Ana səhifə / Köşə Yazarları / Dedim ki, qızım, o axmaqdan sənə ər olmaz…

Dedim ki, qızım, o axmaqdan sənə ər olmaz…

Həmid müəllim cavan vaxtı yeyib-içən kişi olub. Yaşı 60-ı ötəndən sonra spirtli içkinin daşını atıb. O, min bir dərdin dərmanı olan pürrəngi çaya keçəndən sonra bizimki daha yaxşı tutur. Ayda ən azı bir dəfə məni yaşadığı qəsəbəyə – Bayıla kəklikotu çayı içməyə dəvət edir. Həmid müəllimin dadlı-duzlu söhbətləri adama ən azı çay qədər ləzzət elədiyi üçün heç vaxt onun sözünü yerə salmıram. Mən “Sahil” metrosunun yanında taksiyə oturanda, Həmid müəllimin işarəsi ilə Faiq kişi çayniki dəmə qoyur…

Ötən gün yenə çay qonaqlığına dəvət almışdım. “Sahil” metrosunun yanında 1 manatlıq taksiyə əyləşəndə gördüm ki, arxada 20-22 yaşlı gənc bir qız oturub. Həmid müəllimin hövsələsiz adam olduğunu nəzərə alıb üzümü sürücüyə tutdum: “Sür, gedək! Mən verəcəm”. 

Söz ağzımdan çıxmamış maşın yerindən tərpəndi… 

Aradan iki dəqiqə keçməmiş qız kiməsə zəng etdi: “Canım, taksiyə oturdum”. 

Danışdığı adam nə dedisə, belə cavab verdi: “Yoox, arxada iki nəfərik. Məndən başqa bir dayı da var…” 

Məsələ aydın idi. Qız sevdiyi oğlana zəng etmişdi. Zənnimdə yanılmadığıma sonrakı dialoqda əmin oldum. 

Oğlan yenə nəsə dedi. Qız əl-ayağa düşdü: “Ayıbdır axı! Mən necə deyim ki, sənə əl eləsin…”

Qabaqda əyləşən sərnişinin də, sürücünün də qulaqları arxada idi. Hamı səbirsizliklə bu söhbətin necə bitəcəyini gözləyirdi…

Birdən qız söhbətə ara verib mənə tərəf çevrildi: “Dayı, sizdən çox-çox üzr istəyirəm, nişanlım çox qısqancdır. Bilmək istəyir ki, yanımda əyləşən adam yaşlıdır, yoxsa cavan… İndi canlı zəng edəcək. Ona əl eləyə bilərsiniz?” 

Sizin başınıza belə iş gəlib? Gəlsəydi, nə edərdiniz? 

Məcbur qalıb razı oldum. Mən razılıq verəndə sanki dünyanı qıza verdilər…

Cəmi bir neçə saniyə sonra oğlan qıza görüntülü zəng elədi. İndi onların səsini maşında hamı eşidirdi: 

– Çevir görüm dayı kimdir? 

Qız əlləri əsə-əsə ekranı mənə tərəf çevirdi. 

Üzünü yaxşı görmədiyim və heç görmək istəmədiyim bir oğlan məni səslədi: 

– Salam ağsaqqal! 

Başımı tərpətməklə kifayətləndim. 

Qız dərhal ekranın istiqamətini dəyişdi. Amma onların söhbətini hamı eşidirdi: 

– Dayıdan soruş gör neçə yaşı var? 

Əsəblərim artıq tab gətirmirdi. Qıza ağzını açmağına imkan vermədim:

 – 99!

Qız tutuquşu kimi mənim dediklərimi təkrarladı. 

Qısa pauzadan sonra oğlan mədəniyyətsizliyini növbəti dəfə nümayiş etdirdi: 

– Yalan deyir, 99 olmaz! 

Yekəpər taksi sürücüsü arxaya çevrilib yoğun, zəhmli səsi ilə söhbətə müdaxilə etdi: “A bala, siz nə tərbiyəsiz uşaqlarsınız…” 

Qız dərhal telefonu söndürdü. Sonra dönə-dönə həm məndən, həm də sürücüdən üzr istədi. 

Ona əhəmiyyət vermədiyimi görəndə yazıq görkəm alıb titrək səslə belə dedi: “Dayı, mənə deməyə sözünüz yoxdur?” 

Səbr kasam daşmaq üzrəydi. Bayaqdan bəri ilk dəfə səsimi qaldırdım: “Var, qızım, var!” 

Kədərli çöhrəsi bir andaca işıqlandı. Sevincdən gözləri parıldadı: “Eşidirəm dayı!” 

Gedəcəyim ünvana artıq çatmışdıq. Sürücüyə 2 manat uzadıb üzümü ona çevirdim: “Ay qızım, o axmaqdan sənə ər olmaz!” 

Qız gözlərini qırpıb bu sözlərimin mənasını dərk etməyə çalışınca taksidən endim. 

Həmid müəllimin resepti ilə hazırlanan kəklikotu çayının qoxusu burnumu qıcıqlandırdı… 

Seymur VERDİZADƏ

Həmçinin oxuyun

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək …