Sosial şəbəkədə biz:
Yaşayış evlərinin tikintisinə sərmayələr kəskin azalıb
Xəbər Şəkli

Yaşayış evlərinin tikintisinə sərmayələr kəskin azalıb

16 April 2026, 08:00
İqtisadiyyat

Bu ilin birinci rübündə yaşayış evlərinin tikintisinə yönəldilən investisiyaların həcmi kəskin azalıb. Belə görünür ki, mənzil-tikinti kooperativləri və şirkətlər bu sahəyə yeni maliyyə yatırmağa tələsmirlər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-fevral aylarında bu sektora 510,4 milyon manat kapital yönəldilib. 2025-ci ilin ilk rübündə isə bu göstərici 683 milyon manat təşkil edib.

Beləliklə, yaşayış evlərinin tikintisinə qoyulan investisiyalar 26,6 faiz azalıb.

Mənzil və ev tikintisi niyə azalıb?

Azərbaycanda mənzil və ev tikintisi ilə bağlı sonuncu belə azalma pandemiya dövründə qeydə alınıb. Həmin dövrdə bir çox tikinti şirkətləri fəaliyyətlərini müvəqqəti dayandırdı, bəziləri isə müflis olaraq bazarı tərk etmək məcburiyyətində qaldı. Bu da ümumi  investisiyaların həcminə təsir göstərdi. Məsələn, pandemiyadan əvvəl bu sektor üzrə investisiya portfeli təxminən 300 milyon manat civarında idisə, 2021-ci ildə bu göstərici 29 faizə qədər azaldı. Lakin sonrakı illərdə bazarın canlanması və işğaldan azad olunmuş ərazilərdə dövlət investisiyaları hesabına genişmiqyaslı yaşayış təyinatlı tikintilərin artması bu sahəyə yatırımların həcmini iki dəfəyə qədər yüksəltdi. Hətta 2025-ci ilin yanvar-mart aylarının göstəricilərinə nəzər yetirdikdə, artımın üç dəfəyə qədər çatdığı müşahidə olunur. İnvestisiyaların ümumi strukturunda yaşayış evlərinin payı da əhəmiyyətli dərəcədə artıb. Məsələn, 2024-cü ilin ilk rübündə bu sektora yönələn kapital ümumi investisiyaların 6 faizini təşkil etdiyi halda, 2025-ci ilin müvafiq dövründə bu göstərici 20 faizə qədər yüksəlib.

2026-cı ildən isə tendensiya azalma istiqamətində dəyişməyə başlayıb. Əslində, ötən ilin sonunda bir sıra ekspertlər bazarın doyduğunu və tələbatın zəiflədiyini qeyd edirdilər. Təhlillər göstərir ki, bazar ötən il kifayət qədər böyüsə də, müəyyən siqnallar trendin aşağı düşəcəyini əvvəlcədən göstərirdi.

Müqayisə üçün, Azərbaycan Mərkəzi Bankının “Maliyyə Sabitliyi 2025” hesabatında qeyd olunur ki, ötən il tikinti sektorunun yaratdığı əlavə dəyərdə cüzi azalma müşahidə edilib. Belə ki, 2025-ci ildə tikinti sektoru üzrə nominal ÜDM əvvəlki illə müqayisədə 0,4 faiz azalıb. Sektorun ÜDM-də payı isə 0,2 faiz bənd azalaraq 6,7 faizdən 6,5 faizə enib.

Mərkəzi Bankın proqnozuna görə, ölkədə həyata keçirilən tikinti-quruculuq işləri, eləcə də prezident sərəncamı əsasında sənədsiz evlərin sənədləşdirilməsi prosesinin davam etdirilməsi fonunda tikinti sektoru və daşınmaz əmlak bazarında aktivlik artacaq.

Bununla belə, 2025-ci ildə təkrar bazarda və ipoteka kreditlərinin artım tempində zəifləmə 2026-cı ilin yanvar-fevral aylarında da davam edib. Mərkəzi Bankın məlumatına əsasən, ipoteka kreditləri üzrə portfel cari ilin ilk iki ayında 0,2 faiz azalıb. Bu azalma əsasən kommersiya banklarının daxili kredit portfellərində müşahidə olunur.

Fevral ayında inşaat sektoruna yönəldilən kreditlərdə də durğunluq qeydə alınıb. İlk iki ayda bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərə verilən kreditlər 1,3 milyard manat təşkil edib və ilin əvvəlindən 0,3 faiz azalma özünü göstərib. Portfelin böyük qismini uzunmüddətli kreditlər təşkil edir.  Bu onu göstərir ki, 2026-cı ildə banklar bu sektora yeni vəsaitlər yönəltməyiblər.

Bundan əlavə, daşınmaz əmlak sektorunda hüquqi şəxslərə verilən kreditlər cari ilin ilk iki ayında 60 faiz artaraq 44 milyon manat təşkil edib. Lakin bu göstərici hələ ki 2023-cü ilin səviyyəsinə çatmayıb. Həmin il bu kredit portfelinin həcmi 268 milyon manat idi.

Mənzil bazarında tələbat azalır, torpaqların satış müddəti uzanır

Azərbaycan Qiymətləndiricilər Palatasının mart ayı üzrə “Əmlak İndeksi” hesabatında qeyd olunur ki, Bakı şəhərinin daşınmaz əmlak bazarında ümumi artım müşahidə edilsə də, bu artım müxtəlif seqmentlər üzrə fərqli intensivlik və likvidliklə müşayiət olunub. Mənzillərin dəyəri orta hesabla 5,5 faiz artıb.

Hesabata görə, torpaq bazarında likvidlik ən aşağı səviyyədə qalıb. Mart ayında 1 sot torpağın qiyməti 120-180 manat intervalında dəyişib. Qiymət artım tempi 9-11 faiz olsa da, satış müddəti 90–180 gün təşkil edir.

Bazara çıxarılan qiymətlə real satış qiyməti arasında 10-20 faiz fərq yaranır ki, bu kəskin diskont  alqı-satqı əməliyyatlarında çətinliklərin olduğunu göstərir. Yəni bəzi hallarda torpaq ilkin təklif qiymətində bahalaşma özünü göstərsə də, alqı-satqı zamanı 20 faizə qədər ucuzlaşdırılır. Satış müddətinin uzun olması və yüksək diskont torpaq bazarında likvidliyin aşağı olmasından xəbər verir.

Daşınmaz əmlak sahəsi üzrə ekspertlər hesab edirlər ki, bu azalma əsasən müvəqqəti xarakter daşıyır. Onların fikrincə, bazarda tələbat tam yox olmayıb, sadəcə qiymət və təklif balansına görə zəifləyib. Qiymətlər artmaqda davam etsə də, artım tempi yavaşıyıb. Onların fikrincə, işğaldan azad olunmuş ərazilərin bərpası və Bakının Baş Planı ilə bağlı söküntü işləri bazarda tələbatı yenidən artıra bilər.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc yerli mediaya müsahibəsində 2026-cı ilin xərclərin optimallaşdırılması ili olacağını və yeni yanaşma metodlarının tətbiq ediləcəyini bildirib. O qeyd edib ki, bu amillər daşınmaz əmlak bazarına birbaşa təsir göstərəcək.