Cümə axşamı , May 9 2024
Ana səhifə / Kriminal / Özünü “12-ci imam” adlandıran şəxs yenidən məhkəmə qarşısında

Özünü “12-ci imam” adlandıran şəxs yenidən məhkəmə qarşısında

Özünü “12-ci imam” kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses yanvarın 24-nə təyin edilib.


Şikayət hakim Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq.


A.Babayev barəsində bəraət hökmünün çıxarılmasını istəyir.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.


İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş “12-ci imam” kimi təqdim edib.


Təşkil etdiyi dini məclislərdə A.Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib.


Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.


Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. Topladığı vəsaitlər hesabına A.Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzəranını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.


A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Həmçinin oxuyun

“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq – Günahkarın cəzası niyə azaldıldı?

“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlunun evindən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Ruzan Cabbarovanın …