rusiya münasibətlərində davam edən problemlər, eləcə də Ukraynada müharibənin bitməsi perspektivi ilə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Tofiq bəy, Prezident İlham Əliyevin də qatıldığı Sülh Şurasının Vaşinqtonda keçirilən toplantısı başa çatdı. ABŞ Prezidentinin bu təşəbbüsündən nə gözləyirsiniz?
- Bu təşəbbüs ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü platformadır və təşkilatın formalaşma prosesi hələ davam edir. Belə beynəlxalq təşəbbüslərin institusional baxımdan tam oturuşması müəyyən vaxt tələb edir. Azərbaycan dövləti və dövlət başçısı qlobal siyasi proseslərin əsas istiqamətlərində fəal iştirak edir və ölkəni beynəlxalq platformalarda təmsil edir. Azərbaycan–Ermənistan sülh prosesinin irəliləməsi və sülhə nail olunması beynəlxalq gündəmdə mühüm yer tutur. Bu prosesin ABŞ administrasiyası tərəfindən dəstəklənməsi Vaşinqton üçün diplomatik uğur kimi təqdim oluna bilər. Azərbaycanın həmin toplantıda iştirakı həm regional sabitlik baxımından, həm də ABŞ rəhbərliyinin beynəlxalq imici kontekstində əhəmiyyət daşıyır.
Bu təşkilatın yaradılmasının əsas səbəblərindən biri Yaxın Şərqdə davam edən münaqişələr, xüsusilə Qəzza zolağında yaranmış böhrandır. Məqsəd bu vəziyyətin həlli yollarını müzakirə etmək və siyasi mexanizmlər tapmaqdır. Azərbaycanın bu proseslərdə aktiv iştirakı önəmlidir. Bundan əvvəl Misirdə keçirilən yüksək səviyyəli görüşlər də göstərir ki, rəsmi Bakı regiondakı məsələlərdə balanslı və konstruktiv mövqe sərgiləyir.
- Qəzza ilə bağlı beynəlxalq prosesdə yaxından iştirak Azərbaycana nə üçün lazımdır?
- Qəzza problemi Yaxın Şərq münaqişəsinin ən həssas komponentlərindən biridir. Yaxın Şərq münaqişəsinin kökləri 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi bölünmə planına gedib çıxır. Həmin sənəddə iki dövlətin – İsrail və Fələstin dövlətlərinin yaradılması, eləcə də Qüds şəhərinə xüsusi beynəlxalq status verilməsi nəzərdə tutulurdu. Qüdsün xüsusi status məsələsi təsadüfi deyildi. Çünki bu şəhər üç böyük səmavi din üçün müqəddəs məkandır. Müsəlmanlar üçün Əl-Əqsa məscidi, xristianlar üçün Müqəddəs Məzar kilsəsi, yəhudilər üçün isə Qərb divarı burada yerləşir. Tarix boyu bu məkan müxtəlif dövrlərdə fərqli güclərin nəzarətində olub. Bu səbəbdən beynəlxalq təminat mexanizmi ideyası ortaya çıxmışdı. Sonrakı hərbi qarşıdurmalar nəticəsində Qüdsün böyük hissəsi İsrailin nəzarətinə keçib və şəhərin statusu bu gün də beynəlxalq mübahisə mövzusu olaraq qalır. Bu məsələlərin müzakirəsində Azərbaycanın iştirak etməsi İslam dünyası ilə dialoq baxımından mühüm əhəmiyyət daşıyır.
- Hazırkı vəziyyəti necə qiymətləndirirsiz, davamlı sülh mümkündürmü?
- Həqiqətən də Qüdsdə demoqrafik dəyişikliklər müşahidə olunur və bu, şəhərin gələcək statusu ilə bağlı müzakirələri daha da mürəkkəbləşdirir. Vaxtilə müəyyən edilmiş xüsusi status məsələsi, ehtimal ki, əsasən müqəddəs məkanlara şamil edilirdi. Çünki həmin ərazilər coğrafi baxımdan məhdud bir sahəni əhatə edir. Bu müqəddəs məkanlarla bağlı üç səmavi dinin nümayəndələri danışıqlar yolu ilə müəyyən beynəlxalq mexanizm üzərində razılığa gələ bilərlər. Mövcud vəziyyət nə xristian dünyasını, nə də müsəlmanları tam qane edir. Vatikan bu mövqeyini açıq şəkildə ifadə edir. Eyni zamanda, İsrailin öz daxilində də Qüdsün statusu ilə bağlı fərqli siyasi baxışlar mövcuddur.
ABŞ administrasiyasının Yaxın Şərq siyasətində fəal rol oynayan şəxslər – Stiv Uitkoff və Cared Kuşner daha praqmatik və kompromisə açıq yanaşmanın tərəfdarları kimi təqdim olunurlar. İstisna deyil ki, mümkün sülh təşəbbüsləri çərçivəsində müqəddəs yerlərin gələcəkdə beynəlxalq təminat mexanizmi ilə qorunması məsələsi də müzakirə oluna bilər.
Əgər belə bir mexanizm formalaşarsa və qəbul edilərsə, bu, Yaxın Şərq münaqişəsinin əsas düyün nöqtələrindən birinin həllinə ciddi töhfə verə bilər.
- Tramp Sülh Şurasına üzv olan ölkələrin, o cümlədən Azərbaycanın maddi dəstək verdiyini bildirdi, rəsmi Bakı isə bunu təkzib etdi. Gələcəkdə Azərbaycan maddi dəstəklə prosesə qoşula bilərmi?
- Burada əsas məsələ maliyyə deyil. Əsas məsələ siyasi və institusional həll mexanizminin formalaşdırılmasıdır. Əgər müqəddəs məkanların beynəlxalq statusu ilə bağlı geniş razılaşma əldə olunarsa, İslam ölkələri, eləcə də digər maraqlı tərəflər bu prosesdə iştirak etmək üçün təşəbbüs göstərəcəklər. Bəzən biz maliyyə faktorunu ön plana çəkirik, lakin bu məsələdə siyasi iradə və beynəlxalq razılaşma daha vacibdir. İslam ölkələri arasında da müəyyən nüfuz və təsir rəqabəti mövcuddur. Gələcəkdə xüsusi statusun təminatı üçün yaradılacaq mümkün beynəlxalq idarəetmə və ya müşahidə mexanizmində təmsil olunmaq bir çox ölkələr üçün prestij məsələsi olacaq. Qüds İslam dünyası üçün müqəddəs məkanlardan biridir. Bu baxımdan Azərbaycanın prosesdə iştirakı yalnız maliyyə deyil, siyasi və diplomatik baxımdan daha önəmlidir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan ümumislam və ümumbəşəri xarakter daşıyan məsələlərin həllində fəal və balanslı mövqe sərgiləyir.
- Bu gün gündəmin əsas mövzularından biri İran ətrafındakı vəziyyətdir. Beynəlxalq mediada Pentaqona istinadla xəbərlər yayılır ki, gələn həftə İrana zərbə endirilə bilər. Digər tərəfdən isə danışıqların getdiyi və müəyyən irəliləyişlərin olduğu bildirilir. Vəziyyət necə inkişaf edə bilər?
- İran ətrafındakı vəziyyət hazırda olduqca həssas və çoxşaxəlidir. Bir tərəfdən hərbi ssenarilərlə bağlı məlumatlar yayılır, digər tərəfdən diplomatik kanalların açıq saxlanıldığı bildirilir. Bu, klassik təzyiq və danışıqlar paralelliyi modelidir. Hərbi zərbə ehtimalı tam istisna oluna bilməz, lakin belə addımın region üçün ciddi və genişmiqyaslı nəticələri ola bilər. İranın cavab reaksiyası, region ölkələrinin mövqeyi və enerji bazarlarına təsir faktorları nəzərə alınmalıdır. Buna görə də tərəflər üçün diplomatik həll yolu daha rasional seçim hesab olunur.
Hazırkı mərhələdə prosesin iki istiqamətdə inkişafı mümkündür: ya danışıqlar intensivləşəcək və gərginlik müəyyən qədər azalacaq, ya da qarşılıqlı ittihamlar və hərbi ritorika artaraq daha riskli mərhələyə keçəcək. Region ölkələri üçün əsas prioritet sabitliyin qorunması və münaqişənin genişlənməsinin qarşısının alınmasıdır.
- ABŞ tərəfindən İrana qarşı ultimatum xarakterli şərtlər irəli sürülüb. Tehranın hansı qərarı qəbul edəcəyi ağlabatandır?
- Doğrudur, İrana qarşı Qərb, ilk növbədə isə Amerika Birləşmiş Ştatları tərəfindən müəyyən ultimativ xarakter daşıyan şərtlər irəli sürülüb. Bu şərtlərin qəbul olunub-olunmaması məsələsi İran daxilində də ciddi fikir ayrılıqlarını üzə çıxarır. Əsas sual budur: yekun qərarı kim verəcək və hansı mövqe üstünlük təşkil edəcək.
İranda idarəetmə sistemi özünəməxsus quruluşa malikdir – siyasi (mülki) hakimiyyətlə dini hakimiyyət paralel şəkildə fəaliyyət göstərir. Bu model uzun illərdir daxili müzakirə və narazılıq mövzusudur. Son illərdə baş verən etirazların əsas tələblərindən biri də dinin dövlət idarəçiliyindən ayrılması, dini institutların daha çox mənəvi sferada fəaliyyət göstərməsi idi. İran cəmiyyətində və siyasi elitasında bu istiqamətdə diskussiyaların getdiyi istisna deyil. Xüsusilə ali dini rəhbərliyin sağlamlıq vəziyyəti və gələcək varislik məsələsi də sistem daxilində qeyri-müəyyənlik yaradır. Bu baxımdan, ölkə daxilində müəyyən böhran əlamətlərinin mövcud olduğu görünür.
Hərbi əməliyyatların başlanması ehtimalına gəldikdə, genişmiqyaslı quru əməliyyatları real görünmür. Lakin hava zərbələri və raket hücumları ssenarisi daha çox mümkün hesab olunur. Eyni zamanda İranın cavab reaksiyası da region üçün ciddi nəticələr doğura bilər.
Belə bir eskalasiya qlobal enerji bazarına dərhal təsir edər. Neft qiymətləri qısa müddətdə kəskin arta bilər. Uzunmüddətli perspektivdə isə bazar müəyyən balans tapa bilər, lakin ilkin mərhələdə ciddi dalğalanmalar qaçılmazdır. İranın ixrac imkanlarının azalması digər neft ixracatçılarının – o cümlədən Rusiya və digər ölkələrin bazardakı rolunu müvəqqəti artıra bilər.
Təəssüf ki, hazırda problemin diplomatik həlli ilə bağlı aydın və sabit mexanizm görünmür. Azərbaycan üçün isə əsas prioritet sülh və sabitlikdir. İranla etnik, dini və tarixi bağlarımız var. Bu səbəbdən orada hərbi əməliyyatların başlaması və insan itkilərinin artması Azərbaycan üçün arzuolunmaz ssenaridir.
- Tofiq bəy, Münhen Təhlükəsizlik Konfransında Prezidentin məlum çıxışı, Rusiyanın Ukraynada Azərbaycan infrastrukturunu hədəfə almasını sərt üslubda dilə gətirməsi və Prezidentin Volodimir Zelenski ilə səmimi görüşü Rusiyada necə qəbul olunur? Bundan sonra Rusiya–Azərbaycan münasibətləri necə proqnozlaşdırıla bilər?
- Bu vəziyyəti münasibətlərdə davam edən böhranın tərkib hissəsi kimi qiymətləndirmək olar. Rusiya siyasi elitasında Azərbaycanla bağlı müəyyən narahatlıq mövcuddur və ölkəmizin Qərblə fəal əməkdaşlığı bəzən Rusiyanın təsir dairəsinin zəifləməsi kimi təqdim olunur. Nəticədə informasiya müstəvisində Azərbaycana qarşı daha sərt ritorika müşahidə edilir. Son dövrdə Rusiya mediasında və müxtəlif platformalarda Azərbaycana və onun rəhbərliyinə qarşı tənqidi materialların artması, diaspor müstəvisində təzyiqlərin hiss olunması informasiya müharibəsi elementləri kimi qiymətləndirilə bilər. Bu, açıq hərbi qarşıdurma deyil, lakin informasiya və təsir mexanizmləri üzərindən aparılan rəqabətdir.
Eyni zamanda, bu tendensiya təkcə Azərbaycana qarşı yönəlməyib. Postsovet məkanında – Qazaxıstan, Özbəkistan, Tacikistan və digər ölkələrə münasibətdə də oxşar yanaşmalar müşahidə olunur. Bu isə onu göstərir ki, məsələ yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, daha çox Rusiyanın mövcud siyasi elitasının geosiyasi baxışları ilə bağlıdır. Həmin baxışa görə, regionda əsas güc mərkəzi Moskva olmalıdır və digər ölkələrin müstəqil siyasət yürütməsi müəyyən narahatlıq doğurur.
Hazırkı mərhələdə Rusiyanın genişmiqyaslı hərbi addımlar atmaq imkanları məhduddur, lakin informasiya və siyasi təsir alətləri aktiv şəkildə istifadə olunur. Buna baxmayaraq, Azərbaycan balanslı və praqmatik xarici siyasətini davam etdirir. Rəsmi Bakı qarşıdurma tərəfdarı deyil, lakin suverenlik və milli maraqlar prinsipial şəkildə qorunur. Münasibətlərin normallaşması üçün hər iki tərəfin siyasi iradəsi vacibdir.
- Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar da nəticəsiz qalıb. Bu prosesdən nə gözləyirsiniz? Tükəndirmə müharibəsi bu il davam edəcəkmi?
- Hazırda müharibə tükəndirmə mərhələsində davam edir. Həm Ukrayna, həm də Rusiya rəhbərliyi dörd ildir davam edən müharibənin nəticələrini daxili auditoriyaya müəyyən formada “qələbə” kimi təqdim etməyə çalışır. Lakin reallıq ondan ibarətdir ki, böyük insan itkiləri və iqtisadi itkilər fonunda aydın və birmənalı qələbə modeli formalaşmayıb. Rusiyada siyasi elita üçün müharibənin qəfil və açıq məğlubiyyətlə başa çatması isə ciddi daxili siyasi risklər yarada bilər.
Eyni şəkildə, Ukraynada da əldə olunan nəticələrin cəmiyyətə necə təqdim ediləcəyi mühüm məsələdir. Bu səbəbdən tərəflər kompromisə getməkdə çətinlik çəkirlər. Yaxın perspektivdə genişmiqyaslı sülh razılaşmasının əldə olunması ehtimalı zəif görünür. Daha real ssenari müharibənin aşağı intensivliklə davam etməsi, lokal hücumlar və mövqe dəyişiklikləri ilə müşayiət olunan uzanan qarşıdurmadır. Tərəflərin hər biri qarşı tərəfi iqtisadi, hərbi və siyasi baxımdan tükəndirməyə çalışır. Bu prosesin nə qədər davam edəcəyi həm cəbhədəki vəziyyətdən, həm də beynəlxalq dəstəyin dinamikasından asılı olacaq. Lakin indiki mərhələdə qısa müddətdə tam və dayanıqlı sülh perspektivi zəif qiymətləndirilir. AzPolitika