Azərbaycan Neft Fondu Çin və İndoneziya ilə birgə platforma yaratdı
Azərbaycan Dövlət Neft Fondu (ADNF), Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu birgə "Galaxy Orientis" Çin–ASEAN İnvestisiya Platformasını (CAIP) təsis ediblər.
Bu barədə ADNF aprelin 15-də məlumat yayıb.
Vurğulandığına görə, platforma Çin ilə ASEAN regionu arasında kapital axınlarını stimullaşdırmaq və sənaye əməkdaşlığını gücləndirmək məqsədilə üç suveren fondun birgə idarəetmə mexanizmi əsasında fəaliyyət göstərəcək.
Açıqlamaya görə, ilkin mərhələdə platformaya 520 milyon ABŞ dolları cəlb olunub, ümumi hədəf həcmi isə 1 milyard ABŞ dolları müəyyən edilib.
Proqramın baş tərəfdaşı "China Galaxy Securities" şirkətidir.
Fondun yaradılması ilə bağlı sənədlərin imzalanma mərasimi iki gün öncə, aprelin 13-də Pekində keçirilib.
Bugünlərdə iqtisadiyyat naziri Mikayıl Cabbarov da demişdi ki, Azərbaycan İnvestisiya Holdinqi və Çinin İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması imkanları nəzərdən keçirilir.