Ana səhifə / Manşet / “Guya hakimiyyət bizim əlimizlə hansısa təxribatı törətmək istəyirmiş”

“Guya hakimiyyət bizim əlimizlə hansısa təxribatı törətmək istəyirmiş”

Milli Şura 2 noyabr mitinqini təxirə salıb. Bu barədə qurumun sədri Cəmil Həsənlı öz “Facebook” səhifəsində yazıb: “Dəyərli dostlar! Milli Şuranın rəhbərliyi mənim müraciətimi müzakirə edərək 2 noyabr mitinqinin təxirə salınması barədə qərar qəbul etmişdir. İndiki anda doğru saydığım bu qərara görə MŞ-nın rəhbərliyinə təşəkkür edirəm”.

Qeyd edək ki, ilk təklifi hazırda ABŞ-da olan Milli Şura sədri Cəmil Həsənli irəli sürüb. O, mitinq mövzusuna həsr etdiyi və “Facebook”da paylaşdığı yazısında bu təklifin mahiyyətini  izah edib. C.Həsənli Respublika Baş Prokurorluğu və DİN-in birgə bəyanatını xatırladaraq yazır: “Respublika Prokurorluğu və DİN bəyanat yayıb Milli Şuranı, xüsusilə də MŞ KM üzvü və AXCP sədri Əli Kərimlini hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda ittiham edib. Mitinqdə təxribat hazırlanacağı haqda məlumatlar hətta gəlib mənə də çatıb”.

Milli Şura sədri bütün bunları nəzərə alaraq, mitinqin təxirə salınmasını təklif edib: “Təklif edirəm ki, MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin. 2 noyabr mitinqini təxirə salaq, hərəkatımızın yeni dalğası hələ indi başlayır, əhalinin qorxudulmasına bəhanə verməyək”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də mitinqin təxirə salındığını təsdiqləyib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si, saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi idman klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. Bundan sonra DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq ediblər. Maraqlıdır ki, radikal müxalifət mitinqin təxirə salınmasının səbəbini hakimiyyət tərəfindən onlara qarşı təxribatların hazırlandığı ilə əsaslanadırmağa çalışır. Hətta bu məsələdə “Milli Fədailər” adlı hərəkatın adını hallandırırlar. Onlar bildirirlər ki, “Milli Fədailər”in rəhbəri Fuad Muradov açıq nömrə ilə Milli Şura rəhbərliyinə zəng edib, mitinqə çıxmamaqla bağlı hədə-qorxu gəlib. Hətta Fuad Muradovun açıq mətnlə Əli Kərimlini öldürə biləcəkləri ilə bağlı Gültəkin Hacıbəyliyə xəbərdarlıq etdiyi də deyilir. Ancaq hakimiyyətə yaxın olan və bir çox müstəqil ekspertlər qeyd edirlər ki, Milli Şura mitinqi biabır olmamaq səbəbindən təxirə salıb. Çünki onların lazımi elektoratı yoxdur. Bütün bu suallara aydınlıq gətirmək üçün “Milli Fədailər” hərəkatının lideri Fuad Muradovla söhbətləşdik.

  • Fuad Muradov: “Demişdim ki, onlar Əli Kərimliyə görə qanunsuzluq edib həbsə getməyə hazırdırlarsa, biz də İlham Əliyev və dövlətimizə görə onların qarşısını alıb həbsə getməyə hazırıq”

O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, adlarının bu cür məsələdə hallandırılması növbəti şər kampaniyasıdır: “Gültəkin Hacıbəyli bir Azərbaycan qadınıdır, niyə ağ yalan danışır? Bəli, mən Əli Kərimliyə, Cəmil Həsənliyə zəng vurmuşam. Ancaq onlarla danışa bilmədim. Adımı eşidən kimi telefonu bağladılar. Sonra Gültəkin Hacıbəyliyə zəng vurdum. Ona dedim ki, Əli  Kərimliyə mənim sözlərimi çatdırsın. Gültəkin Hacıbəyli isə danışığımızı təhrif edən tərzdə ictimailəşdirdi. Mən məcbur qalıb onunla aramızda olan səs yazısını paylaşdım. Bir daha sübut olundu ki, heç kim Əli Kərimlini ölümlə təhdid etməyib. Mən demişdim ki, onlar tərəfdarlarına qanunsuz çağırış edib, xaos yaratmaq istəsələr, qarşılarında bizi, dövləti canından da artıq sevən gəncləri görəcəklər. Demişdim ki, onlar Əli Kərimliyə görə qanunsuzluq edib həbsə getməyə hazırdırlarsa, biz də İlham Əliyev və dövlətimizə görə onların qarşısını alıb həbsə getməyə hazırıq. Bəyəm bu mövqe kimisə ölümlə hədələməkdir? Dövləti sevmək nə vaxtdan cinayət olub? Bəli, onların bütün təbliğat maşını mitinqin təxirə salınması səbəbini bizim adımızla bağlamaq istəyir. Guya hakimiyyət bizim əlimizlə hansısa təxribatı törətmək istəyirmiş. Heç bir təxribatdan söhbət gedə bilməz. Təxribatı onlar hazırlayırdı. Gördülər ki, adamları yoxdur, məcbur qalıb arxaya çəkildilər. Ötən aksiyaya siyasətdən anlayışı olmayan bəzi adamları cəlb edə bilmişdilər. Təsadüfi adamlar da gördülər ki, etdikləri əməl cinayətdir. Ona görə də belə aksiyalara dəstək verməməklə bağlı qərar verdilər. Biz yalnız adekvat cavablar verirdik. Onlar milləti meydana səslədilər, biz də tərəfdarlarımızı meydana səslədik. Niyə bundan qorxurlar ki? Fikir versəniz görərsiniz ki, bütün günü onların tərəfdarları bizi sosial şəbəkələrdə söyür, təhdid edir, hakimiyyətə gələcəkləri ilə hədələyirlər. Mən 2 noyabr aksiyasının təxirə salınmasını radikalların növbəti iflası sayıram. Biz bundan sonra da hər zaman dövlətimizin yanında olacağıq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Ecofront” Prezidentə müraciət edib: Qusarda meşə ərazisi məhv edilib, yerində evlər tikilir

“Biz qusarlı gənclər harda ev tikək?” Qusar rayonunda “Qusar meşəbəyliyi” deyilən ərazidəki ağacların kütləvi şəkildə …