Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Media / “Anar Yusifoğlunun moderatorluq qabiliyyətini qaydalara uyğun sayıram və yüksək dəyərləndirirəm”

“Anar Yusifoğlunun moderatorluq qabiliyyətini qaydalara uyğun sayıram və yüksək dəyərləndirirəm”

Mərkəzi Seçki Komissiyasında (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirildikdən sonra namizədlərin debatı təşkil edilir.
Namizədlər üçün saat 22:00-da İctimai Televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə debat təşkil olunur, həftədə 3 saat isə İctimai Radioda debatlar keçirilir. Radiodakı debatlar isə saat 19:00-da başlayır.
Püşkatmanın nəticələrinə əsasən, çıxışlar aşağıdakı ardıcıllıqla müəyyən olunub:

1. Namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruc.
2. Namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadə.
3. Namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyev
4. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyev.
5. Namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Razi Nurullayev.
6. Namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Cəlaloğlu.
7. Prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyev.
8. Namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyev.

Müəyyən edilmiş qaydalara uyğun olaraq, hər namizəd 1 saat ərzində 7 dəqiqə 30 saniyə çıxış etməli olacaq.
Qeyd edək ki, bu il efirdə təşviqat zamanının vaxtı dəyişdirilib. Əvvəl televiziyada çıxışlar saat 19:00-da başlayırdısa, indi bu vaxt saat 22:00 olur.
Sosial şəbəkələrdə gedən müzakirələrdən məlum olur ki, əhali arasında daha çox namizədlərin iştirakı ilə keçirilən teledebatlar böyük maraqla izlənir. İctimai Televiziyada təşkil olunan teledebatlarda namizədlərə çıxış etmək üçün hər gün yeni bir mövzu təklif edilir. Məsələn, milli təhlükəsizlik, ərzaq təhlükəsizliyi, iqtisadi islahatlar, aqrar sektordakı proseslər və sair kimi real məsələlər ətrafında müzakirələr gedir. İndiyə qədər keçirilən teledebatlarda seçilən mövzuların aktuallıq dərəcəsini necə dəyərləndirmək olar?

Media eksperti Yadigar Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, müxtəlif mövzuların seçilməsi onun da diqqətini cəlb edib: “Mən də elə bilirdim ki, həmin mövzuları sırf telekanalın özü müəyyənləşdirir. Maraqlandıqdan sonra məlum oldu ki, mövzu seçimində prezidentliyə namizədlər və ya onların nümayəndələri birlikdə iştirak edirlər. Verilişi aparan jurnalist də həmin mövzu ətrafında moderatorluq etməyə başlayır. Demək istədiyim budur ki, debatda ətrafında müzakirələrin aparıldığı mövzular kimsə tərəfindən onlara təqdim edilmir. Güman edirəm ki, bu məsələdə konsensus böyük rol oynayır. Verilişin aparılmasını isə yüksək dəyərləndirirəm. Biz sosial şəbəkələrdə gedən müzakirələrdən də şahidi olmuşuq ki, verilişin təşkili və aparılmasından razılıq edilir. Belə verilişlərin təşkil İctimai Televiziyanın birbaşa səlahiyyətinə aiddir. Çünki həmin kanal tərəfsiz, plüralist proqram yayımçılığı öhdəliyini daşıyır. Çox yaxşı haldır ki, bu cür mühüm debatı təcrübəli jurnalist olan Anar Yusifoğlu aparır. Bizim həmkarımız bu sahədə özünü tam təsdiq etmiş jurnalistdir. Onun moderatorluğundan da hiss edilir ki, kiminsə tərəfini tutmur, heç bir əlavə mövqe sərgiləmir. O, hər bir namizədə bərabər vaxt ayırır, eyni münasibəti göstərir. Mən Anarın moderatorluq qabiliyyətini qaydalara uyğun sayıram və yüksək dəyərləndirirəm. Bu tək mənim deyil, bütün media cameəsinin fikridir. Hətta bununla bağlı bir çox jurnalist həmkarlarımız öz fikirlərini açıq şəkildə bildiriblər. Bir sözlə, İctimai Televiziyadakı təqdimat hamımızı razı salır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …