Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Manşet / Naxçıvan xanlarına “İrəvana xəyanət etdiniz” ittihamı – teleaparıcı Elçin Əlibəyliyə etiraz var…

Naxçıvan xanlarına “İrəvana xəyanət etdiniz” ittihamı – teleaparıcı Elçin Əlibəyliyə etiraz var…

Bu günlərdə daimi oxucularımızdan biri bizimlə əlaqə saxlayaraq bildirdi ki, “El bizim, sirr bizim” proqramının müəllifi Elçin Əlibəyli sözügedən verilişdə qədim Azərbaycan şəhəri İrəvanın Çar Rusiyası tərəfindən işğal edilməsi haqqında danışıb. Oxucunun verdiyi məlumata görə, E.Əlibəyli verilişdə deyib ki, İrəvan Naxçıvan xanı Kəlbəli xanın İrəvan xanı Hüseynəli xana xəyanəti  nəticəsində Çar Rusiyası tərəfindən qəsb edilib.

Məlum olduğu kimi, hər iki tarixi şəxsiyyət İrəvanın işğalından illər əvvəl dünyasını dəyişib. İrəvan xanı Hüseynəli xan Ziyadoğlu-Qacarın 1783-cü ilin 9 noyabr tarixində xəstələnərək dünyasını dəyişdiyi məlumdur, Kəlbalı xanın vəfatı haqqında isə mənbələrdə dəqiq məlumat yoxdur.   

Məlumat üçün bildirək ki, 1804-ü ildə general Sisianov, 1808-i ildə general Qudoviç İrəvan qalasını almağa cəhd ediblər, lakin buna müvəffəq olmayıblar. Nəhayət, 1826-1828-ci illər Rusiya-Qacar müharibəsi zamanı, daha dəqiqi, 1827-ci il oktyabrın 1-də rus generalı Paskeviçin komandanlığı altında rus qoşunları şəhəri işğal edib və “Türkmənçay” müqaviləsi ilə İrəvan şəhəri İrəvan xanlığının daxilində zorla Rusiyaya birləşdirilib.

E.Əlibəylinin bu məsələdə tarixi təhrif etməsi həqiqətən də təəccübümüzə səbəb oldu. Onunla əlaqə saxladıqda bildirdi ki, çıxışında konkret olaraq heç kəsin adını çəkməyib, tarixi sənədlərə istinadən İrəvan xanlığının Naxçıvan xanlarının xəyanəti nəticəsində rus işğalına məruz qaldığını deyib. “Naxçıvan xanı II Kəlbəli xan ruslarla ittifaqa girib və müvafiq şərtlər əsasında icazə verib ki, rus ordusu arxadan İrəvan qalasına hücum etsin. Fikir verin, ona görə də Kəlbəli xanın özü də general rütbəsi almışdı, ondan sonra bütün Naxçıvanskilər general rütbəsi alıb. İrəvan xanlığı arxadan zərbə gözləmirdi, həmin zərbə nəticəsində İrəvan qalası 1827-ci ildə çökdü. Bilmirəm, sonra İrəvan xanının aqibəti necə olub? Bir varianta görə, həmin döyüşdə onun özü də öldürülüb, digər məlumatda isə onlar qaça biliblər. İrəvan qalasının alınması zamanı orada çox qanlı döyüşlər gedib. Çar ordusu dəfələrlə qalaya girmək istəyib, lakin müqavimət nəticəsində girə bilməyib. Nəhayət, Paskeviç buna nail olub. Məhz Paskeviç Kəlbəli xanla danışıqlardan sonra arxa cinahdan hücuma keçə bilib və İrəvan qalasını zəbt edib. Mənim dediklərim yeni fikir deyil, bütün tarix kitablarında var. Bu, İrəvan xanlığı haqqında kitabda da yer alıb. Səhv etmirəmsə, bu kitabın müəllifi Urfan Əliyevdir. Mən həmin çıxışımda konkret olaraq heç bir xanın adını çəkməmişəm, xanlıqların adını çəkmişəm. Mən siyasi tarixdə baş verən hadisənin necə baş verdiyindən danışmışam. Azərbaycan xanları haqqında baş verənləri siz özünüz də yaxşı bilirsiniz. Cavad xanı da Qarabağ xanı tək qoyub. 

28 il İrəvan və Naxçıvan ruslara çox ciddi müqavimət göstərib. Mən “Türkmənçay” müqaviləsindən əvvəli danışıram. 1827-ci ildə İrəvan qalası alındı, 1828-ci ilin fevral ayında da “Türkmənçay” müqaviləsi bağlandı. Bununla da müharibə bitdi” – deyə E.Əlibəyli bildirdi.  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov isə “Bakı-Xəbər”ə bildirdi ki, çox zaman jurnalistlər, filoloqlar tarixi mövzulara baş vurur və tarixi hadisələri təhrif edirlər. C.Bəhramovun sözlərinə görə, Naxçıvan xanları heç bir vaxt İrəvan xanlığına xəyanət etməyib və İrəvan qalasının işğal edilməsində bu xanlığın heç bir nümayəndəsinin əli olmayıb. “İrəvan qalasının Naxçıvan xanlarının ruslarla sövdələşməsi nəticəsində işğal olunması iddiası həqiqətə uyğun deyil. Naxçıvan xanları İrəvan xanlarına heç vaxt xəyanət etməyib və bu barədə deyilənlər cəfəngiyyatdır. İrəvan qalası Naxçıvan xanlarının deyil, təbrizli axund Mir Fəttah Təbatəbainin satqınlığı nəticəsində ruslar tərəfindən işğal olunub. Təbatəbainin xəyanətindən sonra Paskeviç İrəvan qalasını işğal edib, sonra isə onlar Təbrizə daxil olublar. Təbatəbai qoşunun İrəvanı işğal etməsi üçün bütün sirləri ruslara satmışdı. O cümlədən də İrəvanın və Naxçıvanın tutulmasında həmin o xəyanətkarın əli olub. Sonra bu məsələni Abbas Mirzə bilib və 7 mart tarixində onu ölkədən qovub. O da Şimali Azərbaycana gəlib, buradan da onu I Nikolayın yanına aparıblar. O, I Nikolaydan 22 kənd, 4500 rubl həcmində təqaüd və mühafizəçi istəyib. Ona Şamaxıdan 6 kənd veriblər. Xəyanətkar Təbatəbainin, son 200 il ərzində Azərbaycana xəyanət edən bütün satqınların adlarını yazıb ölkənin hər yerində yaymaq lazımdır ki, xalq bu xəyanətkarların adlarını bilsin” – deyə C.Bəhramov bildirdi.

İradə SARIYEVA 

Həmçinin oxuyun

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Baku Electronics” MMC (VÖEN – …