Ana səhifə / Kriminal / “12-ci İmam Mehdi”nin məhkəmə işi: prokurordan 13 il həbs cəzası tələbi

“12-ci İmam Mehdi”nin məhkəmə işi: prokurordan 13 il həbs cəzası tələbi

Özünü “zühur etmiş 12-ci İmam Mehdi” kimi təqdim edərək, zəkat, yardım adı altında illərlə adamlardan pullar toplayıb dələduzluq etməkdə ittiham olunan sahibkar Aqil Babayevin işi üzrə məhkəmə istintaqı tamamlanıb. Bu işə 1 il 3 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Oktyabrın 4-də keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan olunub və çıxışlar mərhələsi başlayıb. Prokuror çıxış edərək, Aqil Babayevin 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror bildirib ki, Aqil Babayevə qarşı ittiham – onun özünü zühur etmiş “12-ci İmam Mehdi” kimi təqdim edərək, insanları aldadıb, onların pullarını, əmlaklarını ələ keçirməsi məhkəmə istintaqı zamanı təsdiqini tapıb.

Məhkəmə prosesi oktyabrın 18-də vəkillərin çıxışıyla davam edəcək. Ardınca Aqil Babayev özü son sözünü deyəcək. Daha sonra hökm oxunacaq.

Aqil Babayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Lakin o, ittihamı qəbul etmir. Aqil Babayev bildirib ki, “Shaurma N1” restoranlar şəbəkəsinin şəriklərindən biri olub və oradakı payını, pullarını ələ keçirmək üçün absurd ittihamla həbs olunub.

Onun sözlərinə görə, 2021-ci il iyulun 8-də bağ evində bir qrup şəxs tərəfindən döyülüb, əl-qolunu bağlayıb, ondan pullarını və payını tələb ediblər. Daha sonra həmin şəxslər Əhmədli qəsəbəsində yerləşən evə gələrək, oradan təxminən 9 milyon manata yaxın pul və 2 milyon dəyəri olan qızıl külçələri götürüb aparıblar. Ertəsi gün Aqil Babayev baş verənlərlə əlaqədar polisə şikayət edib:

“Mənim şikayətimi araşdırmaq əvəzinə özüm haqqında absurd cinayət işi başladılar”.

Həmçinin oxuyun

“SOCAR-AQŞ”-nin keçmiş rəhbəri 16 milyonluq yeyinti ittihamı ilə məhkəmə qarşısına çıxır

“SOCAR-AQŞ”  MMC-nin keçmiş baş direktoru, 16 milyonluq mənimsəmədə ittiham olunan Ramin İsayev yaxın günlərdə məhkəmə …