Bazar ertəsi , May 13 2024
Ana səhifə / Kriminal / “Xankəndidə tezliklə “Bravo” tikiləcək?” yazan fəala 4 il iş verildi

“Xankəndidə tezliklə “Bravo” tikiləcək?” yazan fəala 4 il iş verildi

“Facebook” hesabında “Sual / nə qazandıq 24 saat 43 dəqiqəyə? Xankəndidə “Bravo” tezliklə tikiləcək, yoxsa yox?” yazandan bir gün sonra həbs edilən ictimai fəal Ruslan Vahabova 4 il həbs cəzası kəsilib.
“Azadlıq radiosu” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında çıxarılmış hökmdə iddia olunur ki, R.Vahabovun cibindən 6 qramdan çox narkotik tapılıb.
R.Vahabov deyir ki, narkotik ittihamı yalandır, onu şərləyiblər. Onun sözlərinə görə, tutulanadək heç narkotik görməyibmiş:
“Öz işimlə məşğul olan adam olmuşam, fəhləliklə ailəmi dolandırmışam. Kiməsə pislik eləməmişəm, şər atmamışam, mərdimazarlıq eləməmişəm. Mühafizəçi işləyirdim. 12 saat işdə olurdum. Qalan vaxtlarda da dolanışığa görə “Sədərək”də fəhləlik eləyirdim. İki azyaşlı övladım var. Mən narkotikin üzünü ilk dəfə polis bölməsində qabağıma qoyanda gördüm”.

“Ona görə adamı həbs eləməzlər”
R.Vahabovun sözlərinə görə, polislər onu elə fəhləlikdən qayıdanda tutublar. O, məhkəmədə son sözündə vurğulayıb ki, bir gün öncə “Facebook” hesabındakı paylaşımı tutulmağına səbəb olub:
“Mənim siyasi fəaliyyətim, iddiam yoxdur. Sosial şəbəkədə iki kəlmə söz yazmışam. Ona görə adamı həbs eləməzlər. Mən azərbaycanlıyam…”.
R. Vahabov məhkəmədə bildirib ki, sentyabrın 22-də saxlandıqdan sonra Nizami rayonu, 23-cü polis bölməsinə gətirilib və orada işgəncələrə məruz qalıb: “23-cü bölmədə saçımdan tutub yerdə sürüyürdülər…”.
İctimai fəal işgəncə və təhqirlərə dözməyib, narkotiki 100 manata alması haqda yalan ifadəyə imza atmağa məcbur qaldığını vurğulayıb.

Ruslan Vahabov

Ona Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham verilibmiş. Məhkəmədə də prokuror bu maddə ilə ona 6 il 6 ay həbs cəzası istəyib. Hakimlərsə ittihamı CM-in 234.1-1 maddəsinə dəyişiblər. Bu maddədə satış məqsədi olmadan külli miqdarda narkotikə görə 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Məhkəmə də ona 4 il cəza kəsib.
R.Vahabov Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) üzvudür. Təşkilat onun haqqında çıxarılmış hökmün əsassız və qanunsuz olması haqda bəyanat yayıb.

Xatırlatma
Ruslan Vahabov sentyabrın 21-də “Facebook” hesabında “Sual / nə qazandıq 24 saat 43 dəqiqəyə? Xankəndidə “Bravo” tezliklə tikiləcək, yoxsa yox?” məzmunlu status paylaşıb. Sentyabrın 22-də narkotik ittihamıyla saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti işgəncə iddialarını rədd edərək həbs olunanların konkret faktlara görə cinayət məsuliyyətinə cəlb edildiyini bildirib.

Məlumat üçün bildirək ki, “Azərbaycan Supermarket” MMC 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. “Bravo” supermarketləri ölkənin ən böyük şirkəti hesab olunan “Paşa Holdinq”ə bağlıdır.

Həmçinin oxuyun

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti …