Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / “Azərbaycan Dövlət Dəmir Yolu” QSC-nin işçisinin tanışı ilə şok CİNAYƏTLƏRİ

“Azərbaycan Dövlət Dəmir Yolu” QSC-nin işçisinin tanışı ilə şok CİNAYƏTLƏRİ

“Azərbaycan Dövlət Dəmir Yolu” QSC-nin Lənkəran stansiyasında vaqon müayinəçisi işləmiş İlham Əskərov və Lənkəran şəhər sakini Əfqan Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, İlham Əskərov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə tiryəkin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilib, satılması barədə tanışı, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan şəxslərlə razılaşıb və  qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib.


Belə ki, İlham Əskərov bu məqsədlə 2 aprel 2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində olarkən cinayətkar qrupun həmin ölkədəki üzvünə təxminən 1 kiloqram tiryək almaq üçün 1800 manat məbləğində pul verib.


Cinayətkar qrupun həmin üzvü narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbycan Respublikasına keçirəcəyini bildirib və narkotik vasitəni qəbul etməsi üçün İlham Əskərovla Azərbaycan Respublikası ərazisində təyin olunan vaxtda və yerdə görüşmək barədə razılığa gəliblər.


İlham Əskərov istintaqla müəyyən edilməmiş vaxtda razılaşdıqları yerdə olmaqla İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda – 1210 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki cinayətkar qrupun digər üzvündə bir ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada qəbul etməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edib.


Daha sonra İlham Əskərov idarə etdiyi, özünə məxsus “Mercedes Benz E240” markalı, 42-CB-112 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 56 saylı evin yaxınlığına daşımaqla orada daşların altında gizlətməklə saxlayıb.


İlham Əskərov bundan sonra tanışı Əfqan Ağayev ilə 1 may 2019-cu il tarixdə Lənkəran şəhərində görüşərkən onda külli miqdarda, yəni bir kiloqramdan artıq çəkidə narkotik vasitə tiryək olduğunu və onu satmaq istədiyini bildirib.


Daha sonra onlar qeyd olunan narkotik vasitənin satılması barədə razılaşıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə giriblər.


Əfqan Ağayev mayın 2-də, günorta saatlarında Lənkəran şəhərinin girəcəyində İlham Əskərovla görüşərək ondan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-1210 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə edib, idarə etdiyi “VAZ-21063” markalı, 10-CZ-425 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayıb.


Bundan sonra Əfqan Ağayev müştəri axtararkən, mayın 3-də, səhər saatlarında yaşadığı evin yaxınlığında təsadüfən tanışı Saleh Cavadov ilə görüşərkən sonuncuya bir kiloqram çəkidə narkotik vasitə tiryəkin olduğunu və həmin narkotik vasitəni 7300 manata satmaq istədiyini bildirib.


Bundan sonra Saleh Cavadov bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinə məlumat verib.


Qeyd olunan şöbənin əməkdaşları tərəfindən mayın 3-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Əfqan Ağayev həmin gün saat 21 radələrində külli miqdarda 1210 qram çəkidə narkotik vasitə tiryəki tədbirdə şərti alıcı qismində iştirak edən Saleh Cavadova qanunsuz olaraq satmaq məqsədi ilə idarə etdiyi avtomobildə daşıyıb, Lənkəran-Lerik avtomobil yolunun Lerik rayonu ərazisindən keçən 27-ci kilometirliyində yerləşən “Təbəssüm” istirahət mərkəzinin yaxınlığına gətirib.


Saat 21.05-də orada Saleh Cavadova yaxınlaşıb narkotik vasitəni verib satmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıb. Narkotik vasitə ondan götürülüb.


İstintaq orqanı tərəfindən İlham Əskərovun barəsində Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığın törədilməsində iştirakçılıq), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan olunub.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Əskərov 8 il, Əfqan Ağayev isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Əfqan Ağayev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.


Digər təqsirləndirilən şəxs İlham Əskərov da apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.


Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.


Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.


Qərara görə, Əfqan Ağayevin şikayəti qismən təmin edilib, onun cəzası 7 ilə endirilib.


İlham Əskərovun apelyasiya şikayəti isə təmin olunmayıb.

Həmçinin oxuyun

“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti …