Şənbə , May 11 2024
Ana səhifə / İqtisadiyyat / Qida Təhlükəsizliyi Agentliyi öz qanuni səlahiyyət və məsuliyyətini müəmmalı MMC-yə verir…

Qida Təhlükəsizliyi Agentliyi öz qanuni səlahiyyət və məsuliyyətini müəmmalı MMC-yə verir…

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzdində “Süfrə” MMC yaradılır. Bu barədə məlumatı Agentliyin sədri Qoşqar Təhməzli mətbuat konfransında verib.

Sədr qeyd edib ki, yeni yaradılmış qurum Azərbaycanda qida təhlükəsizliyi sahəsində tənzimləmə işlərinin həyata keçirilməsi ilə məşğul olacaq: “Həmin cəmiyyət ölkənin müxtəlif regionlarında bu il üçün nəzərdə tutulmuş təqribən 40 kəsim məntəqəsinin açılmasına xidmət edəcək, eyni zamanda müxtəlif dönər köşkləri və dönər satışı ilə məşğul olan müəssisələrin standartlarını nümayiş etdirəcək. Bir sözlə, bu sahədə müəyyən tənzimləmə işləri həyata keçirəcək”.

Qeyd edək ki, Qoşqar Təhməzlinin bu açıqlaması çox böyük narazılıqla qarşılanıb. Hətta sosial şəbəkələrdə dönərxanaları yoxlamaq üçün ayrıca MMC-nin yaradılmasını lağlağı obyektinə çevirənlər də olub. Qeyd edilir ki, onda kolbasa sexlərinə, şərab istehsalı müəssisələrinə və başqa sahələrin hər birinə nəzarət üçün ayrıca MMC yaradılmalıdır? Dövlət bu işi Qida Təhlükəsizliyi Agentliyi adda quruma həvalə edibsə, onlar niyə ayrı-ayrı sahələri MMC-lərə tapşırırlar?

Ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu xəbəri təəssüf hissi ilə qarşılayıb: “Nəyə görə, yaradılan dövlət qurumları öz üzərlərinə düşən ağır məsuliyyəti başqalarının üstünə atmaq istəyir? Gülünc doğuran məsələdir. Çünki Qida Təhlükəsizliyi Agentliyinə böyük səlahiyyətlər verilib. Onlar ölkənin ərzaq təhlükəsizliyinə cavabdeh olan vacib bir qurumdur. Ölkə daxilindəki ərzaq məhsullarının təhlükəsizliyinə birbaşa bu qurum baxır. Onda niyə belə vacib bir məsələni hansısa “Süfrə” MMC-yə aid edirlər? Agentlik çox müasir avadanlıqlar və laboratoriyalarla təchiz edilib. Həmin MMC gəlib laborator müayinələrini qurumda aparacaqsa və ona bu fəaliyyətinə görə pul ödənəcəksə, bu olacaq ikili xərc. İkinci və üçüncü dərəcəli qurumları qida təhlükəsizliyi strategiyasına şərik etmək lazımsız əməldir. Dövlət bu işin təşkili üçün milyonlarla vəsait xərcləyirsə, niyə həmin pullar hansısa MMC-yə getməlidir? Təəssüf ki, araşdırdıqda həmin MMC-lərin də elə dövlət qurumlarının rəhbərlərinə yaxın adamlara həvalə olunduğu üzə çıxır. Bəyəm, “Süfrə” MMC özünə əlavə laboratoriya yaradacaq? Ölkədə qida və spirtli içkilərin qəbulundan sonra zəhərlənmə nəticəsində baş verən  son ölüm hadisələri elə Qida Təhlükəsizliyi Agentliyinin işini səmərəli təşkil edə bilməməsinin səbəbindən olub. Belə MMC-lərin yaradılmasına heç bir zərurət görmürəm”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Azərbaycanın ən böyük neft yatağında hasilat 2,1 dəfə azaldı

2024-cü ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 31 milyon barel (4 milyon ton) və …