Özəl sektorun azad edilmiş torpaqlara investisiyaları azalıb
2025-ci ildə ölkədə əsas kapitala yönəldilmiş vəsaitlərin (investisiyaların) ümumi həcmi 21,2 milyard manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 5,6 faiz azalma deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, investisiyalar üzrə ən böyük azalma işğaldan azad olunmuş rayonlarda müşahidə olunub. Belə ki, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kapital qoyuluşu 2024-cü illə müqayisədə 22,1 faiz, Qarabağ iqtisadi rayonu üzrə isə 12,3 faiz azalıb. Hər iki iqtisadi rayon üzrə investisiyalar müvafiq olaraq 2,2 milyard və 2,8 milyard manat təşkil edib. Bununla belə, bu iqtisadi rayonlar ümumi kapital qoyuluşunda əsas paya sahibdirlər.
Bakı şəhəri üzrə də investisiyalarda azalma müşahidə olunub. Ötən il paytaxta yönəldilən əsas vəsait qoyuluşları 11,2 milyard manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 10 faiz azalma deməkdir. Buna baxmayaraq, ölkənin əsas investisiyası hələ də Bakının payına düşür.
MDB oyunlarına hazırlıq üçün çəkilən xərclər
Ötən il MDB oyunlarına ev sahibliyi edən Gəncə şəhərinin də investisiyalarının həcmi artıb. Belə ki, beynəlxalq oyunla əlaqədar Gəncənin infrastrukturunun yenidən qurulması və abadlaşdırılması üçün 513,7 milyon manat sərf olunub. Bu, 2024-cü illə müqayisədə 4,5 dəfə çoxdur.
Abşeron-Xızı iqtisadi rayonu üzrə investisiya həcmi 1,2 milyard manat olub və bu da əvvəlki illə müqayisədə 61,4 faiz artım deməkdir. Bu artım əsasən Xızı rayonuna yönəldilən xarici investisiyaların hesabına baş verib. Belə ki, Xızı rayonunda bütün mənbələr üzrə investisiyalar 11 dəfə artıb və burada əsas pay “ACWA Power” ərəb şirkəti tərəfindən həyata keçirilən 340 milyon dollarlıq külək elektrik stansiyası layihəsinə düşür.
Lənkəran-Astara iqtisadi rayonu üzrə əsas kapital qoyuluşu 73,1 faiz artaraq 293 milyon manat təşkil edib.
İşğaldan azad edilmiş torpaqlara özəl investisiyalar azalıb?
Ötən il işğaldan azad edilmiş ərazilərdə ümumi investisiya həcmi 5 milyard manatdan çox olub. Bu da 2024-cü illə müqayisədə 1 milyard manat azalma deməkdir.
Maliyyə Nazirliyinin məlumatına görə, bu rayonların yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən 4,4 milyard manat vəsait ayrılıb. Həmin vəsaitin 3,8 milyard manatı və ya 84,7 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 373,2 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 258,5 milyon manatı və ya 5,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 52,1 milyon manatı və ya 1,2 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşür.
Özəl şirkətlər tərəfindən həmin azad olunmuş torpaqlara yönəldilən investisiyaları həcmi təxminən 600 milyon manat olub. Qeyd edək ki, 2024-cü ildə bu rəqəm 1 milyard manatı keçmişdi. Həmin ilin dövlət büdcəsindən bu istiqamət üzrə 4,8 milyard manat vəsait xərclənmişdi. DSK məlumatına görə isə həmin il azad olunmuş torpaqlara 6 milyard manatlıq kapital qoyuluşu həyata keçirilmişdi. Beləliklə, qeyri-dövlət sektorundan sərf edilən vəsaitlər 1,2 milyard manata yaxın olub. Lakin ötən il bu sektor üzrə xərclərdə azalma müşahidə olunur. Beləliklə, özəl sektorun yatırımlarının azalması, bu rayonlara əsaslı vəsat qoyuluşlarının da kəskin azalmasına səbəb olub.
Digər tərəfdən, Laçın, Füzuli və Şuşa rayonlarına ayrılan xərclər yarıbayarı azalıb.
Belə ki, Laçın rayonunda 453 milyon, Füzuli rayonunda 275,3 milyon manat sərf olunub ki, bu da hər iki rayon üzrə 50,2 faiz azalma deməkdir. Şuşa şəhərində isə əsas kapital qoyuluşu 48,4 faiz azalaraq 382,9 milyon manat təşkil edib. Azalmaların səbəbi əsasən iri infrastruktur layihələrinin, xüsusilə yol, hava limanı kimi iri layihələrin 2021-2024-cü illərdə tamamlanması ilə bağlı ola bilər.
Ən böyük xərc ayrılan Kəlbəcər rayonu üzrə isə 2025-ci ildə 1 milyard manatdan çox vəsait yönəldilib ki, bu da əvvəlki illə müqayisədə 26,7 faiz azalma deməkdir. Meydan.tv