Sosial şəbəkədə biz:
Multikulturalizm Mərkəzi Kəmaləddin Heydərovun xanımı ilə tender müqaviləsi imzaladı
Xəbər Şəkli

Multikulturalizm Mərkəzi Kəmaləddin Heydərovun xanımı ilə tender müqaviləsi imzaladı

11 April 2026, 11:16
Sosial

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2026-cı il üçün ofis icarəsi ilə bağlı yeni satınalma müqaviləsi imzalayıb. Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata əsasən, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu ilə həyata keçirilib.

Bu metod dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən müəyyən hallarda – məsələn, alternativ təchizatçı olmadıqda və ya təcili ehtiyac yarandıqda tətbiq edilir. “Bir mənbədən” satınalma rəqabət proseduru keçirilmədən birbaşa bir şirkətlə müqavilə bağlanması deməkdir.

Sənədə görə, Mərkəz 23 yanvar 2026-cı ildən 31 dekabr 2026-cı ilədək Heydərova Ruhəngiz Muxtar qızına məxsus qeyri-yaşayış sahəsini icarəyə götürüb. İcarə haqqı kimi isə ümumilikdə 134 min 492 manat 65 qəpik ödəniləcək.

Portalda açıqlanan məlumatlar göstərir ki, sözügedən icarə məbləği əvvəlki illə müqayisədə dəyişməyib. Bu isə müqavilənin şərtlərinin sabit saxlanıldığını göstərir.

Multikulturalizm Mərkəzi ötən illər ərzində də ofisin icrası məqsədilə Ruhəngiz Heydərova ilə müqavilə imzalayıb və müqavilələrin müddəti və qiyməti aşağıdakı kimi olub:

Diqqət çəkən məqamlardan biri isə icarəyə verən şəxsin kimliyidir. Ruhəngiz Heydərova fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır. O, eyni zamanda “SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin rəhbəridir. Birliyin rəsmi məlumatlarına görə, qurumun tərkibində Şərq Təbabəti Klinikası da fəaliyyət göstərir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi paytaxtın mərkəzi hissəsində – Səbail rayonunda yerləşən, Mikayıl Useynov prospektindəki tarixi binalardan birində fəaliyyət göstərir.

Satınalmanın bir mənbə üsulu ilə həyata keçirilməsi və müqavilə tərəflərindən birinin yüksək vəzifəli məmurun ailə üzvü olması isə əlavə suallar doğurur. Qanunvericilik bu metodu müəyyən hallarda mümkün saysa da, belə qərarların əsaslandırılması və şəffaflığı hər zaman diqqət mərkəzində qalır.