Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Hakimiyyətə xəyanət edənləri mən tanıyıram… – Seymur Verdizadə

Hakimiyyətə xəyanət edənləri mən tanıyıram… – Seymur Verdizadə

“Söyüş müxalifəti”nin fəaliyyətini təqdir etmirəm. Bu adamların Azərbaycan xalqına heç bir faydası yoxdur. Cəmiyyət bunu dərk etdiyi üçün onların arxasınca getmir. Rəsmilərimiz tam arxayın ola bilərlər; Avropadakı mühacirlərdən onlara ziyan dəyməyəcək… 

Bəs, bu təlaşa, bu narahatlığa səbəb nədir? YAP icra katibinin müavini Siyavuş Novruzov eks-nazirlərə niyə barmaq silkələyir? Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Hadı Rəcəbli niyə əl-ayağa düşüb? Bu adamları “xəyanətkarlara” hədə-qorxu gəlməyə nə vadar edir? 
İnkar etməyin mənası yoxdur: son vaxtlar məmurların fəaliyyəti daha geniş kütlələri narazı salıb. Xalqla onu idarə edənlər arasında uçurum yaranıb. Heç kim sadə insanları dinləmək, onların problemlərini həll etmək istəmir. Danası oğurlanan adam da ölkə başçısından kömək istəyir. Telekanalların qarşısı şikayətçilərlə doludur. Əgər yaşadıqları rayonlarda onların səsini eşidən, dərdinə çarə qılan olsa, bir ətək pul töküb, Bakıya gəlməzlər… 
Ötən həftə Space TV-nin qarşısında Nazim Hacıyev adlı bir şəxslə tanış olmuşdum. Nazim kişi Zaqatala rayonundan gəlmişdi. Dedi ki, bacısı onun adına “ölüm kağızı” çıxararaq, atalarından qalan mülkü ələ keçirib. Nazim Hacıyevin Zaqatalada döymədiyi qapı qalmayıb. Əgər onu öz rayoninda dinləsəydilər, 6-7 saat vaxt sərf edib, Bakıya gəlməzdi. “Gəl dərdini danış” verilişinin səxavətli ekspertləri əllərini ciblərinə salmasaydılar, ağsaqqal Zaqatalaya qayıda bilməyəcəkdi. Zaqatalada məhkəmə yoxdur? Məhkəmə niyə ədaləti bərpa etmir? 
On beş – iyirmi gün əvvəl “Məmurlar gizlənqaç oynayır, vətəndaş qan ağlayır” adlı məqalə yazmışdım. Həmin yazıda Ağsu rayonu, Qaraqoyunlu kənd sakini Vəsilə Məmmədovanın üzləşdiyi problemdən söz açmışdım. Bu il fevral ayının 5-də Ağsuda baş verən zəlzələ zamanı Vəsilə xanımın evi qəzalı vəziyyətə düşsə də, heç kim ona kömək etmək istəmir. Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev zərərçəkənə üzünü bozardıb: “Mən sənə ev tikənəm?!” Get, Fövqəladə Hallar Nazirliyi sənə ev tiksin”. 
Bu problemə ayrıca yazı həsr etsəm də, Ağsu rayon İcra Hakimiyyətində heç kimin tükü tərpənmədi. Mən bu ölkədə ən çox oxunan beş-altı jurnalistdən biriyəm. Əgər icra başçısı Ənvər Seyidəliyev mənim sözümü bu qulağından alıb, o biri qulağından verirsə, sadə vətəndaşın durumunu özünüz təsəvvür edin. 
Həqiqətən də Ziya Məmmədov pis nazir idi. Onun qılıncının dalı da,, qabağı da kəsəndə, əleyhinə 22 məqalə yazmışam. İndi ki, Ziya Məmmədov nazir deyil. Mən niyə Qubaya 2 saata gedib, 4 saata qayıtmalıyam? Niyə Bakının mərkəzi küçələrində yollar ildə azı dörd dəfə qazılmalıdır? Harda yazılıb ki, gələn gedənin atasına rəhmət oxutmalıdır? Bizə sələflərinin yox, öz atasına rəhmət oxutduran nazir lazımdır… 
Bu yaxınlarda bir qohumum kəllə-beyin travması ilə el arasında “qəssabxana” kimi tanınan 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin səy göstərib-göstərmədiyini deyə bilmərəm, amma kişinin həyatını xilas etmək mümkün olmadı. Ara yerdə uşaqlarının 3 500 manatı getdi. Avropadakı mühacirlər həkimlərə deyirlər ki, Əzrayılla can çəkişən xəstənin yaxınlarından pul alsınlar? Siyavuş müəllimdən xahiş edirəm, arada dönüb Azırbaycana da baxsın… 
Xalqın səsini eşitmək, illərdən bəri üst-üstə qalaqlanmış problemləri həll etmık lazımdır. Orda-burda satqın axtarmağa ehtiyac yoxdur. Ən böyük xəyanətkar vətəndaşı saatlarla qapının ağzında gözlədən, onları adam yerinə qoymayan, dövlət büdcəsini dədələrinin əmlakı kimi talayan harınlamış məmurlardır. Onları düz yola dəvət etmək lazımdır…

Seymur Verdizadə

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …