Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Media / Paytaxt Bakı ağcaqanadlara təslim olub – təhlükə

Paytaxt Bakı ağcaqanadlara təslim olub – təhlükə

Pediatra görə, xüsusilə uşaqları qorumaq lazımdır…

Yay vaxtı həşəratların sayının artması təbiətin qaçılmaz cəzalarından biridir. İnsanları ən çox narahat edən isə heç şübhəsiz ağcaqanadlardır. Bu həşəratlar insan qanını sormaqla qidalanır və bu yolla yumurta qoyurlar. Onu da qeyd edək ki, ağcaqanadların yumurtalarına qarşı vaxtında dezinfeksiya işləri aparılmadıqda onların sayı da kəskin artır və yaşayış yerləri üçün əsl problemə çevrilir.

Son zamanlar əhali arasında gedən müzakirələr isə onu göstərir ki, ağcaqanadların sayı artıb. Sovet dövründə aidiyyəti dövlət qurumları tərəfindən yaşayış məntəqələri yaxınlığında, binaların zirzəmisində, həyətində, bataqlıq və rütubətli yerlərdə ağcaqanadlara qarşı dezinfeksiya işləri aparılsa da, son illər bu tədbirlər azalıb. Bu baxımdan, həşəratların da sayı artıb.

Məlum olduğu kimi, ağcaqanadlara ən çox durğun su mənbələrində, bataqlıqda, qamışlıqda, rütubətli zirzəmilərdə rast gəlinir. Əvvəllər bu kimi ərazilər xlorlu su ilə dezinfeksiya olunduğundan, yay aylarında ağcaqanad bu qədər çox müşahidə olunmurdu. İndi isə bu həşəratların sayı hiss olunacaq dərəcədə artıb.

Məsələ ilə bağlı Yeni Müsavat”a açıqlama verən Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə bildirir ki, analoji tədbirlər indi də həyata keçirilir, lakin bunun üçün MİS-lərin və ya bələdiyyələrin Dezinfeksiya İdarəsinə müraciət etməsi, eləcə də ödəniş etməsi vacib şərtdir: “İstər sovet vaxtında, istərsə də indi Səhiyyə Nazirliyi əhaliyə xəbər vermədən bu işləri aparır. Biz həyata keçirdiyimiz bütün tədbirlər haqqında əhaliyə xəbər verməli deyilik ki, hansı gün hansı ünvanda profilaktik tədbir aparmışıq. Çünki bu bizim borcumuzdur. Həmin profilaktik tədbirlər indi də aparılır. Ağcaqanadların çoxalmasını həmin sahə üzrə məşğul olan mütəxəssisdən başqa heç kim bilə bilməz. Əgər insanlar öz yaşadıqları ərazidə ağcaqanadların artdığını müşahidə edirlərsə, bu barədə aidiyyəti qurumlara müraciət etməlidirlər ki, müvafiq tədbir görülsün. Bu tədbirlər görülmədikcə onlar narahat ola bilərlər. Ağcaqanad hər zaman olub. Əhalinin özü də buna şərait yaradır. İnsanların özlərinin arasında profilaktik işlər aparılmalıdır, onlar təmizliyə riayət etmirlər. Binalarda eyvanlardan saysız-hesabsız zibillər atılır. Hamısı da əraziyə tökülür və həşəratlar üçün zəmin yaranır. Hər rayonun dezinfeksiya stansiyası var və təsərrüfat hesablıdır. Mənzil-istismar sahələri həmin idarə ilə müqavilə bağlayır, pul ödəyir və ondan sonra həmin qurum gəlib zirzəmilərdə, binaların həyətində dezinfeksiya işləri aparır. Bu xidmət sovet dövründə də pullu idi, indi də pulludur. Hər bir rayonun təsərrüfat hesablı dezinfeksiya idarəsi var. Ərazidə bələdiyyə varsa, MİS varsa, müraciət etsin, onlar da məmnuniyyətlə işləri aparacaqlar”.

İbadulla Ağayev onu da vurğuladıl ki, hər şeydən öncə insanlar özləri profilaktik işlər aparmalıdırlar, təmizliyə riayət etməlidirlər: “Ağcaqanadların ölkəmizdə ən çox yaydığı xəstəlik malyariya idi, hazırda isə bu xəstəlik demək olar ki, yoxdur. Həm Bakıda, həm də rayonlarda səhiyyə qurumlarımız işləyir. Əgər kimisə nə isə narahat edirsə, ciddi bir tədbir görmək lazım gəlirsə, müraciət etsin. Səhiyyə sistemi tam qaydasında işləyir. Sadəcə, müəyyən insanlar əhalidə xof yaratmaq istəyir. Mən 50-ci illərdən rayon yerində böyümüşəm, orada biz ağcaqanaddan qorunmaq üçün miçətkən qurub yaratdıq. O vaxt dezinfeksiya tədbirləri olmadığına görə od qalayar, tüstü çıxardırdılar. Bütün canlılar artdığı kimi, ağcaqanadlar da artır”.

Pediatr Vaqif Qarayev isə valideynləri, körpələri və azyaşlı uşaqları ağcaqanadlardan qorumaq üçün düzgün vasitələr seçməyə çağırdı: “Ağcaqanad dərmanları kimyəvi maddələrdir və onlar uşaq orqanizmi üçün zərərlidir. Xüsusilə uşağın sinir sisteminə ziyanlı təsiri var. Ona görə bu dərmanlardan istifadə etdikdə uşaq otaqda olmamalıdır. Uşaq həmin hava və tüstü ilə nəfəs almamalıdır. Ağcaqanadları öldürdükdən sonra otağın havası dəyişdirilməli, yalnız bundan sonra uşaq otaqda yatmalıdır. Bu dərmanlara südəmər yaşlı uşaqlar daha həssasdır, onları bu zərərli təsirlərdən mütləq qorumalıyıq. Ağcaqanad dərmanı həm də allergik problemləri kəskinləşdirir. Bəzən astmatiklərdə ağır tutmalar yaradır. Bəzən bədəndə köpüşük şəkilli səpkilər yaradır. Bu hallar təhlükəlidir və mütləq həkimə müraciət etmək lazimdır”.

Xəstəliklərə gəlincə, pediatr bildirdi ki, ağcaqanadın xüsusi növü var və onlar uşaqları, eləcə də böyükləri dişlədikdə malyariyaya yoluxdura bilərlər: “Xüsusilə aran zonasında bu növ ağcaqanadlar çoxdur, ona görə orda malyariyaya yoluxma ehtimali yüksəkdir. Onlarla mübarizə məsələsinə gəldikdə, əhali əsasən qapi-pəncərəni torla bağlayır, amma bu üsul həmişə effekt vermir. Evlərin zirzəmisində, durğun su olan yerlərdə vaxtaşiri dezinfeksiya işləri aparılmalıdır. Zirzəmilərdə ağcaqanaddan başqa bit-birə də kifayət qədərdir. Əvvəllər MİS-lər bu işlə pis-yaxşı məşğul olurdu, indi isə heç kim məşğul olmur. Ona görə əlac yenə insanlarin öz şəxsi təşəbbüsünə qalir, kim təmizlətdirə bilirsə təmizlətdirir”.

Həmçinin oxuyun

“Associated Press” İlham Əliyevin xalqa müraciətindən yazdı

Nüfuzlu “Associated Press” nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, …

Bir cavab yazın