Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Kriminal / Dəniz sahilində meyiti tapılan yaş yarımlıq uşağı atasının öldürdüyü bildirilir

Dəniz sahilində meyiti tapılan yaş yarımlıq uşağı atasının öldürdüyü bildirilir

“Soruşdum ki, Ahmet, uşağı hara aparırsan? Dedi ki, çöldə gəzdirirəm”

Martın 31-də Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəniz sahilində meyiti tapılan yaş yarımlıq qız uşağını atasının öldürdüyü iddia olunur.

Bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.

“Araşdırmalarla Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsində azyaşlı övladını suda boğaraq, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, – prokurorluqdan bildirilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan tutulub.

Uşağın ana nənəsi Azadə Abdullayeva jurnalistlərə açıqlamasında bildirib ki, Ahmet Turan uşağı aparanda anası hamamda olub:

“Soruşdum ki, Ahmet, uşağı hara aparırsan? Dedi ki, çöldə gəzdirirəm. Həmişə aparıb, mağazadan ona ayın-oyun alıb gətirirdi. Fikirləşdim ki, yəqin, yenə mağazaya aparır. Gözlədik, gəlmədi. Zəng eləyirik, telefonu açmır. Fikirləşdik ki, bəlkə, acıq eləyib, uşağı da dostugilə aparıb”.

Azadə Abdullayeva əlavə edib ki, ailədə problem olmayıb:

“Özünün başında nə var, nə işlə məşğuldur, onu bilmirik”.

Uşağın meyitini ərazidə vətəndaşlar görüb və hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Təqsirləndirilən Yeşil Ahmet Turanın qızını öldürməsi barədə ittihama münasibəti məlum deyil.

Həmçinin oxuyun

Azərbaycanlı vəkil həbs edildi – keçmiş prokurorun 10 il əvvəl etdiyi şikayəti əsasında

Azərbaycanlı vəkil və tanınmış hüquq müdafiəçisi Mustafa Türk Həmədani həbs edilib.Axar.az xəbər verir ki, bu barədə …