"Heydər Əliyev Eldar Həsənova dedi ki, tutan da sən, alan da sən..." - İsa Nəcəfov
Konstitusiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Baş prokurorunun keçmiş birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri İsa Nəcəfov “Yeni Sabah”a müsahibə verib.
Azinforum.az müsahibədə maraqlı tarixi fakt və sirlərin açılmasını nəzərə alaraq, onu təqdim edir:
- İsa müəllim, Siz siyasi detektiv janrında bir neçə əsərin müəllifisiniz. Özünüzü bədii yaradıcılıqla ifadə etmək hansı ehtiyacdan yarandı?
- Hüquq fakültəsinin 5-ci kursunda oxuyanda, ikinci semestrdə bizə elmi kommunizm predmetindən Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Brejnevin "Kiçik torpaq" əsəri tədris olunurdu. Kitabda Böyük Vətən Müharibəsi dövründə almanlarla SSRİ ordusu arasında gedən müharibə zamanı Qara Dənizdə kiçik bir adada gedən döyüşlərdən bəhs edilmiş, almanların nə qədər canlı qüvvə, hərbi təyyarələr cəlb edərək vuruşması, bizimkilərin də bunları məğlub etmələri təsvir olunmuşdu.
Ümumiyyətlə, hərb sənəti məni maraqlandırır. Bu kitabı oxuyandan sonra mən müharibə tarixinə dair çap olunmuş ədəbiyyatları tapdım. Deməli, Xruşşovun dövründə çap edilmiş və müharibə tarixindən bəhs edən 6 cildliyini əldə etdim. Kitabı oxudum ki, görüm “Kiçik Torpaq” kitabında bəhs edilən Qara Dəniz döyüşləri olub, yoxsa yox? Amma mən o kitabda həmin döyüşlər haqqında heç nə tapa bilmədim.
“Kimlərinsə siyasi maraqlarından zaman-zaman tarixi faktları dəyişdirirlər”
Brejnevin də dövründə Böyük Vətən Müharibəsinə aid olan 12 cildlik kitabı var idi. Onu da vərəqlədim, araşdırdım, orda da belə bir əməliyyatın bizimkilər tərəfindən aparılması ilə bağlı məlumata rast gəlmədim.
Dərsdə müəllim həmin kitabı danışmaq üçün məni qaldırdı. Danışdım, amma dedim ki, müəllim, mən oxuduğum kitablarda bu məlumatları tapa bilmədim.
Məndə belə bir təəssürat yarandı ki, kimlərinsə siyasi maraqlarından zaman-zaman tarixi faktları dəyişdirirlər. O 6 cildlik kitabda Böyük Vətən Müharibəsindəki bütün qələbələr Xruşşovun adına bağlanırdı. Sanki qələbə onun fəaliyyəti sayəsində olub. 12 cildlikdə də eyni şəkildə bütün uğurlar Brejnevin adı ilə bağlanırdı. Halbuki müharibə dövründə Brejnev son aylarda bir ordunun siyasi rəhbəri olub. O, böyük əməliyyatlara rəhbərlik eləməyib. Mən bu barədə fikirlərimi deyəndə müəllim mənimlə razı olmadı. Sonra çıxdıq tənəffüsə, bütün tələbə yoldaşlarım üstümə töküldülər ki, sən prokurorluqda işləmək istəyirsən, indi gedib deyəcəklər ki, Brejnevi tənqid edib, yalan yazdığını deyirsən. Dedim, mən kitabları oxuyub həqiqəti dedim. Mən oxuduğum kitablara baxıb görsünlər ki, Qara Dənizdə, kiçik bir adada Sovet ordusu belə bir əməliyyat keçiribmi ya yox?
Özümün bədii yaradıcılığa marağıma gəlincə isə... Heydər Əliyev hakimiyyətə gələndən sonra dövlətin formalaşması başa çatması ilə məndə belə bir fikir yarandı ki, 1990-cı illərdə Heydər Əliyevə dəfələrlə olan sui-qəsdlərə dair cinayətlər və dövlət çevrilişinə cəhdlərin tarixi nə vaxtsa, kimlərinsə tərəfindən dəyişdirilə bilər.
Buna görə də dövlət çevrilişinə qəsdlərlə bağlı məhkəmələr tərəfindən hökm çıxarılmış və o dövrdə qüvvədə olduğu üçün ləğv edilməyən cinayət işlərinin materialları əsasında kitab yazmağın mümkün olduğunu düşündüm. Ki, gələcəkdə bizim tariximiz dəyişdirilə bilməsin, ədalətlilik və obyektivlik öz qüvvəsində qalsın. Bu məqsədlə "Gecəyarısı qətl", "Naşirin ölümü" kitablarını yazdım.
Sonra başqa bir fakt da oldu. Bir dəfə tələbə yoldaşım Qasımla oturub “Azərbaycan” qəzetini oxuyurduq. Baxdıq ki, Ramil müəllim qəzetə müsahibə verib. Müsahibədə deyir ki, 1993-cü ildə mən Naxçıvanda daxili işlər naziri olanda filan qədər silah topladıq, cəbhəçiləri tərksilah etdik. Tələbə yoldaşım Qasım da həmin dövrdə Şərur rayonunun prokuroru olub. Faktiki olaraq, əhalidən və qanunsuz silahlı dəstələrdən silahları toplayan prokurorluq idi. Biz silahları toplayıb, Daxili İşlər Nazirliyinə verirdik, onlar da qeydiyyata salırdılar. O zaman mən Qasıma dedim ki, darıxma, bu səhvimizi aradan qaldıracağıq. Ona görə də “Acı həqiqətlər” adlı bir kitab buraxdıq. 1990-cı illərdə baş verən hadisələri, yenə də sənədlər əsasında o kitabda yazdıq.
Kitabın adı nə üçün “Acı həqiqət”dir? Ulu Öndər bizdən bircə şey tələb edirdi. Siz mənə şirin yalan yox, acı həqiqəti deyin. Ulu Öndər zəngin bir həyat təcrübəsinə, eyni zamanda Allahın verdiyi bir qabiliyyətə - hikmətə malik idi. O, gələcəyi çox yaxşı görürdü. Tarixdə ən böyük şəxsiyyətlər həqiqət əsasında yüksələ biliblər, həqiqətpərəstliyi ilə qələbə çalıblar. Əmir Teymurun bir möhüründə farsca bu söz yazılmışdı: "Güc həqiqətdədir". Kim həqiqəti bilirsə, o da zəfər çalacaq. Çünki Ulu Öndər Heydər Əliyev hər hansı məsələ üzrə həqiqəti ortaya çıxarmadan qərar qəbul eləməzdi. O əvvəlcə özü üçün həqiqəti, acı da olsa, müəyyən edər, ondan sonra qərar qəbul edərdi. Bu həm ədalətli olur, həm də hamı tərəfindən qəbul edilir. Ona görə də o kitabın adını "Acı həqiqət" qoyduq. Bu faktlar məni məcbur elədi ki, müəyyən dərəcədə yaradıcılıqla məşğul olum.
- Əsərlərinizdə Eldar Həsənov, Ramil Usubov mənfi formada təqdim olunur. Onlarla münaqişənizin kökündə nə dayanırdı? Bu münaqişələr o qədər uzun sürmüşdü ki, bir vaxtlar mətbuat səhifələrinə qədər çıxmışdı.
- Ramil müəllim bu gün də mənim dostumdur. Hər kəsin bir xarakteri var. Hər kəsin hər hansı bir hüquqi faktı öz yanaşması var. Bizim yanaşmamız tamamilə fərqli idi. Ramillə mənim aramda o qədər də ziddiyyət yox idi. Əsas mənimlə Eldar Həsənov arasında ziddiyyət var idi. Bu ziddiyyətin kökündə də həqiqət, ədalətə münasibət dururdu.
Heydər Əliyev Eldar Həsənova dedi ki, tutan da sən, alan da sən...
Eldar Həsənov polisdən gəlmişdi. Prokurorluq isə tamamilə başqa bir təşkilatdır. Prokurorluğun 80 illiyində Ulu Öndər prokurorluğu cəmiyyətin elitar bir orqanı, dövləti qoruyan əsas sütun adlandırırdı.
1990-cı illərdə baş vermiş siyasi hadisələrlə əlaqədar bütün yük prokurorluğun üstünə düşdü. Qanunçuluğu yaratmadan cəmiyyətdə əmin-amanlıq qorumaq mümkün deyil. Aristotelin “Siyasət” kitabında yazılıb ki, “əgər cəmiyyət qarışırsa, sən qanunlarla idarə et”.
Onun yolu başqa idi. Bizim məsələmizi müzakirə edəndə mən neçə qəsdən adam öldürmə faktını nümunə gətirdim ki, bu qətllərin üstü açılmadığı halda, istintaqını dayandırıblar. Qatilləri, həbs etmək əvəzinə, buraxıblar. Onları təqib etməyiblər. Ədalət mühakiməsi həyata keçirilməyib. Nə var-nə var, ölənlər kimsəsiz və yaxud müdafiəsiz insanlar olublar. Mən ona (Eldar Həsənova) həmişə deyirdim ki, qanunu tapdalamaq olmaz. Çünki qanun bir gün işləyəcək, iti bıçaq kimi kəsəcək. O mənimlə razılaşmırdı. O, son illər artıq hakimiyyət uğrunda mübarizə aparırdı.
- Eldar Həsənovun hakimiyyət uğrunda mübarizəsini nədə görürdünüz?
- Onun hərəkətlərində. Kifayət qədər kütləvi informasiya vasitələrini əlinə almışdı. Bir çox mətbuat orqanları onun əlində idi.
- Mətbuat üzərində təsir imkanları, Sizə görə, hakimiyyət iddiasıdır?
- Bəli, bu, hakimiyyət iddiası idi. Ulu Öndər bizim məsələmizi müzakirə edəndə ona bir sual verdi. Soruşdu ki, “Eldar Həsənov, tutan sənsən, alan sənsən, amma sən jurnalistlərin dostu olursan, mən düşməni. Bu nə məsələdir?”
“Gündüzün qardaşı onu mediadan uzaqlaşdırdı”
“Azadlıq” qəzeti var idi. O vaxt qəzetin baş redaktoru Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirli idi. Gündüzün qardaşı bir gün idmanda mənimlə görüşdü, söhbət elədik. Onun bir problemi var idi, kömək elədim. Sonra Gündüzü mediadan uzaqlaşdırdı. Dedim niyə? Dedi, Eldar ona filan qədər pul göndərirdi, deyirdi İsa haqqında yaz. Sonra mən bir dəfə Gündüzlə görüşəndə dedim, yekə kişisən, pul alırsan, heç olmasa, düzünü yaz, yalan yazma.
25 qəzet hər gün əleyhimə yazırdı. 3-5 qəzet də məni müdafiə edirdi. Kütləvi informasiya, insanları ələ alma vasitəsidir. Unutmaq olmaz ki, insanların müəyyən qismi pulu sevəndir. Pul xətrinə nə desən edəndir.
Yadıma gəlir, 1992-ci ildə “Ədalət” qəzetində bir məqalə çıxmışdı. Yazılmışdı ki, Heydər Əliyev ermənilərlə separat sülh müqaviləsi bağlayıb, Rəsul Quliyev də avstriyalı erməni əsilli bir şəxsə külli miqdarda yanacaq satıb ki, ermənilər Naxçıvana müdaxilə etməsinlər. Bu yazını verdilər mənə. O vaxtlar mən Respublika Baş Prokurorluğunun ümumi nəzarət idarəsinin prokuroru idim, mətbuata mən baxırdım. Aqil Abbası çağırdım. Dedim, bu iki informasiyanı haradan götürmüşünüz? Axı, qanunda yazılıb ki, yoxlanılmadan, həqiqət müəyyən olunmadan heç nəyi mətbuatda çap edə bilməzsən. Yalan məlumatlar çap etmək qanun pozuntusudur. Aqil Abbas “xəbərin əsasını gətirərəm” deyib getdi. Bir həftədən sonra ondan xəbər çıxmadığını görüb zəng edib, xatırlatdım. Yenə gətirəcəyəm deyib, vaxt istədi. Ona 3 gün vaxt verdim. Qəzetin təsisçisi Adil Minbaşıyev zəng edib dedi ki, İsa müəllim, bəlkə biz bu yazını bir az qüvvətləndirək? Dedim mənə qüvvətləndirmək yox, xəbərin həqiqətə uyğun olduğunu sübuta yetirmək lazımdır. Üçüncü dəfə Aqil Abbası çağıranda aləm qarışdı bir-birinə. Dedilər ki, baş prokuror Murad Babayev göstəriş verib ki, materialları İsa Nəcəfovun əlindən alın. Materiallar məndən alındı, sonra necə oldu bilmirəm.
Mətbuat ictimai rəy yaradır. İnsanlarda da bir hövsələ yoxdur ki, oxuduğunun düzgün, ya yalan olduğunu düşünsün. Təsəvvür edin ki, o vaxt “Azadlıq” qəzetində yazmışdılar ki, İsa Nəcəfovun hippodromda atı var, ona tabaka yedirdirlər. At tabaka yeyəndi?! Ramil müəllim də at xoşlayandı. Yazmışdılar ki, Ramil Usubovun atının dişini dəyişdirib, qızıl diş qoyublar. Bu cür yaramaz yazılar yazdırıb, camaatı çaşdırırdılar. Hər qəzeti oxuyanın da siyasi analiz etmək bacarığı olmur deyə, oxuduğuna inanırdı.
“Mən Eldar Həsənovla bağlı müzakirələrdə iştirak edə bilmərəm”
Eldar Həsənov mətbuatı bizə qarşı istifadə etdiyinə görə, onunla sözümüz düz gəlmirdi.
- Heç bu məsələni Eldar Həsənovun özü ilə müzakirə etmişdiniz?
- Bir-iki dəfə söhbətimiz düşəndə demişdim ki, sənin adamların mənə qarşı yazırlar, bunu eləmə. Həmişə də söz verib ki, bu olmayacaq. Amma yenə davam edib.
- Eldar Həsənov həbsdə olduğu dövrdə ya sizin, ya da onun tərəfindən təmaslara cəhd olubmu?
- Yox, belə bir cəhd olmayıb. Mən onun haqqında bu gün heç nə demək istəmirəm. Çünki o, qapıları bağlı olan yerdədir, mən azadlıqda. Allah onun qapısını açsın. Amma bir insan sonsuz olaraq qanunları poza bilməz.
- Eldar Həsənovun şikayəti Konstitusiya Məhkəməsinə daxil olsa, müzakirə zamanı hakim kimi mövqeyiniz necə olar?
- Hər bir halda, əgər belə bir şey baş versə, mən o müzakirədə iştirak edə bilmərəm. Onunla konfliktim olduğuna görə, o prosesdə iştirak etməyə mənim haqqım yoxdur.
“Konstitusiya Məhkəməsi öz funksiyasını ləyaqətlə yerinə yetirib”
- Sizcə, Konstitusiya Məhkəməsi fəaliyyətində özünü doğrulda bilirmi?
- Əlbəttə! Konstitusiya Məhkəməsinin vəzifə funksiyaları Ulu Öndərin Konstitusiya Məhkəməsinin 5 illik yubileyində göndərdiyi təbrik məktubunda daha parlaq göstərilib. O təbrik məktubunda deyilirdi ki, “Konstitusiya Məhkəməsi milli dövlətçiliyimizi, insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən mötəbər orqandır”. Yəni həm milli dövlətçiliyimizi qorumaq üçün dövlətə xidmət edir, həm də insan hüquq və azadlıqlarını qoruyur.
2003-cü ildə respublikada müəyyən siyasi problemlər yaşandı. Problemlərin kökü o idi ki, prezident seçkilərində ola bilsin ki, prezidentliyə namizəd olan hörmətli İlham Əliyevə sui-qəsd olsun. Bəli, belə bir əməliyyat məlumatı var idi. O məlumatı mən kökündən bilirdim. Bununla əlaqədar olaraq, Ramiz Mehdiyev də Heydər Əliyevin ölkədə olmamasından istifadə edib görüşlər keçirdi. Görüşlərdə bəzi inzibati orqanların rəhbərlərini yanına dəvət edib, vəziyyəti izah edir və təklif edirdi ki, belə bir şəraitdə biz seçkiyə bir namizədlə yox, iki namizədlə getməliyik. Çünki, əgər İlham Əliyevə qəsd olsa və o, həyatda olmasa, hakimiyyəti biz əldən verməyək. Bununla bağlı olaraq, Seçkilər Məcəlləsinə müəyyən dəyişiklik elədilər. Amma bu dəyişikliyə baxmayaraq, bizə də müraciət olundu ki, prezident seçkilərini dayandırılıb, yenidən elan olunsun. Biz isə qərar qəbul elədik ki, prezident seçkilərini dayandırmaq olmaz. Konstitusiya Məhkəməsi qərar verdi ki, elan olunmuş prezident seçkiləri davam etdirilməlidir. Yəni ikinci dəfə prezident seçkiləri elan etmək üçün heç bir zərurət yoxdur. O zaman Konstitusiya Məhkəməsi milli dövlətçiliyimizə sədaqətlə xidmət elədi.
Digər tərəfdən, Konstitusiya Məhkəməsi çox sayda vətəndaşların hüquqlarının pozulmasına dair müraciətlərinə baxıb və onların hüquqlarını bərpa edib. Biz pozulmuş hüquqları bərpa etməklə Avropa İnsan Haqları Məhkəməsinə gedən şikayətlərin sayını azaltmışıq. Yəni Konstitusiya Məhkəməsi hakimiyyətin mühüm qollarından biridir və öz funksiyasını ləyaqətlə yerinə yetirib.
- Bəhs etdiyiniz sui-qəsdin daxili, yoxsa xarici qüvvələrlə bağlı olduğu ilə haqqında məlumat var idimi?
- Bəli. Prezident seçkilərindən sonrakı proseslər göstərdi ki, verilən məlumat həqiqətə uyğundur.
“Həmin adam İlham Əliyevə xarici ölkələrdən birində sui-qəsd olacağını dedi”
- Sui-qəsd təhlükəsi hansı istiqamətdən idi? Xaricdən idi bu təhlükə?
- 2003-cü ilin iyun ayının sonlarında qəzet redaktorlarından biri mənə zəng edib dedi ki, ömürlük cəzadan həbsdən azad olunan bir şəxs sizinlə görüşmək istəyir.
Onunla görüşmək üçün mən Ulu Öndərə zəng edib məlumat verdim.
O da dedi ki, get, görüş. Mən də həmin adamla görüşdüm.
Həmin adam çox geniş və yüksək səviyyədə əlaqələri olan şəxs idi.
O dedi ki, mənə xarici bir ölkənin xüsusi xidmət orqanlarında işləyən bir general zəng edərək Azərbaycanda prezident seçkiləri keçirilənədək İlham Əliyevə xarici ölkələrdən birində sui-qəsd olacağını deyib. Həmin general mənimlə görüşən adama deyib ki, İlham Əliyevin 3 ölkəyə səfəri nəzərdə tutulub. Biri Moldova, biri Ukrayna, üçüncü ölkə yadımdan çıxıb.
O adam generala istinadən mənə dedi ki, bu ölkələrdən birində İlham Əliyevə sui-qəsd olacaq, bundan sonra ölkədə ara qarışacaq. Buna görə də ona təhlükəsizliyi üçün ölkəni tərk etmək təklif olunub.
Görüşümüz iyun ayının sonuncu cümə günü idi. Həmin görüşdən sonra mən Prezidentə məruzə elədim.
Görüşlə bağlı məlumatı Ulu Öndərə verdim.
Prezidentin birinci sualı bu oldu ki, məlumat ciddidir, yoxsa yox. Mən də dedim ki, ciddidir. Dedi, sabah saat 12-də gələrsən yanıma.
6-cı gün, iyunun 28-də onun yanında oldum. Prezidentə məlumat verdim, yarım saat söhbət elədik və ordan ayrıldım.
- O zaman Heydər Əliyevin səhhəti necə idi?
- O vaxt artıq xəsarət almışdı. Amma ağrıkəsici vurduraraq işə gəlirdi. 10 gündən sonra Ulu Öndər Amerikaya getdi.
- O vaxt İlham Əliyev ARDNŞ-nin birinci vitse-prezidenti idi?
- Bəli.
- Sui-qəsd xarici qüvvələr tərəfindən hazırlanmışdı?
- Xarici, ya daxili qüvvələr olduğunu bilmirəm, amma onu bilirəm ki, prezident seçkiləri başa çatandan sonra bizim müxalifət başladı ABŞ prezidenti Corc Buşu söyməyə. Bundan artıq, mən heç bir şey deyə bilmərəm. Görünür, xaricdən gözlədikləri dəstəyə nail ola bilməmişdilər.
- Övladlarınız və nəvələriniz arasında sizin yolunuzu davam etdirən varmı ?
– İki oğlum var. Böyük oğlum prokurorluqda, Korrupsiyaya qarşı Mübariz İdarəsində prokuror işləyir. O biri oğlum İngiltərədə işləyir.
- Hüquq sahəsində?
- Bizim sahə çox çətin, ağır sahədir. Burada birinci növbədə yaradıcılıq qabiliyyətin, istəyin olmalıdır. Yaradıcılıq ruhu yoxdursa, işləyə bilməyəcəksən. İki nəvəm var. Biri bu il 11-ci sinfi bitirəcək, o biri də hələ 6-cı sinifdə oxuyur.
- Pensiyaya çıxmaq barədə düşünürsünüz?
- Mən artıq pensiyaya çıxmışam. Amma işlədiyim üçün pensiyamın yarısını alıram. 11-12 aydan sonra burdakı fəaliyyət müddətim bitir, o zaman 100 faiz pensiyaçı olacam.
- Pensiya dövrünüzlə bağlı xəyallarınız var yəqin... Burdan ayrılacaqsınız yəqin. Pensiya dövrünüzü necə keçirməyi düşünürsünüz?
- Onu gələcək göstərər.
- Yenə işləməyi düşünürsünüz, yoxsa dincəlməyi?
- Mən dincəlməyi bacarmıram. Dincəlmək üçün də onu bacarmaq lazımdır.
- Məsələn, yorulıdunuz, dincəlmək ehtiyacınız yarananda nə olur?
- Mən işsiz dayana bilmirəm. İki il mən işsiz oldum, o müddətdə günümü ancaq kitab oxumaqla keçirdim. Oxumaq, oxumaq, oxumaq.
- Bədii yaradıcılığı davam etdirməyi düşünürsünüz?
- Yaradıcılıq səndən asılı deyil. Onu sənə verməlidirlər. Paralel dünya var, sənin fikirlərini onlar sənə deyir ki, belə yaz. Biz idarə olunuruq, biz nəyi isə idarə edə bilmərik, bizi idarə edirlər. Allahın varlığı, onun dediyi hər şey mövcuddur. Elə hadisələr baş verib ki, mən əmin olmuşam ki, o həqiqətən var və bizi qoruyur.
- Allah Sizi nələrdən qoruyub?
- Həlak olmaqdan. Kritik vəziyyətə düşmüşəm. Gözlənilmədən o məni çıxarıb. Başa düşə bilməmişəm ki, mən necə bu ölümdən xilas ola bildim.
Mən İslama dair 16 kitab tərcümə etdirmişəm. Əbu Həmid əl-Qəzalinin 5 kitabını fars, ərəb dilindən tərcümə etdirmişəm. Paylamışıq ki, insanlar oxusun və İslamın nə olduğunu bilsinlər. İnsanlar ayrı-ayrı təriqətlərə, dinlərə xidmət etsələr də, başa düşürlər ki, Allah birdir. Mən müsəlmanam, səhhətimə görə Oruc tuta bilmirəm. Amma mən heç bir zaman haqqı nahaqqa sata bilmərəm. Heç kimin haqqını yeyə bilmərəm.
- Haqq-nahaqdan söz danışmışkən, iki dəfə baş vermiş devalvasiya zamanı bir çox rəsmi şəxs bu barədə danışmaqdan çəkinərkən, bu barədə açıq danışan ilk vəzifəli şəxs olmusunuz. Hətta Milli Bankın rəhbəri də çox sonralar devalvasiyanı etiraf etmişdi. Bu mövqeni sərgiləmək, çoxluğa qarşı getmək Sizinçün çətin olmadımı?
- Yox. Hər bir insanın özünün seçdiyi yol var. Yaşadığı həyati prinsiplər var. Əgər insan Allaha inanırsa, seçdiyi prinsiplərə də inanmalı və bu yolla getməlidir. İkincisi, insan haqqı danışmaqdan qorxmamalıdır. Dediyim kiminsə xoşuna gəlməz, məni işdən çıxaracaqlar deyə düşünməməlidir. İşdən çıxarırılar - çıxarsınlar. Başqa vaxt da səni işdən çıxara bilərlər. Mən bəzən belə adamlara gülürəm və acıyıram ki, sən haqqı qoyub, niyə nahaqdan yapışırsan ki...Həyatdır, hərənin seçdiyi bir yol var.
- Konstitusiya Məhkəməsinin qərarına verdiyiniz o şərhlə Azərbaycanda iqtisadi böhran və devalvasiyanın mövcudluğu ilk dəfə təsdiq olundu...
- Bəli, sonralar da təsdiq olundu ki, mən düz demişəm.
- Konstitusiya Məhkəməsinin 9 hakimindən 8-inə qarşı getmisiniz...Onlar Sizin şərhinizi, fikirlərini eşitmədi?
- Eşitmədi, bu onların öz işidir. Sonra eşitdilər. Mən Konstitusiya Məhkəməsində baxılan 32 iş üzrə, məhkəmələrin və prokurorluğun sorğuları əsasında qanunların tətbiqi məsələlərinə dair xüsusi rəy bildirərək əleyhinə səs vermişəm. Bəzən məhkəmələr mənim xüsusi rəyim əsasında hökm çıxarıb, qərar qəbul ediblər.
- Otağınızda bir hüquqçu üçün çox sayıla biləcək sayda klassik bədii ədəbiyyat nümunələri görürəm. Konstitusiya hüququ ilə məşğul olan bir şəxs kimi fəaliyyətinizə nə kimi rolu var bu kitabların?
- Nizami Gəncəvinin bütün əsərləri fəlsəfədir, təbiətin, insan xarakterinin təsviridir. Nəsihət var, yaşam qaydaları var orda. Onları bilmədən yaxşı hüquqşünas olmaq mümkün deyil.
Mirzə Ələkbər Sabir böyük tənqidçidir. Öz ölkəsinin vətəndaşlarını mədəni, oxumuş görmək istəyir. Tənqidi ilə insanları buna yönəldir ki ziyalı olsun, vətəni, insanlığı, haqqı sevsin. Onsuz həyatda yer tutmaq mümkün deyil. Bizim bir müəllimimiz vardı – Vaqif Hacıyev. Deyirdi ki, kitab oxuyun, mənəvi dünyanızı qidalandırın.
Kim deyirsə ki, mən oxumuram, o, çox böyük səhv edir. Kitab oxumaq – özünütərbiyədir. Axı hər bir insanın həyatda idealı olmalıdır, kiməsə oxşamalıdır. Allahın hikmət verdiyi insanlar var. Allah sevdiyi insanlara hikmət verir. Kitab oxuyanlar da, əgər həyata açıq gözlə baxa bilirlərsə və keçmiş filosofların, ədiblərin həyatını yaşamaq istəyirsə, oxuduğu kitablardan bir nəsihət götürməlidir.
Səməd Vurğunun “Fərhad və Şirin” əsərində dediyi kimi:
“Onsuz da fanidir hər şeyin sonu,
Bir şahla gədənin kim olduğunu
Torpaq sormayacaq qəbirdə bizdən”.
Bu, çox dərin və həyati bir dərsdir. İnsan həyatda yaşadıqlarından dərs almadığı üçün bədbəxtliklərə düçar olur. Bədbəxtliyə düçar olmaq istəmirsə, kiminsə etdiyi səhvdən dərs çıxarmağı bacarmalısan.
- Hazırda nə oxuyursunuz?
- Hakimlərimizdən Rəşid Rzayevin Camal Mustafayev və Abbas Seyidovla birlikdə yazdığı “Azərbaycan xanlıqları: dövlətçilik rəmzləri, hüquqi sistemi, pul dövriyyəsi və sikkə zərbi”, bir də yenidən Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ni kitabını oxuyuram.
- 2020-ci ilin Tovuz döyüşlərindən sonra torpaqlarımızın işğaldan azad olunması tələbi ilə keçirilən aksiyalardan sosial şəbəkələrdə yayılan görüntülərdə Sizi də görmüşdüm…
- 2020-ci ilin iyulun 12-də hadisələri zamanı gecə saat 11-də mənə zəng gəldi. Dedilər ki, xəbərin var? Dedim nədən? Dedilər ki, bütün millət qalxıb ayağa. O saatda mənim də nə baş verdiyindən xəbərim yoxdur, yatmağa hazırlaşıram. Mənə videolar göndərdilər, gördüm ki, camaat küçələrdədir. Dedim, yaxşı.
Bir azdan başqa yerdən də zəng elədilər. Dedilər, insanlar qalxıb ayağa. Həmin adam da videolar göndərdi. Bir adama zəng elədim. Durumla bağlı danışdım, dedilər ki bizim də xəbərimiz var.
Bundan sonra dostum Mübarizə zəng elədim. Dedim, belə bir məsələ var, gəl gedək ora. Onunla Hytatt Parkın yanında görüşdük. Ordan gəldik çıxdıq dəniz kənarına. Gördük insan axını var. Qoşulduq onlara. Mənə də maraqlıdır ki, bunlar kimdir, nə istəyirlər? Üstündən bir-iki dəqiqə keçəndə, bir adam yaxınlaşdı. Dedi, ağsaqqal, salam. Dedim, əleykümə salam. Qayıtdı ki, biz çox fəxr edirik ki, sizin yaşdan adam bizə qoşulub. Dedi, gəlin, bizə rəhbərlik edin. Bir söz demədim, yoluma davam etdim. Ordan qalxdıq düz parlamentin yanına. Gördüm ki, ayrı-ayrı dəstələr gəldikcə digərləri ordan çıxıb gedirlər. Başa düşdüm ki, burda vahid rəhbərlik yoxdur. Mənim də ora getməkdə məqsədim dövləti müdafiə etmək idi. Çünki kütlə qarşısına xalqın yanında üzü olan adam çıxmalıdır. Mübarizlə gəldik bir yerdə dayandıq. Dedilər, mitinq olacaq, meqafon lazımdır. Bunlar hazırlığa başladılar. 2-3 saat keçdi. Gördüm bir dəstə polis gəlir. Dedilər, Ramil Usubov da polisin içindədir. Camaat da bunu bildi və onu fitə basdı. Ramil Usubov da yuxarı qalxdı. Gördüm hər şey sakitlikdir, mənlik bir şey yoxdur. Gecə saat 3, 4-ə işləmiş olardı. Səhhətimə görə ayaqda çox qala bilmirəm deyə, Mübarizə dedim, artıq sağ-salamatlıqdır, mən çıxıb gedirəm.
Etirazçıların şüarı “Qarabağa azadlıq” və ”Nəcməddin Sadıqova istefa” idi. Bundan da gözəl nə ola bilər? Getdik, Mübariz məni yola saldı.
Səhər sanki kimsə mənə dedi ki, sənə müraciət edənlərə cavab ver. O adamlara marşal Rakasovskinin məşhur sözləri ilə cavab yazdım. “Ağılla vuruşub, ağılla ölmək lazımdır”.
Bir gün sonra gördüm ki, 1993-cü ildə mənim həbs elədiyim Naxçıvan daxili işlər nazirinin müavini Siyavuş Mustafayevi tutublar ki, o da həmin hadisələrdə olub və parlamentin içinə girib proseslərə rəhbərlik edib. Ondan burda nələr baş verdiyini başa düşdüm.
- Sizi Siyavuş Mustafayevlə bağlamaq istəyiblər?
- Sadəcə məndən istifadə etmək istəyiblər. Məni o aksiyaya rəhbərlik etməyimi təklif edənlər o qüvvələrlə bir arada olduğumu göstərmək istəyiblər. Mən isə o qüvvələrlə bir arada ola bilməzdim. Məni o proseslərlə bağlamağa çalışdılar. Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı. Olardım xain. Mənimçün xəyanət ölümdən daha betərdi. Bağışlanılmaz səhvdir.
- Şəxsi biznesiniz varmı? Tusi klinikasının Sizə məxsus olduğu barədə fikirlər var…
- Mənim rəsmi biznesim yoxdur. Tusi Klinikası ailə üzvümə aiddir.
- Hazırkı səhiyyə naziri vaxtilə Tusi klinikasında çalışıb. Onun nazir kimi fəaliyyətini necə dəyərləndirirsiniz?
- Teymur Musayev ensiklopedik tibbi biliyə malik bir insandır. O, "Tusi"də (klinika) işləyərkən Rigada təşkil olunmuş tibbi idarəçilik üzrə magistraturanı bitirib. İki il o orada qiyabi oxuyub. Ora qəbul olunan 25 nəfərdən sona qədər cəmi 2 nəfər qala, imtahan verib, yüksək nəticə ilə məzun ola bilib. Həmin iki nəfərdən biri də Teymur Musayev olub.
Təbabətin elə bir sahəsi yoxdur ki, Teymur Musayevin onun haqqında məlumatı olmasın. Məsələn, əsasən kişilərdə prostat vəzi və uroloji xəstəliklərin müalicəsində istifadə olunan “Lumenis” adlı bir cərrahi aparat var. Qafqazda və yaxın regionda bu aparatı ilk tətbiq edən məhz o olub.
O çox qabiliyyətli bir mütəxəssisdir. Bu gün Səhiyyə Nazirliyinin əvvəlki kimi geniş səlahiyyətləri yoxdur. Demək olar ki, ölkədəki tibb müəssisələrinin böyük əksəriyyəti TƏBİB-in tabeliyindədir və onun tərəfindən idarə olunur.
İşlədiyi dövrdə üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Onunla bağlı hərdən məlumat alıram.
Müasir qanunvericiliyi yaxşı bilir, insanlarla ünsiyyət qurmağı bacarır və kollektivlə işləmək qabiliyyəti yüksəkdir. İnsanları müəyyən bir istiqamətdə işlədə və kollektiv daxilində nüfuz qazana bilir.
- Müsahibə boyunca diqqətimi çəkən bir məqam oldu ki, Heydər Əliyevlə mütəmadi təmasda olduğunuz xatirəkırdın bəhs etdiniz . Əvvəlcə Baş Prokurorun birinci müavini, daha sonra Konstitusiya Məhkəməsinin hakimi statusu ilə rahatlıqla Prezidentlə əlaqə yarada bilmənizdən belə anlamaq olar ki, Sizə fövqəladə etimad göstərilib…
- Hər bir insanın idealı və həyatda istəyi var.
Vətənə xidmət etmək var, dövlətə xidmət etmək var. Fərqli ifadələr olsa da, bunlar vahid xidmətkırdir.
Dövlətə xidmət edə bilməsən, Vətəni sevə, müdafiə edə, xalqını sevə bilməyəcəksın. Vətən sevgisi, Millət sevgisi, Dövlət sevgisi - bunlar bir yerdə olmalıdır. Əgər kimdəsə Vətən, Xalq sevgisi var, Dövlətə sevgi yoxdursa, insan insan kimi yaşaya bilməz.
- İsa müəllim, texnologiyanın sürətlə inkişaf etdiyi indiki dövrdə necə deyərlər Nuh Əyyamından qalma, düyməli cib telefonu işlədirsiniz. Bunun xüsusi bir səbəbi var?
- Ağıllı telefonum da var. Sadəcə, bir müddət onu istifadə edəndə gördüm ki, oynaqlarımda ağrı var. O telefonu qoydum kənara, iki həftədən sonra gördüm ki, o ağrılarım keçib getdi. Hər bir yenilik, özü bir təhlükədir. Müasir telefonlarda elektromaqnit dalğaları var - insan hüceyrələrinə, oynaqlarına təsir edir, insanın ömrünü qısaldır. İnsanlar nə üçün keçmişdə 100-120 il yaşayırdı? Çünki o zaman insanlar çox informasiya almıırdı. İnsanlar qonşu kənddə baş verənlərdən xəbəri olmurdu. İndi dünyanın bir ucunda baş verənləri oxuyub bəzən əsəbiləşir, həyəcanlanırıq. Bu da səhhətimizə mənfi təsir edir. Kitab insanın ən yaxşı dostudur.