Ana səhifə / Köşə Yazarları / Nədir 40 yaş?- Günel MÖVLUD

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma nifrət eləmirsən. Kin saxlamırsan. Mübahisə etmirsən.

Ömründən kimsə gedirsə, saxlamağa çalışmırsan. Kimsə gəlirsə, gülə-gülə qarşılayırsan. Bu üzüyolalığın zəifliyindən deyil, müdrikliyindən doğur. Bilirsən ki, müqavimətə, mübahisəyə, kinə xərcləmək üçün həyat çox qiymətlidir.

İllərlə yanında olan dostlarına bərk-bərk sarılırsan. Onların əvvəl səni incidən hoqqaları indi sənin əyləncənə çevrilir. Doğmalarına başqa gözlə baxırsan. İnciklikliklərini bağışlayırsan, əvvəlkindən daha çox əsirsən onların üstündə.

İllərlə küsülü olduğun hamı ilə barışırsan, bağışlayırsan, səndən inciyiblərsə, üz istəyirsən, qürurunu kənara atırsan, mənasız təkəbbürün tələsinə daha düşmürsən.

Bədəninə yaraşanı, səni gözəl göstərəni deyil, bədəninə rahat olanı geyinirsən. “Cool” kitabları, filmləri, musiqiləri deyil, ürəyini isidib, kefini açanları seçirsən.

Tez-tez uşaqlığına qayıdırsan. Sənin şəxsiyyət kimi özülünü qazanları, divarlarını kərpic-kərpic hörən insanları, hadisələri tapırsan, dəyərləndirirsən.

Hər şeyə, ətrafında hər şeyə yeni gözlərlə baxırsan. Dəyərləndirmə sistemin tamamilə dəyişir. Əvvəl insanları keçirdiyin qəddar vicdan, əxlaq, kreativlik, vaciblik süzgəclərindən deyil, bircə süzgəcdən keçirirsən – mərhəmət süzgəcindən.

40 yaşım olacaq on ay sonra. Mənə 20 yaşında olan Güneli, yoxsa 40 yaşında olan Güneli seçmə haqqı versələr, 40 yaşında olan özümü seçərəm. Yaşlanmağımın xoşuma gəlməyən tək tərəfi orqanizmin artıq yavaş-yavaş özünü buraxmağı, əvvəlik sağlamlığın zədələnmədiyidir. Mənəvi baxımdan isə 40 yaşım çox xoşuma gəlir.

Yaşadıqlarım, təcrübəm, yanlışlarım, dostlarım, sevdiklərim, doğmalarımla…nə yaxşı yaşamışam bu illəri.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …