Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Media / Söküntü dalğası “Kubinka”ya da çatdı – REPORTAJ

Söküntü dalğası “Kubinka”ya da çatdı – REPORTAJ

Son zamanlar Bakının müxtəlif yerlərində söküntü işlərinə başlanılıb. Misal olaraq “Sovetski” kimi tanınan ərazini, metronun Qara Qarayev stansiyası yaxınlığında yerləşən 2 mərtəbəli binaları, “Alimlər yataqxanası”nı və sair bu kimi yerləri göstərmək  olar. 
Artıq Bakının “Kubinka” (Quba meydanı) kimi tanınan məhəlləsində də söküntü işləri planlaşdırılır.
Bu barədə musavat.com-a məhəllənin sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, bir ay öncə bir qrup nümayəndə gələrək, ərazidə ölçü işləri aparıblar. Bu kimi məlumatları dəqiqləşdirmək üçün qeyd etdiyimiz məhəllədə olduq. Məhəllədə müşahidə etdik ki, əksər insanlar evlərinin söküləcəyi günü gözləyirlər. Eyni zamanda burada evlərin hamısının “Sovetski”də olduğu kimi balaca olduğunu söyləmək də olmaz. Çünki sakinlərdən bəziləri son zamanlar kiçik evlərini genişləndiriblər, birmərtəbəli mənzillərini ikimərtəbəli ediblər.
“Kubinka”nın Əlimərdan Topçubaşov küçəsində söhbət etdiyimiz sakin Şahin Ağalarov bildirdi ki, təxminən bir ay olar ki, bir qrup nümayəndə gələrək, onların evlərində və eləcə də digər qonşuların həyətlərində ölçü işləri aparıblar: “Həmçinin küçələri də təmir etdilər. Dedilər ki, küçələr təmirli olsun. Ancaq bildirdilər ki, evləri sökəcəklər. Gələnlər hansısa tikinti şirkətinin əməkdaşları idilər. Lakin konkret olaraq işi hansı şirkətin aparacağını sakinlərə söyləmədilər. Hansı evin çıxarış vərəqəsi varsa, onların sənədlərini apardılar. Dedilər ki, qeydiyyata alıb xəbər edəcəyik. Söküntünün nə zaman başlayacağı dəqiq məlum deyil. Bildirdilər ki, ola bilər sentyabr ayından başlasın. Ancaq bu da dəqiq məlumat deyil. Əsasən bizim küçədə və Balababa Məcidov küçəsində sakinlərlə söhbət edib, qeyd etdiyim kimi sənədlərinə baxdılar”.
Digər sakin Məşuqə Quliyeva bildirdi ki, köçəcəkləri günü səbirsizliklə gözləyirlər. Ancaq hələlik onlara dəqiq söz deyən yoxdur: “Burada qardaşımın evində qalıram. Köçəcəyimiz günü səbirsizliklə gözləyirik. Evin ərazisi çox balacadır. Bu cür yerdə yaşamaq insanın əsəblərinə də təsir edir. Qonşularla da bir də görürsən ki, heç nəyin üstündə mübahisə yaşanır. Ona görə də köçəcəyimiz günü səbirsizliklə gözləyirik”.
 
Yuxarıda qeyd etdiyimiz kimi, bir zamanlar “Kubinka”nın söküləcəyini eşidən bəzi sakinlər öz mənzillərini daha da genişləndirib, artırma tikiblər. Adının çəkilməsini istəməyən sakin bildirdi ki, məhəllədə artıq bu kimi tikintilər dayandırılıb: “Bir zamanlar ard-arda tikintilər başlamışdı. Məhəllə söküləcək deyə tikirdilər. Ancaq indi artıq o cür tikintilər dayandırılıb. Məhəlləyə gələn komissiya onlardan evlərinin sənədi olanların mənzillərini ölçüb, siyahıya aldılar. Hələ mənzillərinin tikinti apardıqları hissəsi yarımçıq olanlardan isə işin dayandırılmasını istədilər”.
“Kubinka”da da müşahidə etdik ki, “Sovetski”də və digər söküntü aparılan ərazilərdə olduğu kimi, burada da az kvadratlı mənzillərin sahibləri narahatdırlar. Onlarla söhbətimiz zamanı bildirdilər ki, bu cür dar və şəraitsiz yerdə yaşamaqdan qurtulmaq istəyirlər. Ancaq gərək ki, hökumət elə pul versin ki, başqa yerdə ev ala bilsinlər.
Abbas adlı sakinlə söhbətimiz zamanı o, bildirdi ki, az kvadratlı mənzil sahiblərinə hər hansı bir xüsusi təklif olunmayıb: “Deyirlər ki, ərazi plana düşüb və söküləcək. Ötən günlərdə bir neçə nəfər gəlmişdi. Ərazidə evlərin fotosunu çəkirdilər. Onlar dedilər ki, foto çəksək də hələ söküntünün nə zaman başlayacağı dəqiq deyil. Deyirlər ki, ola bilər 15 günə, ola da bilər ki, bir ilə iş başlasın. Ancaq mənzillərinin sahəsi 25-30 kvadratmetr olanlara hər hansı güzəştin ediləcəyi ilə bağlı heç nə demirlər. Heç olmasa bizə də “Sovetski”də olan az kvadratlı mənzil sahiblərinə verildiyi kimi ev verilsə, yaxşı olar. Yoxsa burada elə adam var ki, 20 kv.m sahəsi olan evdə yaşayır. Həmin sakin 1500 manatla nə edəcək ki? Getdikcə də tikinti materiallarının qiyməti qalxır. Əgər əvvəllər yenə şəhərdən kənarda ev tikmək olardısa, indi o da mümkün deyil. Bu baxımdan bizim üçün çətindir. İndi istədiyimiz yerə piyada da gedə bilirik. Şəhərin mərkəzində yaşayırıq. Verilən pula mərkəzdə ev ala bilməyəcəyik. Heç olmasa, elə etsinlər ki, kənarda mənzil sahibi ola bilək”.
Bəlli olduğu kimi, kiçik sahəsi olan “Kubinka”da insanların bəziləri çox çətin şəraitdə yaşayırlar. Ancaq onlar artıq buna alışmış kimi görünürlər. Onlar küçəyə paltar asmağa, yun sərməyə artıq məcburiyyətdən alışıblar. Elə məhəllənin yeniyetmə sakinləri də özlərinin sözlərinə görə, küçədə oyun  oynamağa öyrəşiblər. Bəlkə də buna görədir ki, onlara köçmələri haqqında sual verdiyimiz zamanı bu barədə heç bir fikirlərinin olmadığını söylədilər.
Musavat.com









Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …

Bir cavab yazın