Ana səhifə / Media / “Televiziyalarımız bu baxımdan həmişə “sinifdə qalır““ – Ekspert

“Televiziyalarımız bu baxımdan həmişə “sinifdə qalır““ – Ekspert

Sosial şəbəkələrdə televiziyalarla bağlı tənqidlərə tez-tez rast gəlirik. Əsas tənqidlər faciəvi hadisələr baş verəndə əyləncəli proqramların efirdən yığışdırılmamasıyla bağlı olur. Bəziləri TV rəsmiləri proqramların əvvəlcədən müəyyən olunmasına görə, proqram siyasətini dəyişə bilmədiklərini deyirlər. Dünən isə “Anım günü”ylə bağlı tamam fərqli mənzərənin aşhidi olduq. 

Televiziya proqramlarında “Anım günü”nə həsr olunan verilişlərin yayımı diqqətdən yayınmadı. Bu halda ortaya belə bir sual çıxır: Televiziyalar gündəlik baş verən hadisələrə uyğun proqram siyasətini dəyişə bilmirlər, yoxsa, dəyişmək istəmirlər?”

Məsələ ilə bağlı Yenisabah.az-a media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli danışıb. Onun sözlərinə görə, televiziyaların proqram siyasətini dəyişə bilməməsini demək, hekayədir:

“Televiziyaların proqramlarının öncədən müəyyən olunması qanunvericiliyin tələbidir. Proqram siyasəti elə qurulmalıdır ki, öncədən müşahidə edilə bilən olsun, və onun lisenziya şərtlərinə uyğun olsun. Amma bu, o demək deyil ki, televiziyaların proqram siyasəti gündəlik hadisələr çərçivəsində hər hansı bir dəyişimə məruz qala bilməz. Bu yanaşma yanlışdır. Bunu qadağan edən heç bir norma yoxdur. Çünki tam əksinə, televiziya auditoriyaya xitab edir, həmin auditoriyanın da gözləntisi o an üçün dəyişibsə, televiziya rəhbərliyi ona uyğun şəkildə çevik qərarlar verməlidir və həmişə “B plan”ına keçə bilməlidir. Yəni, proqram “A planıdır”sa, amma ölkə üzrə hər hansı faciəvi hadisələr baş veribsə, təbii ki, TV-lər güncəl hadisələrə yönəlməlidir, proqram siyasəti baş verən hadisələrin xarakterinə müvafiq həyata keçirilməlidir”. 

Ekspert dünya ölkələrində proqram siyasətlərinin bu cür nüanslara önəm verdiyini də vurğulayıb:

“Dünyanın hər yerində televiziya idarəetmə siyasəti bu yöndədir. Bizim ən çox müşahidə etdiyimiz ölkələrədən biri Türkiyədir, biz orada da faciəvi hadisələr baş verən kimi, televiziyaların proqramlarının baş verən hadisələrə fokuslandığını görürük. Jurnalistlər bu hadisələri fəaliyyətlərinin mərkəz nöqtəsinə alır, və hətta, 24 saat fasiləsiz canlı yayımlar edirlər. Bu seçki prosesində, zəlzələ, və digər adekvat fövqəladə hadisələrdə belə olur. Bu baxımdan Azərbaycan televiziylarında proqram siyasətini dəyişə bilmərik düşüncəsi sadəcə hekayədir, həmçinin işinin öhdəsindən gəlməmək, və ya işinin məsuliyyətini dərk etməməkdir.

Amma anım günləri, ümumxalq hüzn günlərində öncədən müəyyən olunduğu üçün proqram siyasətini əvvəlcədən müəyyən etmək daha aydın, rahatdır. Bunun əksini də gözləmək doğru deyil. Çünki, bu, qanunvericilikdən irəli gələn öhdəlikdir. Amma ən önəmli məsələ bunun güncəl hadisəyə görə uyğunlaşdırılaraq dəyişiləbilmə məsələsidir ki, TV-lərimiz də bu baxımdan həmişə “sinifdə qalır”, təəssüf ki, cəmiyyətin gözləntilərini qarşılaya bilmir”.

ARB Tv-nin aparıcı Elgiz Əkbərdən də münasibət öyrənməyə çalışsaq da, aparıcı bu məsələdə məlumatlı olmadığından dolayı, açıqlama vermək istəmədiyini bildirib.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …