Çərşənbə , May 8 2024
Ana səhifə / Media / 72 yaşlı Bəxtiyar Sadıqov niyə istefa vermir?

72 yaşlı Bəxtiyar Sadıqov niyə istefa vermir?

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov rəhbərlik etdiyi mətbu orqanın bağlanma təhlükəsiylə üzləşdiyini bildirib. Bəxtiyar Sadıqov bu barədə parlamentin dünənki iclasında danışıb. Deputat deyib ki, “Azərbaycan” qəzeti ciddi maliyyə böhranı yaşayır, dərhal yardım edilməsə, 65 nəfər işsiz qalacaq. 

Baş redaktor dəstək üçün Milli Məclis rəhbərliyinə müraciət etdiyini gizlətməyib: 

“Amma aldığım cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki qəzetimiz Milli Məclisin orqanıdır. Qəzetin maliyyə və texniki təminatı Milli Məclis tərəfindən edilməlidir. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir. Vəziyyət göstərir ki, hər il bizə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı edilməlidir. Əks təqdirdə, çapımız dayanacaq”.

“Yeni Sabah”  “Azərbaycan” qəzetinin hansı səbəbdən maliyyə böhranı ilə üzləşdiyini öyrənə bilib. Əldə etdiyimiz məlumata görə, Milli Məclis rəhbərliyi Bəxtiyar Sadıqovla işləmək istəmədiyi üçün qəzetə maliyyə yardımı ayırmağa maraq göstərmir. 

Parlament rəhbərliyində təmsil olunan şəxslərdən biri saytımıza bildirib ki, hələ 2022-ci ilin sentyabrında – Həsən Həsənov “Xalq” qəzetinin baş redaktoru vəzifəsindən ayrılanda  B.Sadıqova da vəzifəsindən istefa vermək təklif olunub. Amma Sadıqov deputat kimi toxunulmazlıq hüququna malik olduğunu xatırladaraq, heç kimin onu yerindən “tərpədə” bilməyəcəyini iddia edib. O, ən azı deputat səlahiyyəti başa çatana – 2025-ci ilin fevralına kimi baş redaktor vəzifəsində qalmaq istədiyini deyib. Milli Məclis rəhbərliyi isə onun bu arzusuna soyuq yanaşıb. 72 yaşlı Bəxtiyar Sadıqova könüllü şəkildə vəzifədən ayrılmaq təklif olunub. Baş redaktor Milli Məclisin bu təklifini hər dəfə qulaqardına vurub. Nəticədə həm özü, həm də rəhbərlik etdiyi kollektiv parlamentin “qara siyahı”sına düşüb.

Məlumatlı şəxs saytımıza bildirib ki, Milli Məclis rəhbərliyi B.Sadıqovdan qurtulmağın yeganə yolunu qəzetin bağlanmasında görüb. Onun sözlərinə görə, B.Sadıqov yaxın günlərdə vəzifəsindən istefa versə, “Azərbaycan”ın mövcudluğunu qorumaq mümkün olacaq. 

Parlament rəhbərliyinin B.Sadıqovun yerinə kifayət qədər gənc, intellektual və müasir jurnalistikanın sirlərinə yaxından bələd olan namizəd tapdığı bildirilir.  Yenisabah.az

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …