Cümə axşamı , May 9 2024
Ana səhifə / Kriminal / Azərbaycan gözəlini döyməkdə ittiham olunan şirkət rəhbəri sifarişlə həbs edildiyini deyir

Azərbaycan gözəlini döyməkdə ittiham olunan şirkət rəhbəri sifarişlə həbs edildiyini deyir

“Hər bir maddə üzrə təqsirsiz olduğumu təsdiqləyən kifayət qədər sübutlarım var”

2017-ci ildə Azərbaycan gözəli seçilmiş model, “Razi” kimi tanınan Raziyyat Əliyevanı döyməkdə, öldürməklə hədələməkdə, maşına ziyan vurmaqda ittiham olunan “PKF Audit Azerbaijan” şirkətinin rəhbəri Ziya Hüseynzadə özünü təqsirli bilmir. O, məhkəmədə bildirib ki, ona qarşı irəli sürülən ittihamların əsassızlığını, təqsirsiz olduğunu sübut edən yetərincə faktlar var.

1989-cu il təvəllüdlü Ziya Hüseynzadənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Siyavuş Hacıyevin sədrliyilə, Aytən Əliyeva və Vüqar Quliyevdən ibarət hakimlər kollegiyası baxır.
Razi Əliyevanın özüylə yanaşı, anası Xadijat Əliyeva və daha bir tanışları Gülnar İsayeva da zərərçəkmiş qismində tanınıb. Lakin onların heç biri məhkəməyə gəlmir.

Yanvarın 22-də məhkəmədə prokuror ittiham aktını elan edib. İttihamda göstərilib ki, Ziya Hüseynzadə sevgilisi Razi Əliyevanın ona xəyanət etməsindən şübhələnib. Bu səbəbdən aralarında mübahisələr yaranıb. Mübahisə zamanı Ziya Hüseynzadə Razi Əliyevanı döyüb, boğub, dişləyib və s. Bundan başqa, onun üstünə bıçaq çəkərək, öldürməklə hədələyib. İttihamda həmçinin yazılıb ki, Ziya Hüseynzadə Razi Əliyevanın yaşadığı evdə yox, anasıgildə olduğunu biləndə ora gələrək, qapını sındırıb, səs-küy salıb.

Ziya Hüseynzadəyə qarşı ittihamlardan biri də budur ki, birlikdə yaşadıqları dövrdə ona bahalı hədiyyələr aldığını, külli miqdarda pul xərclədiyini əsas gətirərək, sonradan 185 min manat dəyərində “Mercedes Gelandewagen” markalı avtomobili geri istəyib. Lakin o, verməkdən imtina edib. Razi Əliyevanın Türkiyəyə getdiyini biləndə isə evakuator xidmətiylə danışıb və həmin avtomobili olduğu yerdən götürüb gətirib, daha sonra sındırıb. İttihama əsasən, Ziya Hüseynzadə avtomobilə 94 min manatlıq ziyan vurub.

Ziya Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 133 (əzab vermə), 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 177 (oğurluq), 182 (hədə-qorxu ilə tələb etmə), 186 (özgənin əmlakına ziyan vurma və ya qəsdən məhv etmə) və 221-ci (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.
Prokurorun elan etdiyi ittihama münasibət bildirən Ziya Hüseynzadə deyib ki, özünü təqsirli bilmir:

“Heç bir maddə ilə özümü təqsirli bilmirəm. Hər bir maddə üzrə təqsirsiz olduğumu təsdiqləyən kifayət qədər sübutlarım var”.

Məhkəmədə ona ifadə vermək təklif olunsa da, Ziya Hüseynzadə əvvəl zərərçəkmiş qismində tanınan modelin özü, anası və daha bir yaxın adamının ifadə verməsini istəyib:

“Kimlər ki mənə bu ittihamları yapışdırıb, əvvəl onlar ifadə versinlər. Mən sonra ifadə verəcəm”.

Məhkəmənin hazırlıq iclasında Ziya Hüseynzadə sifarişlə həbs olunduğunu bildirmişdi.
Məhkəmə prosesi yanvarın 31-də davam edəcək.

Bu cinayət işi 2023-cü ilin iyununda sosial şəbəkələrdə Razi Əliyevanın döyülməsini əks etdirən videonun yayılmasından sonra başlayıb.

Model “İnstagram” hesabından yaydığı açıqlamada iddia edib ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib:

“Demək olar, bir il idi ki, mənə əzab verirdi. Tanımadığım nömrədən telefonuma gələn mesaja görə məni sutkalarla döyürdü. Gedirdi, mesajı yazanla görüşürdü, məsələni aydınlaşdırandan sonra gəlib mənə barışmaq üçün yalvarırdı. Məni evdə bağlayırdı ki, ondan qaçmayım. Sutkalarla döyürdü, bıçaqla işgəncə verirdi. Sonra da hərəkətsiz düşən bədənimi hamama sürüyüb qanı yuyurdu. Mən isə ondan qaça bilmirdim. Ondan qorxurdum. Qorxurdum ki, kimsə bu haqda öyrənər. Qorxurdum ki, anam bilsə, halı pisləşəcək.
O, gizli şəkildə başqası ilə nikaha girib, sonra üç dəfə mənə evlilik təklif edib. Sonuncu dəfə anamın yanına qaçmışdım, o isə gəlib qapımızı sındırdı. Gəlib, təhdid və şantaj edirdi ki, əgər geri qayıtmasam, məni biabır edəcək və bütün həyatımı korlayacaq. Mənim yerimə başqası olsaydı, çoxdan özünü asardı”.

Ziya Hüseynzadə isə ünvanına səslənən bu fikirləri təkzib edib. O vurğulayıb ki, haqqında yayılan iddiaların məqsədi ondan pul qoparmaq, özünü və ailəsini ləkələməkdir:

“Haqqımda yayılanların hamısı adıma və ailəmə ləkə salmaq, zorla pul tələb edilməsi üçün şər və böhtan, qarayaxma kampaniyasıdır. Sübutlarım var.
Mənə qarşı ittihamlar irəli sürən Razi Əliyevanın özünün insan alverində etirafı ilə bağlı videolar bundan öncə internetdə əksini tapıb. Bu səbəbdən də Razi Əliyeva özündən diqqəti yayındırır. İstəyir ki, onun qanunsuz hərəkətləri araşdırmadan yayındırılsın”.

Həmçinin oxuyun

“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq – Günahkarın cəzası niyə azaldıldı?

“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlunun evindən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Ruzan Cabbarovanın …