Bank borcu olanlar Diqqət
Bank borcları ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri vətəndaşların əmək haqqı və ya pensiyasından tutulmaların həcmidir. Qanunvericilik bu prosesi müəyyən limitlər çərçivəsində tənzimləyir və borclunun minimum yaşayış imkanlarının qorunmasını əsas prinsip kimi müəyyən edir.
Qaydalara əsasən, vətəndaşın əmək haqqından, pensiyasından və ya digər gəlirlərindən tutulmaların ümumi məbləği 50 faizdən artıq ola bilməz. Bu məhdudiyyət borcun bir neçə icra sənədi üzrə olması halında da qüvvədə qalır. Yəni istənilən halda vətəndaşın gəlirinin ən azı yarısı onun sərəncamında qalmalıdır.
Bununla yanaşı, bəzi xüsusi hallarda – məsələn, aliment ödənişləri və ya vurulmuş zərərin kompensasiyası zamanı tutulmaların həcmi 70 faizə qədər artırıla bilər. Digər hallarda isə bu həddin aşılması qanunla nəzərdə tutulmur.
Borcun tutulması üçün əsas şərt məhkəmə qərarıdır. Məsələn, vətəndaş bir bankdan kredit götürüb, lakin əmək haqqını başqa bank vasitəsilə alırsa, kreditor bank mütləq məhkəməyə müraciət etməlidir. Məhkəmənin qərarından sonra icra prosesi başlanır və vətəndaşın gəlirindən müəyyən olunmuş həddə qədər vəsait tutulur.
Lakin praktikada fərqli vəziyyətlər də yaranır. Əgər vətəndaşın borcu məhz əmək haqqı və ya pensiya aldığı bankadırsa, bu zaman məsələ daha çətinləşir. Belə ki, bankla bağlanan müqavilələrdə adətən gecikmə halında vəsaitin birbaşa kart hesabından tutulmasına dair şərtlər yer alır. Bu, bəzi hallarda vətəndaşın hesabından vəsaitin məhdudiyyətsiz şəkildə çıxılmasına səbəb ola bilər.
Belə vəziyyətlə üzləşən vətəndaşın müəyyən hüquqları mövcuddur. O, iş yerinə müraciət edərək əmək haqqının başqa bank vasitəsilə ödənilməsini tələb edə bilər. Qanunvericiliyə əsasən, işçi əmək haqqını hansı bankdan almaq istədiyini özü seçmək hüququna malikdir. Eyni zamanda, vətəndaş problemli bank hesabının bağlanması üçün də müraciət edə bilər.
Digər mühüm məqam ondan ibarətdir ki, əmək haqqından tutulmalar yalnız işçinin yazılı razılığı və ya rəsmi icra sənədi əsasında həyata keçirilməlidir. İşəgötürən də yalnız icra sənədində göstərilən məbləğ həcmində tutulma aparmalıdır. Bundan əlavə, bu kimi məsələlərdə məxfilik qorunmalı, işçinin şəxsi vəziyyəti kollektiv müzakirə predmetinə çevrilməməlidir.
Ümumilikdə, qanunvericilik borcların ödənilməsi ilə vətəndaşın sosial vəziyyəti arasında balans yaratmağa çalışır. Məqsəd həm öhdəliklərin icrasını təmin etmək, həm də insanların minimum dolanışıq imkanlarını qorumaqdır.
Azinforum.az