“Məqsədləri Türkiyə və Azərbaycanı İrana qarşı qaldırmaq idi” - Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadə ABŞ-İsrail alyansının İrana qarşı iki həftədir davam edən hərbi əməliyyatlarının gedişi, müharibənin gözlənilən nəticələri, bölgə dövlətlərlərinin yürütdüyü siyasət və digər mövzularla bağlı “AzPolitika”nın suallarını cavablandırıb.
Müsahibəni oxuculara təqdim edirik:
- Zərdüşt bəy, İrana qarşı ABŞ-İsrail koalisiyasının başlatdığı müharibənin 12 günü geridə qalıb. Bu müddətdə müttəfiqlər əsas məqsədlərinə nail olubmu, ötən iki həftəni necə xarakterizə edirsiz?
– 2022-ci ilin fevralında Rusiya Prezidenti Vladimir Putin düşünürdü ki, 3–5 günə Ukraynanı ələ keçirəcək. Eyni şəkildə İsrail də hesab edirdi ki, bir-iki gün ərzində hərbi hava zərbələri ilə İranı məğlub edə biləcək. Lakin əksinə oldu. İran ilk gündən ciddi zərbələr endirdi.
- Hesabatlar var ki, İranın cavab zərbələrinin sayı kəskin azalıb və sursatı qısa müddətdə tükənəcək...
- İndi bəziləri deyir ki, İranın sursatı tükənir. Amma İranın hərbi strategiyası belə idi ki, ilk mərhələdə kütləvi zərbələrlə İsrailin müdafiə sistemlərini və resurslarını zəiflətsin. İndi isə daha müasir və dəqiq raketlərdən istifadə edir. Artıq iranlılar bir çox hədəfi dağıdıblar. İsraildə bəzi hərbçilər və siyasətçilər hökuməti tənqid edirlər. Məsələn, deputat Itamar Ben-Gvir, hansı ki, müsəlmanlara qarşı sərt mövqeyi ilə tanınan siyasətçidir, təhlükəsizlik rəsmilərinə deyib ki, “Siz heç nə bilmirsiniz, bacarmırsınız...”. Onlar cavab veriblər ki, “İranın bu qədər raketi olduğunu bilmirdik”. O isə soruşub: “Bilmirdinizsə, niyə müharibəyə başladınız?”
- Yəni doğurdan İsrail üçün vəziyyət bu qədər mürəkkəbdir?
- Hazırda təxminən 270 min israilli ölkədən çıxıb. Aeroportlar bağlıdır, insanlar ölkədən getmək üçün təyyarə tələb edirlər. ABŞ də gəmilərini min kilometrlərlə uzağa çəkib, çünki yaxınlaşacağı halda İranın onları vura biləcəyini düşünür. Donald Tramp isə bildirib ki, İranın dəniz donanması məhv edilib. Bu halda sual yaranır: əgər belədirsə, niyə ABŞ gəmiləri İrana yaxınlaşmır?
- Amma müttəfiqlərin quru əməliyyatı başlanacağı barədə məlumatlar yayılır...
- ABŞ İsrailə quru əməliyyatı aparmağa icazə verməz. Kürdlərdən ibarət koalisiya yaradıldığı elan edilmişdi, amma kürd tərəfi bunun onlarla əlaqəsi olmadığını bildirdi.
- Rejimə qarşı qisas əhavl-ruhiyyəsində olan xalq da etiraz etmədi.
- Bəli, deyilirdi ki, İran xalqı hakimiyyətə qarşı qalxacaq. Lakin hazırda İran küçələrində insanlar “Amerikaya ölüm” şüarları səsləndirirlər.
Amerika xalqının təxminən 80 faizi müharibə istəmir. Tramp isə ABŞ ictimaiyyətinin mövqeyinə zidd olaraq müharibə siyasəti yürütməyə çalışır. Onun ətrafındakı bəzi siyasətçilər bunu tələb edir və o da müəyyən qədər məcbur qalır. Hazırda İranın hava hücumundan müdafiə sistemləri zəifləsə də, raket qüvvələri hələ də güclüdür. İran rəsmilərindən biri demişdi ki, onlar ABŞ-nin quru əməliyyatına başlamasını səbrlə gözləyirlər, çünki quru qoşunlarının güclü olduğunu düşünürlər.
– Müharibənin ilk günü İranın Ali dini lideri Əli Xamenei və SEPAH-ın yüksək vəzifəli generalları, müdafiə naziri həlak oldu. Yeni lider isə Xameneinin oğlu Müctəba seçildi. Bununla İran hansı mesajı verir, onun liderliyi ilə rejimi qorumaq mümkün olacaqmı?
– Əslində bu, sistemdə ciddi dəyişiklik yaratmayacaq. Siyasi struktur əvvəlki kimi qalacaq. Sizi əmin edirəm, müharibə olmasaydı, onun seçilmə ehtimalı təxminən 5–10 faiz idi. Çünki İranda ondan daha nüfuzlu və daha samballı dini alimlər var idi. Lakin müharibənin gedişi və Donald Trampın “lideri mən seçəcəyəm” kimi açıqlamaları İran hakim elitasını başqa qərar verməyə sövq etdi. Onlar düşündülər ki, lideri özləri seçməlidirlər və bu şəxs atasının qisasını almağa qadir olmalıdır. Bu baxımdan Müctəbanın sərt mövqeyi nəzərə alındı. Müharibə şəraitində İnqilab Keşikçiləri Korpusu kimi strukturlar da daha sərt mövqedədir və onlar hücumların davam etdirilməsinin tərəfdarıdır.
– Bəs bu miqyasda zərbələrdən və itkilərdən sonra İranın hərbi potensialı qalırmı?
– Bəli, potensial var. Müharibə davam edir və İran öz ərazisində döyüşür, ABŞ isə təxminən 12 min kilometr uzaqdan gəlib. İsrail isə ərəb dövlətləri ilə əhatə olunmuş vəziyyətdədir. Bundan başqa, bölgədə müxtəlif qüvvələr var. Məsələn, “Hizbullah” pusqular qurur, “Həmas” isə vəziyyəti izləyir, İsrailin zəiflədiyini görən kimi zərbə ednirəcək. İraqda da İranla yaxın əlaqədə olan silahlı qruplar mövcuddur, o cümlədən “Həşdi Şabi”. Müharibələr tarixi göstərir ki, yalnız hava zərbələri ilə bir ölkəni təslim olmağa məcbur etmək çox çətindir. Məsələn, İkinci Dünya Müharibəsi zamanı ABŞ Yaponiyaya iki atom bombası atdı, hər şey dağıldı. Amma ölkənin təslim olmasına əsas səbəbi bu deyildi, SSR-nin müharibəyə qoşulması idi.
– Zərdüşt bəy, yaxın günlərdə müharibənin dayandırılması ehtimalı varmı? Trampın bu barədə açıqlaması var, sanki ABŞ hərbi kampaniyanı yekunlaşdırmaq istəyir...
– Bunlar daha çox təbliğat xarakterli bəyanatlardır. İranın müharibəni dayandıracağı gözlənilmir.
- Yəni ABŞ-İsrail dayansa da İran dayanmayacaq?
- Xeyr, dayanmayacaq. Çünki dayansa belə 6 aydan sonra yenidən İrana hücum edəcəklər. İranın tələbləri bəllidir: sanksiyalar götürülməlidir və ABŞ Yaxın Şərqi tərk etməlidir.
- Bəs hakim rejimin islahatlara getməsi mümkündürmü?
- Hazırda müharibə gedir, nə islahat? Hələ bir əməliyyat dayansın, ölənlər dəfn edilsin, təziyə verilsin, ondan sonra baxarlar. Hazırda İranın ən böyük müşkülü Qərbin sanksiyalarıdır, onlar imkan vermir ki, ölkə inkişaf etsin. Onlar çox böyük çətinliklərlə üzləşirlər, yeni texnologiyalara çıxışları yoxdur. Təsəvvür edin, İranla “Altılıq” ölkələri nüvə razılaşması imzalayandan sonra Tehran Amerikanın “Boeing” korporasiyasından 100 sərnişin təyyarəsi almaq üçün sifariş vermək istəyirdi. Çünki təyyarə parkı köhnəlib, yeniləmək lazımdır. Amma Tramp hakimiyyətə gələn kimi razılaşmanı ləğv elədi. Başqa bir misal, Fransanın neft-qaz nəhəngi “Total” şirkəti İranın qaz yataqlarına sərmayə qoyub işləmək istəyirdi. Bilirsiniz ki, həmin yataqları İran və Qətər müştərək istifadə edir. Qətər qazı çıxarır, mayeləşdirir, satır, milyardlar qazanır, amma İran bunu edə bilmir. Çünki ona texnologiya vermirlər.
- İsrail aviasiyası həm də İranın neft-qaz infrastrukturunu vurub dağıdır. Bu, ölkənin hücumlardan müdafiə olunmaq qabiliyyətinə, eləcə də müharibədən sonra çoxsaylı sosial-iqtisadi, humanitar problemləri həll etməyə imkan verməyəcək. Yəni İranı ağır günlər gözləyir...
- Bilirsiz, müharibə insanları bir çox arzu və istəklərindən geri çəkilməyə məcbur edir. İnsanlar qırıla-qırıla kimsə gəlib deməz ki, mənim maaşımı artırın, şərait yaradın və s. Müharibəyə görə xalq problemlərə dözəcək. Müharibə vaxtı Sovet xalqı da belə olub, əlbəttə, tək-tük şərəfsizlər vardı ki, çörəyi ancaq brillianta dəyişirdi, İranda da belələri olacaq. Amma əksəriyyət qələbə naminə hər cür çətinliyə dözür.
– Avropanın bu hadisələrə yanaşmasını necə dəyərləndirirsiniz?
– Bütün dini kitablarda müəyyən hikmət var. Müqəddəs mətnlərin hamısında kişinin kişi ilə, qadının qadınla münasibəti qadağan olunmuş hesab edilir. Lakin Avropada demokratiya o həddə çatdı ki, bu məsələlər artıq qanuniləşdirildi. Əxlaqsızlıq başladı cəmiyyətlərin bütün dəyərlərinə sirayət etməyə. Mən hakimiyyətdə Şarl De Qolu, Villi Brantı görmüşəm. İndiki Avropa liderləri isə miskindirlər, qətiyyətsizdirlər, yaltaqdırlar... Bu proseslər Avropada əxlaqi dəyərlərin dəyişməsinə səbəb olub.
– Türkiyənin İrana qarşı müharibədə tutduğu mövqeyi necə qiymətləndirirsiz?
– Prezident Rəcəb Tayyib Ərdoğanın mövqeyi müdrikdir. İmkan verib Türkiyə cəmiyyətinə, cəmiyyət də Amerika və İsraili it ölüsü kimi ora-bura sürüyür. Ərdoğan deyir ki, biz İran xalqına qarşı təcavüzü pisləyirik, amma qarışmırıq. Biz İsrailin Fələstin xalqına qarşı təcavüzünü pisləyirik, onun yanında durmuşuq, amma müharibəyə qarışmırıq. Biz öz işimizi görürük, ordumuzu hazırlayırıq. İsrail isə oradan barmaq silkələyir ki, İranla qurtaraq, növbədə Türkiyədir.
– Türkiyəyə ikinci dəfə ballsitik raket atılıb. Bu raketləri kim atır?
– Gedin Türkiyənin çox yüksək səviyyəli ekspertlərini, təhlilçilərini dinləyin, onlar hər şeyi dəqiq izah edirlər. Onların sırasında istefada olan admiral, professor Can Yayıcı var, Cem Gürdəniz var, onlar dünya hərb sistemindən misallar gətirib bu cür “saxta bayraq” əməliyyatlarının necə hazırlandığını dəqiq göstərirlər. İsrail bu təxribatları edir ki, aranı vursun.
– Azərbaycana düşən dronlar da bu məqsədlə atılıb?
– Sizi 100 faiz əmin edirəm ki, İsrail dronu idi. İsrail istəyir ki, Türkiyə ilə Azərbaycanı İrana qarşı qaldırsın.
– Prezident İlham Əliyev Müctəba Xameneinin dini rəhbər seçilməsi münasibətilə İrana təbrik və ardınca humanitar yardımlar göndərdi...
– Lap yaxşı, düz edir. Biz müsəlman ölkəsiyik, xalq görür ki, iki həyasız nüvə dövləti düşüb İranın üzərinə, onu təkləyib əzir, tələb edir ki, bizə tabe ol. Niyə tabe olmalıdır, onlar kimdirlər ki?! Tələb edirlər ki, Fələstin ərəblərini müdafiə etmə! Niyə etməsin? Siz zülm edəcəksiz, o da kənardan baxacaq?
– Amma ərəb ölkələrinin əksəriyyəti İranı müdafiə etmir...
– Ərəb ölkələrini idarə edənlərin hamısı... Onlar ABŞ-yə, İsrailə bağlıdırlar. Buna görə də onların mövqeyi hər zaman İranla eyni olmur.