Ana səhifə / Kriminal / Fəraməz Maqsudovun evini alt-üst edənlər kimlərdir?

Fəraməz Maqsudovun evini alt-üst edənlər kimlərdir?

Mərhum akademik, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Fəraməz Maqsudovun ailəsinə məxsus olan və Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evdən oğurluq edilib.

Bu barədə “Qafqazinfo”ya Fəraməz Maqsudovun nəvəsi, akademikin sağ ikən övladlığa götürdüyü Boqdan Maqsudov məlumat verib.

O bildirib ki, hadisə bu il fevralın 25-də baş verib:

“Mərdəkan qəsəbəsi E.Telman küçəsindəki evimizə girən şəxslər pəncərənin dəmir barmaqlıqlarını qırıblar və evi tamamilə dağıdıblar. Biz saat 17 radələrində evə girəndə mənzilin alt-üst edildiyini gördük. Evdəki bütün mebellər dağıdılıb, büllur qab-qacaq, bir neçə qol saatı, antik əşyalar, elektronik avadanlıqlar, sənədlər, eləcə də bir neçə digər qiymətli əşya oğurlanıb”.

Boqdan Maqsudov qeyd edib ki, fevral ayı ərzində Mərdəkandakı bağ evinə getməyiblər. O, oğurluğun əvvəlcədən planlaşdırıldığını, hadisə yerinin yaxınlığında avtomobilin olduğunu ehtimal etdiyini bildirib: “Hadisənin baş verdiyi ev Xəzər Rayon Prokurorluğunun qarşısındadır, orada çoxlu kamera var. Biz dərhal polisə bu barədə məlumat verdik. Lakin oğurluğu edənlər hələ tutulmayıblar”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, həmin ünvandan məişət və mətbəx avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub:

“Həyata keçirilən tədbirlərlə oğurluq hadisəsini törədənin şəxsiyyəti müəyyən olunub. Araşdırmalar davam etdirilir”​.

Qeyd edək ki, Fəraməz Maqsudov ümummilli lider Heydər Əliyevin yaxın dostu olub. O, Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuş 91 nəfərdən biridir.

1997-ci ildə AMEA-nın prezidenti seçilən F.Maqsudov 2000-ci ildə xərçəng xəstəliyindən vəfat edib. 2001-ci ildə isə onun həyat yoldaşı və qızı yaşadıqları evdə güllələnərək qətlə yetiriliblər. Həmin cinayət hadisəsi hələ də müəmmalı olaraq qalır.

Fəraməz Maqsudovun oğlu olmadığından o qızının oğlu Boqdanı övladlığa götürübmüş.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …