Ana səhifə / Media / Rusiya jurnalistlərinin əcaib tərəfkeşliyi: onları buna nə vadar edir?

Rusiya jurnalistlərinin əcaib tərəfkeşliyi: onları buna nə vadar edir?

Bu adamı da yenidənqurma dalğasında tanıdıq. Onu hətta yeni jurnalistikanın pionerlərindən sayanlar da var. Amma etiraf edək ki, biz də uzun illər bu adamı ən müxtəlif proqramlarda, layihələrdə görsək də, kumir saydığımız jurnalistlərdən olmayıb.

Əksinə, bu adamın elə bir tele-cazibəsi yoxdur, pozitiv aurası ilə seçilmir. Düzdür, bəzi “tele-killər”dən fərqli olaraq daim bir az təmkinli jurnalist hesab edilib və tamaşaçını təxribata çəkməyi elə də sevməyib.

Yəqin söhbətin kimdən getdiyini tutdunuz – bu günün “qəhrəman”ı Vladimir Pozner cənablarıdır, hərçənd ki, elə bu günlərdə onu digər həmkarı – daha bir Vladimir də Azərbaycana qarşı nəsə cikkildəməyə cəhd etmişdi…

Bilmirəm, bu, təsadüfdür, yoxsa ki, cənab Pozner də yaşının bu çağında elə doğrudan-doğruya Azərbaycana qarşı kampaniyaya başlayıb?

Onun bir “açıqlama”sını lap elə bu yaxınlarda oxumuşdum. Bəli, hansı ölçü cihazından istifadə etdiyini bilmirəm, amma məlum olmuşdu ki, bu adam dəqiq müəyyən edib ki, keçmiş sovet məkanının bir neçə xalqına, o cümlədən də azərbaycanlılara demokratiya lazım deyil…

Kimə demokratiya lazımdır, yaxud lazım deyil – bunu hamıdan yaxşı həmin adam və yaxud da xalq bilir.

Üstəlik, Vladimir Pozner hazırda sözün əsl mənasında demokratik bir ölkənin vətəndaşı olsaydı, bunu yenə də birtəhər başa düşmək olardı, amma Rusiyanı dünyada hər şeyə bənzədir və hər şeylə tutuşdurur, analogiya aparırlar, bircə azad, demokratik ölkədən savayı! Hər halda, “tandemokratiya” sözü Azərbaycan və azərbaycanlılarla bağlı meydana gəlməyib… 
Odur ki, düz-əməlli oturub baş sındırsaq ki, hansı xalqlar hələ demokratiyaya hazır deyil, çox cəncəl bir məsələ alınar və bəlkə də demokratiya üçün tamarzı olan xalqlar arasında rusiyalılar ən axırıncı yerdə gələrlər.

Heç onu demirəm ki, sovet məkanının bəzi hissələrində demokratik proseslərin nədən müəyyən əngəllər yaşamasının səbəblərini bir-bir araşdırsaq, görərik ki, bunun əsl səbəblərindən biri də həmin ölkələrin Rusiya ilə qonşu olmasıdır. Düşünürük ki, Pozner də bununla razılaşar – yetər ki, ölkəsinin hansı dövlətlərlə oturub- durmasına, onun çevrəsində kimlərin olmasına bir yaxşı-yaxşı diqqət yetirsin.

O ki qaldı onun növbəti açıqlamasına, Pozner ərz edir ki, azərbaycanlılar da qoy bilsinlər ki, onun ürəyi onların yox, ermənilərin tərəfindədir. Bilmirəm, bəlkə də o bu etirafı ilə böyük təəccüb və yaxud da çaşqınlıq yaradacağını düşünür, amma birmənalı şəkildə deyirəm ki, bu adamın kimin tərəfində olması azərbaycanlıların heç vecinə deyil, ən azı ona görə ki, V.Pozner nə vaxt azərbaycanlıların tərəfində olub ki, birdən ermənilərin tərəfinə keçməsi bizdə hansısa çaşqınlıq yaratsın? Bu illər ərzində biz elə “sürpriz”lər yaşamışıq ki, Poznerin açıqlaması bunların yanında sadəcə, gülməli görünür!..

Pozner əgər istəyirsə, Rusiyada daha kimlərin və hətta ölkə olaraq Rusiyanın özünün kimin yanında olmasını ona xatırlada bilərik. Başqa bir ökənin – Ukraynanın ərazisinin bir hissəsini, Krımı işğal etmiş və onun digər hissəsinin vətəndaşlarına öz pasportlarını paylayan ölkənin “orta statistik vətəndaşı” olan V.Pozner başqa bir açıqlamada buluna bilərdimi?

Əlbəttə, onun üçün də başqasının torpaqlarını özünə birləşdirmiş, on illərdir ki, dünyaya yalan-palan danışan Ermənistan daha anlaşıqlı və ya başadüşülən olmalıdır. Bu adam durub desə ki, Ermənistan düz etmir, o halda ondan soruşmazlarmı ki, bəs Krımı rəsmən, Şərqi Ukraynanı isə qeyri-rəsmi olaraq işğal etmiş Rusiya özü düzmü hərəkət edir?

Bu adamın özünün bir şəxs kimi nə qədər azad adam olmasına gəlincə, yenidənqurma elə tozanaq qaldırdı ki, hələ də yaxşını pisdən, dəyərlini dəyərsizdən ayıra bilmirik.

Mən bu sətirləri yazmaq ərəfəsində bir daha internetdə V.Pozner haqqında məlumatlara baxdım. Bunun ailəsinin əlaqələri sovet xüsusi xidmət orqanlarına, lap dəqiqini desək, DTK-ya gedib çıxır və təcrübə göstərir ki, belə əlaqələr heç bir vaxt itmir, ən azı “ailə tərbiyəsi” kimi nəsildən nəslə ötürülür.

Üstəlik, bizə daim elə gəlib ki, rusiyalı jurnalistlərin böyük əksəriyyəti müvafiq strukturlarla bağlı olub və indi də bağlıdır, əks təqdirdə onlar səhər-axşam ABŞ-ın və yaxud da Ukraynanın qarasınca deyinməzdilər. Həm də hətta bu günün Rusiyasında bu, patriotluq əlaməti sayılır. Jurnalistlər bir tərəfə, bu yaxınlarda yazıçı İvanTurgenevlə bağlı bir “yazı” oxudum – müəllif ciddi-cəhdlə, özü də iftixarla sübut etməyə çalışırdı ki, böyük rus yazıçısı nahaq yerə bütün ömrünü xarici ölkələrdə yaşamayıb, o, rus kəşfiyyatının əsas simalarından biri olub…

Bu, məsələnin bir tərəfidir. Digər tərəfisə budur ki, bu adam- Pozner yarı yəhudi, yarı fransızdır. Yəhudi qaydalarına görə milliyyət ana xətti ilə müəyyən olunur, fransız qaydalarına görə isə ata ilə. Yəhudi qaydalarına görə, bu adam fransız, fransız məntiqinə görə isə yəhudidir. Bəs onda axı bu Pozner milliyətcə kimdir? Belələri Rusiyada özlərinə “rus” deyirlər, necə ki, bir vaxtlar Vladimir Jirinovskilə bağlı məşhur lətifə vardı: “Anam rus, atam isə hüquqşünasdır”…

Yeri gəlmişkən, elə bu məntiqlə Jirinovski də özünü “rus” sayır və güman ki, daha bir nəfər də – atasının erməni olduğu iddia edilən cənab nazir Sergey Lavrov da həmin məntiqlə özünü “rus” hesab edir.

Olsun, bununla işimiz yoxdur. Bizdə milliyyət ata xəttilə müəyyən olunur. Odur ki, qoy, Pozner bilsin ki, o, özü Ermənistanın tərəfində ola bilər və bu, onun seçimidir, amma yəhudilərin çoxu, o cümlədən də bir dövlət olaraq İsrail bizim- Azərbaycanın tərəfindədir. Çox yaxşı olardı ki, Pozner bu haqda bir əməlli-başlı düşünsün.

Hələ heç onu demirik ki, bizim Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, burada yüz illərdir ki, çoxminlik yəhudi icması yaşayır – bəli, bu insanlar Azərbaycana o qədər bağlıdırlar, burada o qədər diqqət və sevgi görürlər ki, qeyri ölkələrdə bəzi insanların xaricə qaçmaq üçün fürsət aradığı bir vaxtda bunlar Azərbaycanı – öz vətənlərini tərk etmək haqqında heç düşünmürlər də, halbuki ən azı yəhudi olduqlarına görə onların belə imkanı hamıdan çoxdur…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …