Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Media / Polisi tənqid edən status yazdılar, “polisin əmrinə tabe olmamaqla” həbs olundular

Polisi tənqid edən status yazdılar, “polisin əmrinə tabe olmamaqla” həbs olundular

Dünən iki ictimai fəal- Elmir Abbasov  və Qiyas İbrahimov 20, 30 sutka inzibati həbs cəzası alıblar. Onların hər ikisi polisin Gədəbəyin Söyüdlü kəndində sakinlərə zorakı davranması ilə bağlı tənqidi statuslarından sonra saxlanılıblar. 

Qiyas İbrahimovun anası Şura Əmiraslanova Abzas Media-ya bildirib ki, oğlunu polislərin hərəkətini tənqid etdiyi üçün həbs ediblər. O, polis əməkdaşlarının bu gün evlərinə gələrək oğlunun statusunu silmək üçün uzun müddət telefonunu axtardıqlarını deyir. 

“Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları evə gəlib Qiyası apardılar. Dedilər, statusu sil, o da dedi, silmirəm. Telefonun axtardılar, tapa bilmədilər. Evi alt-üst elədilər ki, telefonu tapsınlar, yenə tapa bilmədilər. Həyəti axtardılar ki, bəlkə tapdıq. Özü bölmədə dedi ki, statusu silməyəcəm, həbs eləyin məni. Mən istəməzdim ki, o statusu yazsın, çünki dəyməzdi. İndiyə qədər etdiklərinin hansını xalq qiymətləndirdi ki, indi də kimlərdən ötrüsə yazıb, gedib 30 sutka həbsdə otursun.  Müharibə dövründə söyən xalq deyilmi bu? “Anası erməni qızıdır” deyən xalqın övladları deyilmi bu? İstəyərəm ki, oğlum bu ölkədən ümumiyyətlə çıxıb getsin” – Şura Əmiraslanova bildirib. 

Qiyas İbrahimov Nizami rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin müvafiq əmrinə tabe olmamaq) ilə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. 

Bu gün səhər saatlarından dostları NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasovdan xəbər ala bilməyiblər. Günorta saatlarında onun səsi Sumqayıt şəhər Məhkəməsindən gəlib. Elmir Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin müvafiq əmrinə tabe olmamaq) ilə ittiham olunub. Onun dostları bildirib ki, Elmir Gədəbəydə baş verən hadisələrdə polisin hərəkətini tənqid edən status yazdığı üçün həbs edilib.

İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
Etirazlarda 5 nəfər saxlanılaraq 20 sutka inzibati həbs cəzası alıb, bir nəfər 1500 manat cərimələnib.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …